Gülər

 

Ümummilli lider sənət adamlarının xatirələrində

 

Mərhum prezident Heydər Əliyev hər insanın xatirəsində bir cür qalıb. Yəni hər insanın fikrindəki xatirəsi fərqlidir. Baxmayaraq ki, onu bir sözlə - ümummilli lider olaraq dilimizə gətiririk. Amma fikrimizdə onu bu sözlə deyil, geniş təsvirlərlə canlandırırıq. H.Əliyev xüsusi önəm verdiyi sənət adamlarının da xatirində maraqlı obraz olaraq qalıb. Sənət adamları onun sənətlərinə qiymət verdiyi dəyərli anları çox gözəl xatırlayırlar.

Mərhum prezidentlə bir neçə dəfə ünsiyyətdə olan xalq artisti Mənsum İbrahimov onun sənət adamlarına olan xüsusi qayğısını xatırlayaraq, dahi insan oldugunu deyir: "Heydər Əliyev XX əsrin dahi şəxsiyyətlərindən idi. Onunla bir neçə dəfə təmasda olmuşam. Onu deyə bilərəm ki, incəsənət adamlarına xüsusi qayğı ilə yanaşırdı. O, xalqını sevən dövlət başçısı idi. Onun layiqli davamçısı İlham Əliyevdir. O da qayğısını incəsənət adamlarından əsirgəmir. Onun kimi dahi insanlar yüz ildən bir dünyaya gəlir".

Xalq artisti Fəxrəddin Dadaşov isə onu türk dünyasının babası adlandırdı: "Demək olar ki, mənim sənətə gəlişimlə onun hakimiyyətə gəlməsi eyni vaxtda olub. 69-cu ildən onun tədbirlərində iştirak etmişəm. Sənətdə olmağıma görə ona da minnətdaram. Heydər Əliyev çox səmimi gözəl insan idi. O, milləti üçün çox görüb. Deyərdim ki, o, türk dünyasının babasıdı. 50 yaşında mənə əməkdar incəsənət xadimi adını verib. Sənət adamları uşaq kimidilər. Onlara bir az diqqət qayğı göstəriləndə sevinir daha həvəslə yaradıcılıqla məşğul olurlar. Heydər Əliyev sənət adamlarının incə hisslərinə hörmətlə yanaşırdı.

Daha sonra xalq artisti adını aldım. Bu, mənim üçün dünyada ən dəyərli addır. Biz böyüyümüzü itirmişik. Qəbri nurla dolsun".

Xalq artisti Zaur Rzayev mərhum prezidentin onun xalq artisti adıyla bağlı imzaladığı sərəncamı xatırlayır. Onu da xatırlayır ki, bu, prezidentin imza atdığı son sərəncamlardandı: "Xalq artisti adını almağımla bağlı 2003-cü ildə sərəncam imzaladı. Demək olar ki, bu, onun son sərəncamlarından idi. Sonralar xəstələndi onu itirdik. Heydər Əliyev dünyəvi bir insan idi bunu hamımız göruruk. Türk dünyası üçün böyük insan olan ümummilli liderimizi hamı həmişə xatırlayacaq. Tarix onun kimi nadir insanları yaşadır. Onun yaxşı əməlləri saysız-hesabsızdı. Arzu edirəm ki, bu əməllərini xalqı həmişə davam etdirsin". Heydər Əliyevdən söz düşəndə onun uşaqlara olan münasibəti, qayğısı dərhal yada düşür. O, gələcəyimizin uşaqların əlində olduğunu dönə-dönə deyirdi. Buna görə onlar üçün geniş imkanlar yaradırdı. Uşaqların onu çox sevmələri dönə-dönə ona şeirlər həsr etmələri əbəs deyil. Bu haqda uşaq yazıçısı Sevinc Nuruqızı danışdı. Yazıçı iki il uşaq verilişi aparıcısı olanda buna bir daha əmin olub: "Mən ona uşaqların gözü  ilə baxmaq istəyirəm. İki il radioda canlı uşaq verilişi aparmışam. Hər dəfə uşaqların ona böyük məhəbbət bəslədiklərinin   şahidi olmuşam. Onu balacalar çox sevirlər. Maraqlıdır ki, verilişlərdə onun adını çəkən kimi çoxlu zənglər olurdu. Elə uşaqlar olurdu ki, prezident dünyasını dəyişəndə çox balaca olub onu xatırlamağı mümkün deyil. Buna baxmayaraq, Heydər Əliyevin adını eşidəndə onun haqqında həyəcanla danışırdılar". S.Nuruqızının fikrincə, uşaqlarda ona qarşı olan bu məhəbbət valideynlərindən ötürülüb. Buna görə yazıçı uşaqların prezidenti daha yaxşı dərk etməsi üçün onunla bağlı sadə dildə hekayə yazmaq niyyətindədi: "Hər bir uşaq ailədə böyüyür. Uşaqlara prezidentə olan məhəbbət valideynlərindən keçərək onlara ötürülür. Azərbaycanın dövlət başçısı olmuş insan haqqında uşaqlar çox geniş danışırlar. İstəyirəm onlar üçün Heydər Əliyevlə bağlı hekayə yazım. Yəni onlar başqalarının dilindən eşitdiklərini özləri sadə dildə yazılmış hekayədən oxumaqla onun həyatına daha yaxşı bələd olacaqlar".

 

Olaylar.- 2007.- 13 dekabr.- S. 16.