Əliyeva N.

 

Heydər Əliyev Azərbaycan mədəniyyətinin və milli mənəvi dəyərlərimizin böyük himayədarı, misilsiz təbliğatçısı idi

 

Mən Heydər Əliyevin türk xalqlarının mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin təbliğinə bu dərəcədə dəstək verməsini görəndə çox maraqlandım. Onun həmin xəzinəyə dərindən bələd olmasını görəndə isə marağım heyrətə çevrildi. Axı o, on illər boyu türkçülüyə və islamçılığa yad olan bir dövlətin ən yüksək vəzifəli siyasətçilərindən olmuşdu... Heydər Əliyev türk tarixinin fenomenal şəxsiyyətlərindəndir.
İhsan DOĞRAMACI
tanınmış ictimai xadim
Bir dəfə görkəmli yazıçı, tanınmış ictimai-siyasi xadim İsmayıl Şıxlının stolunun üstündə dəftər vərəqi boyda, ağ-qara çəkilmiş bir fotoşəkil gördüm.
Yazıçı şəklə sükutlu bir maraq və diqqətlə baxırdı. O diqqət elə yalnız İsmayıl müəllimdə ola bilərdi. Mən də diqqətlə baxdım. Şəklin aşağısında yazılmışdı: “Heydər Əliyev Şuşada M.P.Vaqifin abidəsi önündə”. Diqqət yetirəndə yazıçının adi bir fotoşəklə nə üçün bu qədər maraqla, düşüncələrlə baxdığının səbəbini anladım. Heydər Əliyev Vaqifin abidəsi önündə dayanmışdı. Abidə-şairin nəzərləri ona ehtirama gələn dövlət xadiminə elə dikilmişdi ki, sanki hər ikisi bu susmaqla danışırdılar. Fotoqraf, sözün həqiqi mənasında, çox incə bir məqamı tutmuşdu. İsmayıl müəllim mənim də diqqətlə baxdığımı görüb dedi: “Heydər Əliyev Azərbaycan mədəniyyətinin, xüsusilə, ədəbiyyatımızın çox böyük təəssübkeşidir”. Etiraf edim ki, İsmayıl müəllim vəzifə sahibləri, hökumət adamları, siyasətçilər barədə tərifli söz deməkdə nəinki SSRİ-nin, bəlkə də dünyanın ən “xəsis” yazıçılarından idi. Amma... dedi.
Sonralar ulu öndərimizin həmin keyfiyyəti barədə dəqiq qiymətləndirmələri xalqımızın bütün dünyada tanınmış görkəmli sənətkarı Niyazidən, xalq şairi Bəxtiyar Vahabzadədən və ən nəhayət bu yazının əvvəlində sitat gətirdiyimiz dünya şöhrətli ictimai xadim İhsan Doğramacıdan eşitdim. Professor Doğramacı Heydər Əliyevin mədəniyyətə, tarixə, milli-mənəvi dəyərlərə ehtiramını və bələd olduğunu dilə gətirərkən ulu öndərimizin həmin keyfiyyətinin miqyasını daha da böyüdür, onun təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının böyük oğlu olduğunu dilə gətirirdi. Heydər Əliyev bu qiyməti öz həyatı və fəaliyyəti ilə qazanmışdı. Mən burada bilərəkdən “öz fəaliyyəti ilə” deyil, “həyat və fəaliyyəti ilə” yazıram. Çünki Heydər Əliyevin təkcə fəaliyyəti deyil, həyatı da Azərbaycan xalqına, tariximizin dəqiq öyrənilib yazılmasına, ədəbiyyatımızın əsaslı tədqiqinə və təbliğinə, mədəniyyətimizin qorunmasına və inkişaf etdirilməsinə, milli-mənəvi dəyərlərin mühafizəsinə və təhriflərdən xilas edilməsinə həsr edilmişdi. Mən bir dəfə bu məsələdən məhz bu şəkildə danışanda siyasətçilərdən biri etiraz etdi ki, yox, Heydər Əliyevin ən böyük xidməti dünya şöhrətli siyasətçi kimi ötən əsrin 70-80-ci illərində Azərbaycanı misilsiz bir inkişaf yoluna çıxarması, 90-cı illərdə isə milli dövlətçiliyimizi məhv olmaqdan xilas etməsidir. Mənim siyasətçi opponentimə cavabım çox qısa idi: “Heydər Əliyev təkcə siyasətçi yox, həm də görkəmli dövlət xadimi olduğuna görə, uzun illər dövlət başçısı vəzifəsində çalışdığına görə yuxarıda qeyd etdiyimiz keyfiyyətlər onun həyatının mənalarından birinə çevrilmişdi”.
Ulu öndərin həyatının mənasına çevrilən həmin fəaliyyət sahəsinin bəzi məqamlarını yada salaq. Əlbəttə, bu mövzuda qələmə alınan yazılarda formalaşmış ənənəni biz də davam etdirərək, əvvəlcə Heydər Əliyevin 1969-82-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrü yada salaq. İnsan yaranandan bu günə kimi olan bütün tarixi əhatə edən Azərbaycan ərazisi çox müxtəlif şaxəli tarix və mədəniyyət abidələri ilə zəngindir. Ümummilli liderimizin təbirincə, bu abidələr xalqın ruhunu özündə əks etdirən tarixdir, onun keçmişinin və müasir dövrünün salnaməsidir, ulularımızın böyük əməyinin təcəssümüdür. Eyni zamanda, abidələr xalqın müxtəlif inkişaf mərhələlərində onun mənəvi səviyyəsinin təzahürüdür. Bütün bunları bu şəkildə dəyərləndirən Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq partiyanın qarşıya qoyduğu kolxoz-sovxoz, təsərrüfat, sənaye məsələləri ilə eyni zamanda millətin tarixinin və mədəniyyətinin öyrənilməsinə, tədqiqinə, inkişafına və təbliğinə böyük önəm verməyə başladı.
Qeyd edək ki, Azərbaycanda təxminən 9 minə yaxın tarix və mədəniyyət abidəsi mövcuddur. Həmin abidələrin mühafizə olunub gələcək nəsillərə çatdırılmasında ən böyük işlər məhz 1969-82-ci illərdə görülmüşdür. Həmin illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq, Qəbələ Dövlət Tarix-Bədii, Lahıc Dövlət Tarix-Mədəniyyət və başqa qoruqlar, muzeylər yaradılmışdı. Məlum məsələdir ki, həmin illərdə abidələrin mühafizəsi, bərpası və istifadəsi Mədəniyyət Nazirliyinin Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və İstifadəsi Baş İdarəsi tərəfindən həyata keçirilirdi. Bu idarənin ölkə ərazisindəki minlərlə abidənin mühafizəsini təşkil etməkdə çətinlik çəkdiyini görən Heydər Əliyev müttəfiq respublikalar arasında ilk dəfə (və sonuncu olaraq) Azərbaycanda Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin yaradılmasına nail oldu. 1969-82-ci illərdə Azərbaycanda 52 memarlıq abidəsində və bir çox dini ibadət yerlərində bərpa işləri aparıldı, 650-dən çox tarixi və mədəniyyət abidəsinin vahid şəkildə yüksək səviyyəli pasportu hazırlandı. Qobustan Arxeoloji Qoruğunda, “Atəşgah” məbədində, Əmircan məscidində və Təzəpirdə geniş miqyaslı bərpa işləri aparıldı. İçərişəhərin ilkin görkəminə qaytarılması üçün “Bərpaçı” Elm-İstehsalat Birliyi yaradıldı. Qədim Karvansara və digər tikililər torpağın altından çıxarılıb bərpa olundu.
“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir” — deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, 70-ci illərdə Məşədi Əzizbəyovun, Nəriman Nərimanovun, Qəzənfər Musabəyovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının — əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.
Sonralar Heydər Əliyev 70-ci illəri yada salaraq deyirdi:
“Biz 1973-cü ildə böyük şairimiz İmadəddin Nəsiminin 600 illik yubileyini yüksək səviyyədə qeyd etdik. Adını əbədiləşdirməkdən ötrü Bakının mərkəzi küçələrindən birində Nəsiminin heykəlini ucaltdıq, rayonlardan birinə, bir sıra kolxoz və sovxozlara, institut və məktəblərə, küçələrə onun adını verdik. Açığını deyim ki, Nəsiminin məzarını da Azərbaycanda ziyarət etmək arzum olub. Mən Suriya səfərimdə — Hələb şəhərində Nəsiminin məzarını ziyarət etdim, onun nəslindən olan adamlarla görüşdüm. Düzü, Nəsiminin məzarının yaxşı səviyyədə saxlanması, mühafizə olunması məni bu fikrimdən daşındırdı.
Xalqımın mənəvi pasportu olan Nizamiyə gəlincə isə, biz onun irsinin öyrənilib tədqiq edilməsi, 840 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi, elmə və xalqa m
əlum olmayan əsərlərinin axtarılıb tapılması üçün dövlət səviyyəli qərarlar qəbul etmişdik"...
Ulu öndər mədəniyyətin digər sahələri kimi teatra da böyük diqqət və maraq göstərirdi. Onun tövsiyə və tapşırıqları, eləcə də şəxsi nəzarəti altında respublikanın əkasər rayon və şəhərlərində müxtəlif teatrlar açılmış, həmin teatrların əksəriyyəti üçün yeni binalar tikilmişdi. Maraqlı cəhət o idi ki, təsərrüfat-sənaye işlərinin başdan aşdığı 70-ci illərdə Heydər Əliyev tez-tez teatr tamaşalarına gedir, incəsənət xadimləri ilə görüşür, dövlət məmurlarının da dövri olaraq teatra-konsertə getməsini tələb edirdi. Ölkədə çox yüksək bir mədəni ab-hava yaranmışdı. 1974-cü ilin iyun ayında Azərbaycan Dövlət Dram Teatrının 100 illik yubiley mərasimində çıxış edən ulu öndər demişdi:
“...Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq ideyalarının carçısına çevrildi, köhn
ə dünyanı dağıdıb alt-üst etməkdə mühüm rol oynadı. O zamanın qatı qaranlığını yararaq parlaq gələcəyə yol açan, insanların şüurunu, qəlbini oyadan, onları azadlıq, səadət naminə hünərlər göstərməyə ruhlandıran bir məşəl idi.
Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov ilk dərin şırım açaraq Azərbaycan teatr sənətinin toxumunu səpmiş, onun cücərtilərini köhnə dövrün şiddətli qasırğalarından hifz edib qorumuşdular".
1970-82-ci illərdə Heydər Əliyev Azərbaycan mədəniyyət və elm xadimlərinin 10-dan çox nümayəndəsinə Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə nail oldu.
Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan övladları həmin böyük ada məhz Heydər Əliyevin sayəsində layiq görülmüşdülər. Doğrudur, onlar həqiqətən bu ada layiq idilər. Ancaq həmin illərdə Kremldə bir çox siyasətçilər türk övladlarının o qədər də irəli getməsini istəmirdilər. Ona görə də ən yüksək ada layiq olan sənətkarlarımız belə diqqətdən kənarda qalırdı. Heydər Əliyevin qüdrəti də məhz həmin diqqətdən kənarda qalan soydaşlarımızın diqqət mərkəzinə gətirilməsi idi. Məhz həmin qüdrətin nəticəsi idi ki, xalqımızın görkəmli mədəniyyət xadimlərindən Mehdi Məmmədov, Müslüm Maqomayev, Soltan Hacıbəyov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Rauf Hacıyev, Zeynəb Xanlarova, Fidan Qasımova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov və Arif Məlikov kimi sənət ulduzları SSRİ xalq artisti, Tahir Salahov isə SSRİ xalq rəssamı fəxri adına layiq görülmüşdü.
Mənim yaxşı yadımdadır, ulu öndərimiz hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə azərbaycançılıq ideyasına b
öyük önəm verir, dünyanın hər yerində olan soydaşlarımızla əlaqələr qurulmasına çalışır, xüsusən, Cənub mövzusunun gündəlikdən düşməsinə yol vermirdi. Məhz həmin istəyin nəticəsi idi ki, 70-ci illərdə Bakıda yaşayan cənublu şair və yazıçıların yaradıcılığına yüksək qiymət verilirdi. O illərdə ulu öndərin təklifi ilə Balaş Azəroğlu Yazıçılar İttifaqının katibi seçilmiş, ona Azərbaycanın xalq şairi fəxri adı verilmişdi. Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir, Hökumə Billuri kimi qələm sahiblərinin yaradıcılığının geniş şəkildə təbliğ olunması üçün xüsusi göstərişlər verilmişdi.
Kinematoqrafiya, xalçaçılıq, rəngkarlıq, dekorativ-tətbiqi sənət, heykəltaraşlıq — ümumiyyətlə, mədəniyyət və incəsənətin elə bir sahəsi yox idi ki, Heydər Əliyevin qayğısı ilə əhatə olunmasın. O, gah yazıçıların qurultayında iştirak edir, bəstəkarların yaradıcılıq gecəsinə gəlir, gah heykəltaraşlardan hansınınsa emalatxanasına gedir, gah da mədəniyyət və incəsənət xadimlərinə orden və medallar verirdi. Ən çox sevdiyi iş isə teatr tamaşasından və ya konsertdən sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb hal-əhval tutaraq, ifasına qiymət verməsi idi. SSRİ xalq artisti Zeynəb Xanlarova Heydər Əliyevin həmin addımları barədə deyirdi: “Mən elə bilirdim ki, Heydər Əliyev yalnız Azərbaycan musiqisini dərindən bildiyinə görə bizim ifamızı düzgün qiymətləndirir. Sonralar onun Azərbaycana qastrola gəlmiş əcnəbi incəsənət ustalarının ifasına qiymət verməsini görəndə isə düşündüm ki, Heydər müəllim, ümumiyyətlə, incəsənətin xiridarıdır”. SSRİ xalq artisti Müslüm Maqomayev isə həmin məqamı başqa cür ifadə etmişdi: “Heydər Əliyeviç bizim ifamızı bizdən yaxşı duyur”. Əlbəttə, bütün bunlar böyük dövlət xadiminə Tanrının verdiyi yüksək keyfiyyətlər idi. Ancaq aqillər deyiblər ki, Tanrı hamıya istedad və qabiliyyət vermişdir. Həmin istedad və bacarığı hərtərəfli şəkildə inkişaf etdirib cəmiyyətin sərvətinə çevirmək isə hamıya müyəssər olmur. Bunun öhdəsindən ancaq Heydər Əliyev kimi fenomenal şəxsiyyət gələ bilərdi.
Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və milli-mənəvi dəyərlərimizə misilsiz himayədarlıq etməsinin ikinci mərhələsi onun 1993-cü ilin yayında ölkə rəhbərliyinə ikinci dəfə qayıdışından sonra başlandı. Bu mərhələ barədə söz açmazdan əvvəl qeyd edək ki, ulu öndərin 1969-82-ci illərdə Azərbaycanda yaratdığı bütün ənənələr kimi mədəniyyətə dövlət qayğısı da sonralar yaddan çıxmış, bu sahə demək olar ki, unudulmuşdu. Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy ölkəyə rəhbərlik etdikləri dövrdə öz hakimiyyətlərini qorumaqdan başqa heç nə düşünə bilmirdilər. Ona görə də bütöv xalq, o cümlədən də elm, incəsənət, mədəniyyət xadimləri Heydər Əliyevin siyasi olimpə qayıdışını çox böyük səbirsizliklə gözləyirdi. Hələ 1992-ci ilin yanvarında ulu öndərin Naxçıvandakı otağında olan tribun şairimiz Xəlil Rza Ulutürk “Azadlıq Allahı tək əyləşib öz yerində” — misrası ilə başlayan “Heydər dədə — Atatürk” şeirində yazırdı:
“Dörd tərəf qar-qiyamət, sərt qış... O, güllü yazdır.
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzrumdan Xəzərə şığıyan Xan Arazdır,
Uçur nəhr əzəmətli Heydər dədə — Atatürk".
Ulu öndərin millətə qurtuluş gətirən qayıdışından sonra isə məşhur publisist Elmira Axundova “Pravda” qəzetində (4 avqust, 1993-cü il) “Əliyevin qayıdışı” adlı mükəmməl bir analitik yazı vermişdi. Həmin məqalədən riqqətə gələn şair Həmid Abbas cəmi iki gün sonra — avqustun 5-də “Qayıdışın mübarək” adlı şeirində yazırdı:
“Qar, boran ötüşdü, dayandı külək,
Boylandı Günəşə milyon gül-çiçək.
Bu isti nəfəsi duydu daş, kəsək,
İkicə söz dedi sinəmdə ürək:
Qayıdışın mübarək!"
Bu, millətin başının üstünü kəsdirən dərd-bəlanın — qar-boranın ötüşməsinə, ölkəyə qan iyi gətirən küləklərin ötüşməsinə vətəndaş münasibəti idi. Diqqət yetirin, 9 bəndlik şeirin heç yerində Heydər Əliyevin adı çəkilmir. Ona görə də bu şeir Azərbaycana, xalqımıza gözaydınlığı vermək, mübarəkbadlıq etmək kimi səslənirdi: “Ey Vətən, ey xalq, sənə qurtuluş gətirən böyük qayıdışın mübarək!”
Bu qayıdışa sevinən bütün soydaşlarımız haqlı idilər. Çünki Heydər Əliyevin qayıdışı ilə Azərbaycan dövləti və dövlətçiliyi məhv olmaqdan qurtuldu, xalqımız vətəndaş müharibəsindən xilas oldu, elm, incəsənət, ədəbiyyat və mədəniyyətimiz xaos və anarxiya girdabından çıxdı. Bütün bunları indi dilə gətirmək çox asandır. Heydər Əliyevin bu bəlaları dəf etmək üçün təkbaşına mübarizəyə girişdiyi illərin dəhşətləri isə çox dözülməz idi. Amma, tarixin bütün dönəmlərində, bütün ölkələrdə olduğu kimi, 1993-cü ilin yayında Azərbaycanda da lider qətiyyəti, öndər səriştəsi milləti ağ günə çıxardı. Həmin illər Bəxtiyar Vahabzadə demişdi ki, Azərbaycan xalqının dövləti ilə, dövlətçiliyi ilə bərabər ədəbiyyatı, mədəniyyəti də xilas oldu.
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər ölkədə ictimai-siyasi, iqtisadi, ideoloji-mənəvi həyatın normallaşmasına nail olmaqla yanaşı, ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdəki bir çox ənənələri yenidən canlandırdı. “Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhəmməd Füzulinin 500 illik yubileyləri ilk baxışda yubiley tədbiri idi. Amma əslində Heydər Əliyev həmin tədbirləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox mühüm bir vasitə kimi düşünmüşdü və öz istəyinə nail oldu. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi müstəqil Azərbaycanın mədəniyyəti qarşısında geniş inkişaf üfüqləri açdı. Ulu öndər belə düşünürdü ki, müstəqilliyi əldə etmək nə qədər vacib olsa da, həmin müstəqilliyin ömrünü uzun edə biləcək nəslin yetişdirilməsi ondan ikiqat çox vacibdir: “Bu isə gənc nəslin fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngin, elmi-intellektual cəhətdən inkişaf etmiş, ən başlıcası, Azərbaycan tarixini, mədəniyyətimizi, ədəbiyyatımızı dərindən bilən bir vətəndaş kimi yetişməsi nəticəsində mümkün olacaqdır”.
Heydər Əliyev 70-ci illərdə gündəliyə gətirdiyi Azərbaycan dili məsələsini hakimiyyətə qayıdışının ilk illərində yenidən canlandırdı.
Heydər Əliyevin qayıdışı Azərbaycan dilinin dövlət dili kimi aparıcı rolunu təmin etdi, təhsilin, elmin, ədəbiyyatın, ümumən, məd
əniyyətin inkişafına dövlət tərəfindən maksimum şərait yaradıldı, milli mədəniyyətimizin daşıyıcıları olan sahə mütəxəssislərinin sosial-rifah halının yaxşılaşdırılması üçün mühüm dövlət tədbirləri reallaşdırıldı. Onlarca ədəbiyyat və incəsənət xadimlərinə fəxri adlar verilməsi, gənc istedadlara və yaşlı nəslə mənsub təcrübəli sənətkarlara Prezident təqaüdləri ayrılması, test imtahanları zamanı dövlət ali məktəblərinə yüksək balla daxil olan tələbələrə Prezident təqaüdü verilməsi, xaricdə təhsil alan gənclərin dövlət qayğısı ilə əhatə olunması müstəqil Azərbaycan elminin və mədəniyyətinin inkişafına göstərilən böyük qayğı və diqqətin təzahürüdür.
Azərbaycan xalqı məmnundur ki, ulu öndərin siyasi kursunu çox böyük uğurla davam etdirən cənab Prezident İlham Əliyev də cəmiyyət həyatının digər sahələrində olduğu kimi mədəniyyətə və milli mənəvi dəyərlərə münasibətdə də Heydər Əliyev yolunu davam etdirir. Daha bir fəxr etməli məqam ondan ibarətdir ki, ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondu, xüsusən, fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da tariximizə və mədəniyyətimizə çox böyük ehtiramla yanaşır. Bilavasitə onun təşəbbüsü ialə “Qarabağ xanəndələri” albom-kitabı buraxılmış, Bakıda Muğam Mərkəzinin təməli qoyulmuş, dünyanın müxtəlif ölkələrində görkəmli Azərbaycan sənətkarlarının yubileyləri keçirilmiş, Qobustan qayaüstü rəsmləri və İçərişəhər Qoruq Muzeyi YUNESKO-nun mühafizə olunan mədəni irs siyahısına salınmışdır.
Bütün bunlar müasir Azərbaycan tarixinin “Heydər Əliyev epoxası” adlı konkret bir dövrünün həqiqətləridir. O həqiqətlər ki, onlardan bütün dünya danışır, dostlarımız sevinir, düşmənlərimiz xar olurlar. O həqiqətlər ki, hər biri Azərbaycan xalqının və dövlətimizin xidmətində müstəsna rol oynamışdır. O həqiqətlərin adı Heydər Əliyev məktəbidir. Bizim hər birimizin öyrəndiyimiz məktəb.


Xalq qəzeti.- 2007.- 11 dekabr.- S. 4.