Əfəndiyev T.
Mədəniyyətimizin
böyük himayədarı
Müstəqil
Azərbaycanımızın qurucusu olan ümummilli lider
Heydər Əliyevin əziz xatirəsi bu giin hər birimizin
qəlbində yaşayır. Bu dahi şəxsiyyət
Azərbaycana rəhbərlik etdiyi bütün
dövrlərdə mədəniyyətimizin, milli-mənəvi
dəyərlərimizin himayədarı olmuşdur. Heydər
Əliyevin xalqımızın qocaman tarixini, dahi
şəxsiyyətlərimizi qiymətləndirib üzə
çıxarması istiqamətində göstərdiyi
ardıcıl səylər misilsizdir və bunları unutmaq
ən azı nankorluq olardı.
Ulu öndər
hələ 1969-cu ildən başlayaraq hakimiyyətə
gəldiyi dövrdən bu missiyanı həyata
keçirməyə başlayıb. Respublikaya
rəhbərliyə başladığı ilk
günlərdən aydın oldu ki, onun simasında
Azərbaycan xalqı əsl milli liderini tapmışdır.
Respublikaya rəhbərlik etməyə başlamasından iki
ay keçməmiş, 1969-cu ilin oktyabr ayının 10-da Bakıda
görkəmli Azərbaycan dramaturqu Cəfər
Cabbarlının anadan olmasının 70 illiyinə həsr
edilmiş təntənəli yığıncaq keçirildi.
Az sonra dahi ədibin yubileyi o zamankı SSRİ səviyyəsində,
incəsənət nümayəndələrimizin böyük
bir dəstəsinin iştirakı ilə Moskvada, İttifaqlar
Evinin Sütunlu salonunda təşkil olundu. Bakının
mərkəzində ölməz dramaturqun
möhtəşəm abidəsi ucaldıldı.
"Azərbaycanfilm" kinostudiyasının
qarşısında dramaturqun büstü qoyuldu.
1974-cü ildə
Azərbaycan teatrının 100 illik yubileyində Heydər
Əliyevin çıxışı, onun Şərqdə ilk
peşəkar teatrın inkişaf yolları, xalq
kütlələrinə təsiri barədə
söylədiklərini kim unudar! Az sonra Azərbaycan
teatrının görkəmli nümayəndələrinə
yüksək dövlət mükafatları verildi. Mehdi
Məmmədov, İsmayıl Osmanlı, İsmayıl
Dağıstanlı SSRİ xalq artisti fəxri adına layiq
görüldülər.
1977-ci ildə
görkəmli opera müğənnisi Şövkət
Məmmədovanın 80 illik yubileyinin qeyd edilməsi, 1978-ci
ildə Qara Qarayevin anadan olmasının 60 illiyi
münasibəti ilə keçirilən təntənəli
yığıncaq, 1980-ci ildə Hüseyn Cavidin 100 illiyinin
qeyd olunması barədə qərarın qəbul edilməsi,
elə həmin il Nizami Gəncəvinin 840 illik yubileyinin,
Nəsrəddin Tusinin 780 illiyinin, Abdulla Şaiqin 100 illiyinin qeyd
edilməsi şəxsən Heydər Əliyevin gərgin
əməyinin, israrlı göstərişlərinin, o
zamankı mərkəzi hökumət dairələrinin
qarşısında qoyduğu daşdan keçən arqumentlərin
sayəsində mümkün olmuşdu. Bunu yalnız
Azərbaycanı sonsuz məhəbbətlə sevən, ona
əsl övladlıq sədaqəti ilə xidmət edən
Heydər Əliyev kimi dahi şəxsiyyət həyata
keçirə bilirdi.
Bu dövrdə məhz
onun qayğısı və himayədarlığı
nəticəsində Azərbaycan ədəbiyyatında,
musiqisində, teatr və kino sənətində
yaradıcılıq baxımından, milli-mənəvi
özünüdərk baxımından böyük inkişaf
mərhələsi yaşandı. Respublikamızın onlarla
rayonunda dövlət teatrları açıldı.
Neçə-neçə böyük
sənətkarlarımız o dövrün ən yüksək
mükafatlarına layiq görüldülər. Məhz bu
dövrdə bədii ədəbiyyatımızda,
incəsənətimizdə və ictimai elmimizdə Azərbaycan
xalqının möhtəşəm tarixi, demokratik və
müstəqillik arzuları, imperiyaya qarşı etiraz
notları özünə yer ala bildi. Beynəlxalq
aləmdə Azərbaycan adlı respublika tanınmağa
başladı.
Bütün bunlar ulu
öndərimizin apardığı siyasətin ana xəttini
təşkil edirdi. Onun respublikaya rəhbərlik etdiyi
bütün dövrlərdə hər bir istedadlı
sənət adamı daim ölkə
başçısının qayğısını öz
üzərində hiss edirdi. Bu böyük siyasətçi
yaxşı bilirdi ki, böyük mənəvi
dəyərləri, ədəbiyyatı, incəsənəti
olmayan xalqın gələcək taleyi uğurlu ola bilməz.
Və ona görə
də bu nəhəng şəxsiyyət öz siyasətinin
başlıca istiqamətlərindən birini də bu
sahəyə yönəltmişdi. 1982-ci ildə böyük
şair və dramaturqumuz, sovet repressiyalarının qurbanı
olmuş Hüseyn Cavidin nəşinin uzaq Sibirdən
Azərbaycana gətirilməsinə nail olmasını isə,
o zaman üçün əsl milli qəhrəmanlıq saymaq
olar.
Heydər Əliyev
Azərbaycan təhsilinə böyük diqqət yetirirdi. Ulu
öndərimiz gözəl bilirdi ki, xalqımızın
gələcək inkişafı, müstəqilliyinin dönməzliyi
yetişməkdə olan gənclikdən çox
asılıdır. Təsadüfı deyil ki, 70-ci illərdən
başlayaraq hər il Azərbaycandan yüzlərlə
gənc keçmiş SSRİ-nin elitar ali təhsil
müəssisələrinə göndərilirdi və bu da
sonradan öz gözəl bəhrəsini verməyə
başladı. Biz bu gün bunu aydın hiss edirik. Bu
dövrdə respublikamızda həyatın bütün
sahələrini əhatə edən yeni ixtisaslar açılmışdır.
Neçə-neçə yeni məktəblər
yaradılmışdır.
Hələ o dövrdə
Heydər Əliyev Azərbaycanın gələcək
müstəqilliyini görüb hiss edirdi. Və bilirdi ki,
müstəqil respublikanın güclü hərbi
qüvvələri olmalıdır. Buna görə də o,
çox çalışaraq Azərbaycanda Naxçıvanski
adına Hərbi Məktəb, Ali Hərbi Dənizçilik
Məktəbi açılmasına müvəffəq oldu.
Heydər Əliyev
nəinki Azərbaycana rəhbərlik etdiyi illərdə,
həmçinin Moskvada yüksək postda
çalışarkən də Azərbaycanın ali təhsil
müəssisələrini unutmur, o zamankı SSRİ-nin ali
təhsil ocaqlarında azərbaycanlı alim və
tələbələrin yerləşdirilməsinə
çalışırdı. Moskva Dövlət Universitetinin
rektoru Viktor Sadoviniçinin xatirələrindən bəlli
olur ki, Heydər Əliyev Siyasi Büronun üzvü
olarkən kuratorluq etdiyi sahələrdən biri də bu
nüfuzlu ali təhsil ocağı olmuşdur. Universitetin
rektoru minnətdarlıq hissi ilə qeyd edir ki, əgər
Heydər Əliyevin dəstəyi olmasaydı, universitetdə elm,
təhsil çətin ki, belə yüksək
səviyyəyə çata bilərdi. Heydər Əliyev
Azərbaycan gənclərinin də bu universitetdə təhsil
almalarına, gənc alimlərin yetişməsinə imkan
yaradırdı. O, həmin dövrdəki fəaliyyəti
ilə xalqımızın, mədəniyyətimizin, elmimizin,
təhsilimizin inkişafında çox böyük rol
oynamışdır.
Ölkəmiz
istiqlaliyyət əldə etdikdən sonra
müstəqilliyimizin böyük təhlükə
qarşısında olduğunu hiss edən Azərbaycan
xalqı yenə də Heydər Əliyev
şəxsiyyətinə müraciət etdi. Minlərlə
ziyalılarımız başa düşürdü ki, xalqı
bu bəladan qurtarmaq üçün böyük
siyasətçiyə, qüdrətli şəxsiyyətə
ehtiyac vardır. Heydər Əliyev xalqın bu müraciətini
qəbul edərək Bakıya qayıtdı. Bu sadə bir
qayıdış deyildi. Bu qayıdış milləti bəladan
qurtarmaq üçün, dövlətçiliyi qurmaq
üçün və nəhayət, müstəqilliyimizi
qorumaq üçün lazım olan bir qayıdış idi. Və bu qayıdış respublikamızın
sonrakı inkişaf mərhələlərində
özünü doğrultdu. Ümidsizliyə
qapılmış, ziyalılarımızın, sənət
adamlarımızın, alim və
yazıçılarımızın gözlərinə
işıq gəldi,
özlərinə qayıda bildilər.
Ulu öndərimizin
rəhbərliyi ilə ölkəmizdə başqa
sahələrlə yanaşı mədəniyyət,
incəsənət, idman geniş vüsət almağa,
inkişaf etməyə başladı. Hələ
çox-çox illər bu böyük şəxsiyyətin
fəaliyyəti tədqiq olunacaq, onıın qoyduğu
dövlətçilik ənənələri qorunub
saxlanılacaqdır.
Xalq qəzeti.- 2007.- 12 dekabr.- S. 4.