Məhərrəmova T.
Mədəni nifaq
Aktrisa Şəfəq
Əliyeva sənətkarlara fərqli diqqət
göstərilməsinin bu cür xoşagəlməz
nəticə ilə sonuclanmasından narahatdır
Gənc
Tamaşaçılar Teatrı təmir dövrünü
yaşayır. Təmirdə olan bütün teatrlarda
olduğu kimi bu kollektivdə də bir süstlük,
həvəssizlik hiss olunur. Düzdür, hazırda
müvəqqəti olaraq Səttərxan adına
Mədəniyyət Sarayında çalışan kollektivin
üzvləri iş qrafikinə əməl edirlər. Yəni
işə gedib-gəlir, səhnə tapanda repertuardakı
köhnə tamaşaları təqdim edir, plana uyğun olaraq
premyera da keçirirlər. Ancaq kollektivin cavanından
tutmuş yaşlı nəsil nümayəndələrinə
qədər hamı doğma teatr binasının
təmirdən çıxacağı günü
səbirsizliklə gözləyir. Deyirlər ki, onda
işə yeni bir həvəslə başlayacaqlar.
Teatrın
tanınmış aktrisası Şəfəq Əliyeva da
həmişə yeni iş olanda danışmağa daha
çox sözü olduğunu bildirir.
- Siz sonuncu dəfə
Hüseynbala Mirələmovun "Yaddaş
ağrısı" əsəri əsasında hazırlanan
tamaşada baş rolda səhnəyə
çıxmısınız. Bu tamaşadan sonra sizə yeni
rol həvalə edilməyib?
- Demək olar ki, o
vaxtdan bəri mənə yeni rol həvalə edilməyib.
Köhnə repertuardakı rollarımla səhnəyə
çıxıram. Neçə illərdir ki, teatrda rollar
oynayıram. Ancaq aktrisa hər tamaşa və ya hər
reyissorla söz deyə bilmir. Aktyor oyunu, reyissor işi,
rəssam və musiqi tərtibatı - bütün
komponentlər vəhdət təşkil etməlidir ki,
uğur qazanasan. Ən əsası, aktyor üçün
material olmalıdır. Bu rola qədər çoxdan idi ki,
tamaşalarda əsas rollardan birini oynamırdım.
Düzdür, əvvəllər baş rollarım olub.
Sonrakı illərdə isə orta səviyyəli rollar
oynayırdım.
- Bildiyimcə,
görkəmli reyissor Ədil İsgəndərovun sonuncu
tələbələrindənsiz. Həmin kursun sizə
aşıladığı hansı keyfiyyətlərdir ki, bu
gün onlardan yararlana bilirsiniz?
- İlk
növbədə təcrübədir. Mən xoşbəxt
tələbəyəm ki, Ədil İsgəndərov kimi
böyük bir sənətkarın kursunu bitirmişəm.
Onda artıq Ədil müəllim kinostudiyada da
işləmirdi, teatrlarda da quruluş vermirdi. Ona görə
özünü bütünlüklə bizim kursa həsr
eləmişdi. O, dörd il sərasər dərsə
gəldi. Boş buraxdığı bir dərs də
olmadı. Ədil İsgəndərovun məktəbi
Stanislavskinin məktəbidir. "Yaddaş
ağrısı"nın ictimai baxışında kurs
yoldaşım Səidə Quliyeva məni qucaqlayıb
"Şəfəq, sən sübut elədin ki, Stanislavski
məktəbi böyük məktəbdir" - deyə
ürək sözlərini söylədi. Mən o
təəssüratlardan çıxa bilmərəm. Mən
heç vaxt Ana obrazını oynamamışdım.
Oynadığım uşaq və müxtəlif heyvan
obrazları idi. Bilirsiniz ki, bizim əsas işimiz gündüz
tamaşalarıdır. Deyilənə görə, həmin
tamaşa mənə çox böyük
müvəffəqiyyət gətirib. Buna görə Bəhram
Osmanova minnətdaram ki, mənə inanıb rol verdi.
- Sizcə aktrisanın
istedadı mütləq ürəyincə olan bir tamaşada
üzə çıxmalıdır?
- Bu, reyissordan və
aktyorun özündən asılıdır. Obraz üçün material yoxdursa,
orda nə isə demək çətindir. Misal üçün, ildə aktyor 1-2 tamaşa təhvil verir. Heç kəs gəlib demir ki, Şəfəq
bu tamaşada pis idi. Ancaq
özün hiss edirsən
ki, bu, sıravi bir tamaşadır. "Yaddaş ağrısı"
isə tamam başqa idi.
- Deyə bilərsinizmi, sıravi tamaşalar ömrünüzdən
nə aparır?
- İllərimi aparır... Hərdən öz-özümə "Bu sənəti düzgün
seçmişəmmi?"-deyə sual verirəm. Mən, ümumiyyətlə, ağlayan
insan deyiləm, optimistəm. Ancaq hərdən sıravi tamaşalar məcbur edir ki, pessimizmə
qapılım və sabahkı günümü
gözləyim: olacaqmı,
yoxsa yox. "Yaddaş ağrısı"
isə məni özümə qaytardı.
Mənə gecə-gündüz məşq etmək eneryisi bəxş elədi. Ancaq teatr təmirdə
olduğu üçün
müəyyən məhdudiyyətlər
yaranıb.
- Belə demək olarmı ki, çalışdığınız
teatr bu tamaşaya qədər Ədil İsgəndərov
kimi bir sənətkarın kursunu
bitirən tələbənin
istedad və potensialını tam üzə
çıxara bilməmişdi?
- Bu sözü mənə deyənlər
olmuşdu. Bu tamaşadan
sonra çox adam təəccüblənmişdi.
Deyirlər ki, rolun yox, aktyorun böyük-kiçiyi
olur. Ancaq elə deyil.
Deməli, rolun böyük
olmağı da aktyorun taleyində rol oynayır. Baş rolu oynamaq çox
çətindir. Çünki o rolu həm yerə
vura, həm də qaldıra bilərsən. Aktyoru yoxlamaq
istəyirsənsə, ona
baş rolu ver. Düzdür, teatr truppasında 60-dan artıq aktyor var. Hamısına baş rolu necə versinlər? Ona da razıyıq ki, heç olmasa, 5 ildən bir də olsa belə
bir obraz versinlər.
- Uşaq tamaşalarında oynadıqdan
sonra Azərbaycan üçün ağrılı
bir problemdən bəhs edən belə bir tamaşada
səhnəyə çıxmaq
çoxmu çətin
idi?
- Heç bir çətinliyi yoxdur. Çünki uşaq tamaşalarında
əhval-ruhiyyəni uşaqlardan
alır, özün də uşaqlaşırsan.
Elə bil zalda oturan
uşaqların yaşıdı
olursan. Çalışırsan ki, səhnədə
baş verənlər
onlara aydın olsun. Ancaq böyüklər belə deyil. Onlar çox tələbkardırlar.
- Auditoriya sizi həmişə razı salırmı?
- Mən həmişə auditoriyadan
razı qalıram. Stanislavski deyir ki,
tamaşaçı ilə
səhnə arasında
dördüncü divar
olmalıdır. İkinci premyerada
məndə həmin dördüncü divarı
qırmaq imkanı vardı. Zaldan replikaları eşidirdim.
Birinci hissədə tələbələr
gəlmişdi, onlar yerli-yersiz replikalar atırdılar. Mən əhəmiyyət
vermirdim. Ancaq antraktdan
sonra çox sevindim. Əgər cavanların xoşuna
gəlmirdisə, niyə
qaldılar? Hamısı çıxıb gedə bilərdi. Demək nəsə onları
cəlb elədi.
Vaqif İbrahimoğlunun
bir cümləsi həmişə yadımdadır:
zalda tamaşaya baxan 100 nəfərdən,
antraktdan sonra 50 nəfər qalırsa - bax, odur bizim
tamaşaçı.
- Tələbə
olduğunuz illərdə
Azərbaycan teatrı
demək olar ki, intibah dövrünü
yaşayırdı. Siz də
onda sənətə böyük arzularla gəlmişdiniz. Nəyə
nail oldunuz?
- Düzdür, arzularla gəlmişdim. Özümə hesabat verəndə
görürəm ki, bu illər ərzində
çox şeyə
nail olmuşam. Tələbə vaxtı deyirdim ki, ailə quracağam
- mənim ailəm, uşaqlarım olacaq, həm də teatrda işləyəcəyəm.
Məgər bu qələbə
deyil? Özünüz bilirsiniz ki,
bizim sənətdə
ailə qurmaq, övlad, nəvə sahibi olmaq çox
çətindir. Bu xoşbəxtliyi Allah mənə
nəsib edib. Mən çox yaxşı ana və nənəyəm.
Hamıya da vaxt tapıram. Hərdənbir səhnədə sözümü də deyə bilirəm. Düzdür,
tələbə vaxtı
tamam başqa arzularım vardı.
O arzular "Azdrama"nın səhnəsində
yerinə yetə bilərdi. Gənc Tamaşaçılar Teatrının ampluası
başqadır. Bu teatra görə arzularımın hamısı
çin çıxıb.
Hələ bundan sonra gözləyirəm...
Məndə ikinci nəfəs
açılıb. İndi mənim
məşqlərdə evə
tələsməmək üçün
daha çox imkanım var. Çünki
uşaqlarım - oğlum
da, qızım da ailə sahibidir.
İndi daha çox vaxtım var. Bir neçə yerdə işləyirəm. Dublyay redaksiyasında
çalışıram, reklamlara
çəkilirəm. Mən o yerlərə teatrı qorumaq üçün qaçıram. Çünki o işlər məni maddi cəhətdən teatr üçün saxlayır. Mən şikayət eləmirəm.
Teatrdan uzaqlaşmamaq xətrinə
3-4 yerə qaçırıq.
Teatrın maaşı çox
azdır.
- Daha böyük arzularınızı
gerçəkləşdirmək üçün niyə
"Azdrama"nın səhnəsinə can atmadınız?
- Çünki mənim fakturam bura üçündür.
Onu yaxşı bilirdim. Həm də həyat yoldaşım bu teatrda işləyirdi.
- Sizi daxilən hansı səpkili rollar cəlb edir?
- Dramatik rollar... Ancaq nədənsə məni bu teatrda
komediya yanrında görmürlər. Mənsə özümü
bu yanrda görürəm. Çünki həyatda yumor hissi çox yüksək olan insanam. Bunu mənə yaxınlarım
da deyib ki, adam
sənin yanında olanda bütün problemlərini unudur. Amma teatrda rollarım hamısı dramatik plandadır.
- İndi
oynadığınız obrazlar
qalereyasına nəzər
salanda sonuncu tamaşanızdakı Fərqan
rolunu birinci planda görürsünüz?
- Yox, onu heç vaxt birinci edə
bilmərəm. Çünki ilk rolum "Sən neyçin yaşayırsan?"
tamaşasında Leyla
rolu olub. O tamaşanı da çox sevirəm. Deyə bilmərəm, bu axırıncıdır. Axırıncı
olmasın!
- Səhnədə gənclik
illəri ilə müqayisədə sizinçün
dəyişən nədir?
- Onda təcrübəsiz idim. İndi daha çox cəsarətli olmuşam.
Cəsarət özü
də səhnədə
böyük rol oynayır. Bunu illər keçə-keçə daha çox hiss edirsən.
- 25 ildən çox can qoyduğunuz səhnədə çatmaq
istədiyiniz daha hansı arzular var?
- Yenə Qarabağ mövzusunda tamaşalarda oynamaq istərdim. Elə bil ki, insanlar
get-gedə bu ağrını unudur. Biz də sözümüzü
səhnədən deməliyik.
Gücümüz ancaq buna çatır. Əgər zala
gələn 400 adamın
250-sində o hissləri oyada
bilsək, bu bizim qələbəmizdir.
Ona görə indiki vaxtda hələ komediya ilə söz deyə bilmərəm. Komediya oynayanlarımız
onsuz da çoxdur. Televiziya kanallarının hamısı şou-proqramlarıdır.
Hərdən heç adamın
gülməyi də gəlmir. Arzum yalnız uğurlu
tamaşalar oynamaqdır.
Çiçəklərlə dolu premyeralar olsun! Teatrların təmiri tezliklə
başa çatsın.
Bütün incəsənət adamları, xüsusən aktyorların maddi vəziyyətləri yaxşı
olsun. Bu iş prosesimizə də böyük kömək olar. Bir qisim aktyorlara
mükafatlar verilib, bir çoxu baxa-baxa qalıb. Elə bil aktyorlar arasında
mədəni nifaq düşüb. Onların hamısına
eyni maddi diqqət olsa, yaxşı olar.
Kaspi.- 2007.- 28 dekabr.-
S. 16.