Qocayeva A.
Sənətkar ömrü
Hacıbaba Bağırov - 75
Əgər yaşasaydı, sənətsevərləri, dostlarını başına toplayaraq fərəhlə, iftixarla 75 yaşını qeyd edəcəkdi. Əgər yaşasaydı, yarandığı vaxtdan bu günəcən bir dəfə də olsun öz yubileyini qeyd etməyən Musiqili Komediya Teatrının 100 illik yubileyində səhnə dolu gülüşlə iştirak edəcəkdi. Əgər yaşasaydı, hələ bundan sonra yaradacağı neçə-neçə obrazla öz tamaşaçılarına həmişə olduğu kimi bol-bol gülüş, sevinc bəxş edəcəkdi. Əgər yaşasaydı...
Ömür vəfa etmədi böyük gülüş ustası,
xalq artisti Hacıbaba Bağırova.
H.Bağırov 1932-ci ildə
Bakıda doğulmuşdu.
Tale onu valideynsiz qoyaraq nənəsinin ağuşuna
atmışdı. Orta
məktəbə yaşıdı
Rüfətin (Rüfət
Əhmədzadənin) həvəsinə
gedib. Uşaqlıqdan
aktyorluğa meyil göstərən Hacıbaba
müharibədən sonra
Ağadadaş Qurbanovun
dram dərnəyinə
yazılıb. Tanınmış sənətkar Əjdər
Sultanovdan gülüş
mədəniyyətinin sirlərini
öyrənib, xalq gülüşünün ilk obrazı olan Kosa ilə tanış
olub. 15 yaşlı Hacıbabanın Kosa rolunu bəyənən rejissor Adil İsgəndərov
onu Dram Teatrının nəzdində
fəaliyyət göstərən 3 illik teatr kursuna dəvət
edib. Aktyorluq fəaliyyətinə Dram Teatrının səhnəsində
oynanılan "Dərin
köklər" tamaşasındakı
bircə cümləlik
rolu ilə başlayıb. Professional səhnəyə
1949-cu ildə Lənkəran
teatrında qədəm
qoyub. 1951-ci ildə
Dəmir yolu məktəbini bitirib.
19 yaşında məktəbin dram dərnəyinə
yazılıb və İmamverdi Bağırovun
rəhbərliyi altında
sonralar şah rolu hesab etdiyi
Məşədi İbadı
oynayıb. Tale elə gətirir ki, Musiqili Komediya
Teatrında uzun illər İmamverdi Bağırovla tərəf-müqabil
olur. Dəmir yolu məktəbində
Səyavuş Aslanla dostlaşır və onlar əl-ələ verərək yarım əsrdən artıq tamaşaçılara gülüş
bəxş edirlər.
H.Bağırov 1960-cı ildə Gəncə Dram Teatrında bir sıra yaddaqalan obrazlar yaradır. 1962-ci ildə Musiqili Komediya Teatrına gəlir. Kinoda, televiziya tamaşalarında
və teatrda bənzərsiz obrazlar qalereyası yaradaraq əbədi tamaşaçı
sevgisi qazanır.
Gülüş ustasının səhnəyə
hər bir gəlişi tamaşaçı
üçün toy-bayrama
çevrilirdi. Güldürə-güldürə düşünməyə, düşünə-düşünə nəticə çıxarmağa
sövq edirdi tamaşaçını. Dahilərimizdən birinin dediyi
"Gülüşdən böyük tərbiyə
vasitəsi yoxdur" fikri H.Bağırovun sənət meyarı idi. Aktyor güldürə-güldürə
tərbiyə edirdi, kimə gülürük,
nəyə gülürük
və niyə gülürük sualları
ətrafında tamaşaçını
düşünməyə vadar edirdi. Sənətkar yaratdığı hər bir rola
öz möhürünü
vururdu. "Ulduz"da
Möhsün, "Olmadı
elə, oldu belə"də Dayandur,
"Sevindik qız axtarır"da Sevindik,
"Həmişəxanım"da Cəmi Cüməzadə,
"Milyonçunun dilənçi
oğlu"nda milis rəisi, "Hardasan, ay subaylıq"da Novruzəli,
"Qayınana"da İlqar,
“Sonqulunun məhəbbəti”ndə
Sonqulu və digər rolları H.Bağırovun yaradıcılığında
öz bənzərsiz
ifasını tapmışdı.
1988-ci ildə
teatrdan getməli olan sənətkar "Tənqid-təbliğ" teatrını
yaradır. Sonra yenidən Musiqili
Komediya Teatrına qayıdan Hacıbaba müəllim ömrünün
sonuna kimi bu məbədə rəhbərlik etmişdir.
H.Bağırov teatra rəhbərlik etdiyi dövrdə gənclərə xüsusi
diqqət və qayğı ilə yanaşmış, onların
inkişafı, roldan-rola
püxtələşmələri və tanınmaları üçün əlindən
gələni əsirgəməmişdir. O, gənc
aktyorları özü
ilə bərabər səhnəyə çıxararaq
sanki tamaşaçılara
təqdim edir, tanıtdırırdı. Məhz buna
görə onun rəhbərliyi dövründə
gənc aktyorların teatra axını başlamışdı.
Gülüş ustası novator bir insan idi. Onun rəhbərlik
etdiyi teatrda apardığı islahatlar
bu məbədin inkişafına, gənc aktyor nəslinin yetişməsinə və
qoyulan tamaşaların
daha mükəmməl
alınmasına yönəldilmişdi.
Ustad sənətkarın gülüşü
mənalı, estetik, tərbiyəedici, insanları
saflaşdıran gülüş
idi. Bu gülüşdə
kədər qarışıq
bir nur da
vardı.
H.Bağırov səmimi aktyor idi. Səmimiyyət səhnə ilə
salon, aktyorla-tamaşaçı arasındakı bütün
sədləri aradan götürən başlıca
meyardır. Gülüş ustasını tamaşaçıya
sevdirən cəhətlərdən
biri də məhz onun səmimi olması idi.
H.Bağırovun yaradıcılığı teatr
tarixini zənginləşdirmişdir. Onun mədəniyyət
sahəsindəki fəaliyyəti
dövlətimiz tərəfindən
daim yüksək qiymətləndirilmiş, bir
sıra mükafatlara,
şəxsən mədəniyyətimizin
qayğıkeşi Heydər
Əliyevin təqdimatı
ilə "Şöhrət"
ordeninə layiq görülmüşdür.
H.Bağırov əvəzolunmaz sənətkarlarımızdan
biri idi. Onun dünyasını
dəyişməsi ilə
teatr aləmi çox şey itirdi. O, Bəşir
Səfəroğlu və
Lütfəli Abdullayev
məktəbini görmüş,
onlardan öyrənmiş
və öz məktəbini yaratmış
görkəmli teatr xadimi idi. Uzun illər
fəaliyyət göstərdiyi
və ömrünün
sonuna kimi rəhbərlik etdiyi Musiqili Komediya Teatrında onun yeri daim görünür.
Yüksək gülüş mədəniyyətindən
söz düşəndə,
dərhal Hacıbaba Bağırovun sənəti
xatırlanır.
H.Bağırovun sənəti və şəxsiyyəti haqqında
R.Səməndər "Ömrün
60 pərdəsi" və
N.Şəmsizadə "Hıçqıran
gülüşlər" kitablarını yazmışlar. Lakin bu böyük gülüş
ustasının ecazkar
sənəti və şəxsiyyəti haqqında
nə qədər kitab yazılsa, yenə də azdır. Çünki Hacıbaba müəllim
Azərbaycan gülüş
mədəniyyəti tarixində
heç kimə bənzəməyən, heç
kəsi təkrarlamayan
yeni yol, yeni cığır açmışdır.
Dekabrın 25-də Mədəniyyət Nazirliyi
Musiqili Komediya Teatrında gülüş
ustasının 75 illik
yubileyini qeyd edəcəkdir. Lakin Hacıbaba Bağırovsuz...
Bu yubileyə sənət yoldaşları,
sevimli tamaşaçıları
sevinc qarışıq
bir kədərlə hazırlaşırlar.
Görkəmli sənətkarımız,
əvəzsiz gülüş
ustası H.Bağırovun
böyük sənəti
Azərbaycan teatr tarixində və yarım əsrdən artıq bol-bol gülüş, təbəssüm
bəxş etdiyi tamaşaçılarının qəlbində daim yaşayacaqdır.
İki sahil.- 2007.- 20 dekabr.- S. 6.