Təhmirazqızı S.
Musiqidə
əbədiləşən ömür
Dahilər yetirən xalq xoşbəxtdir. Bu xoşbəxtlikdən Azərbaycanımızın qismətinə də pay düşüb. Belə ki, bu məmləkət bəşəriyyətə bir neçə dahi simalar bəxş edib. Bu dahilər əməlləri ilə bizim üçün əbədiləşiblər.
Bu gün isə biz də özümüzü xoşbəxt nəslin nümayəndəsi hesab edə bilərik. Ona görə ki, o dahilərdən birinin - XX əsrin görkəmli siması olan Heydər Əliyevin müasirləriyik. Məhz onun şəxsində biz dahiliyin şahidi olduq.
Bəli, xalqımızın azadlığı, rifahı yolunda bilə-bilə hər bir əzab-əziyyətə qatlaşan bu müdrik şəxsiyyət xalqın əziz övladı olaraq daim sevildi və elə bu gün də o, əbədi sevgi ilə xatirələrdə yaşayır.
"Mən
bütün həyatımı xalqıma həsr edəcəyəm" - deyən
Heydər Əliyev bütün sahələrdə olduğu
kimi, incəsənətimizə, mədəniyyətimizə, xüsusən də
musiqimizə həmişə böyük qayğı
və diqqətlə yanaşmışdır. O, xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Respublikaya
rəhbərlik etdiyi müddət ərzində məhz onun sayəsində
Azərbaycan musiqi mədəniyyəti yüksək zirvələr fəth etmişdir. Belə ki, milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların sənətdəki fəaliyyətlərinin
yüksək qiymətləndirilməsi onların sənətlə məşğul olmaları üçün lazımi həyat şəraitlərinin qaydaya salınması, yəni onlara mənzil verilməsi,
yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması üçün maaşlarının artırılması, Prezident təqaüdünün ayrılması, fəxri adlarla, orden və medallarla təltif olunmaları, dünyasını dəyişən sənətkarların xatirələrinin əbədiləşdirilməsi üçün onların ev muzeylərinin yaradılması, yubileylərinin təntənəli şəkildə qeyd olunması, onların adına mədəniyyət ocaqlarının verilməsi, daha neçə-neçə
bu cür əlamətdar hadisələr məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Mədəniyyətimizin inkişafı tarixinə adı qızıl hərflərlə yazılan bu dahi şəxsiyyətin işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayır və yaşayacaq. "Bizdən sonra
əməllərimiz qalacaq" - deyən bu müdrik şəxsiyyətin
əməllərini tarixin yaddaşına
köçürmək, bizim üçün əziz olan bu
insanın xatirəsini bir daha əbədiləşdirmək
mənəvi borcumuzdur. Bu fikri Heydər Əliyevin qayğısı
və diqqəti sayəsində yüksək sənət
zirvələri fəth etmiş hörmətli
sənətkarlarımız da dönə-dönə
vurğulayırlar. Onlardan bir neçəsinin ürək
sözlərini və xatirələrini oxuculara da təqdim
edirik.
Bildiyimiz kimi
möhtərəm Heydər Əliyev daim Azərbaycan
bəstəkarlarından öz qayğısını
əsirgəməyib. O, professional bəstəkarlıq məktəbinin
inkişafı üçün əlindən gələni
edib. Bu yerdə xatirəli ömürdən bir
xatirə. Unudulmaz bəstəkarımız, xalq artisti,
dövlət mükafatı laureatı, professor
Vasif Adıgözəlovun fikirlərini yada salaq:
"Bu gün
xalqımızın ümummilli lideri Heydər Əliyev
haqqında danışmaq mənim üçün bir
qədər çətindir. Çünki biz
həmişə onu məğrur, mərd bir
sərkərdə kimi, uca bir dağ kimi qarşımızda görüb
və daim bu ucalığa baş əymişik. İndi isə bu dahi şəxsiyyət haqqında
xatirə söyləyirik. Amma əsl
xoşbəxtlik odur ki, ölümündən sonra
əbədi olaraq yaşayasan. Heydər
Əliyev Tanrının yetirdiyi belə xoşbəxt
insanlardandır. Biz onu hər an
xatırlayırıq. Çünki onun
bütün Azərbaycan xalqına, onun elminə, mədəniyyətinə
etdiyi atalıq qayğısı heç vaxt unudula bilməz.
Heydər Əliyev
bəstəkarların ən yaxın dostu idi. Bəstəkarlar
İttifaqının keçirdiyi plenumlarda, qurultaylarda o,
şəxsən iştirak edər, əsərlərimizi
diqqətlə dinləyər; onları təhlil edər
və bizə öz tövsiyələrini verərdi. O,
daim bizi ruhlandırıb. Xüsusən
1993-cü ildən - xalqımızın tarixində baş
verən bu çətin dövrlərdən o,
bəstəkarlara, ifaçılara, musiqişünaslara daha
böyük qayğı ilə yanaşdı. Belə ki, bu çətin və
məşəqqətli dövrdə onların sənətlə
məşğul olmaları üçün lazımi
şərait yaratdı. Neçə-neçə
sənət adamını mənzillə təmin etdi,
onları "Şöhrət" və "İstiqlal"
ordenləri ilə təltif etdi, onlara xüsusi Prezident
təqaüdləri ayırdı. Belə sənətkarlardan
Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman
Ələsgərovun, Hökümə Nəcəfovanın,
Şəfiqə Axundovanın, Arif Məlikovun, Azər
Rzayevin, Ramiz Mustafayevin, Ramiz Mirişlinin, Tofiq Bakıxanovun,
Elza İbrahimovanın, Xəyyam Mirzəzadənin, Nəriman
Məmmədovun, musiqişünas Elmira Abbasovanın, Ramiz
Zöhrabovun və başqalarının adlarını
çəkə bilərik. O cümlədən mən
özüm də bu sıraya daxiləm.
Heydər Əliyevin bu
cür xidmətləri elə respublikaya rəhbərlik etdiyi
ilk illərdən özünü göstərib. Vaxtilə
SSRİ dövründə Azərbaycanın bir neçə
görkəmli sənətkarlarına ən böyük
fəxri ad olan "Sosialist Əməyi
Qəhrəmanı" adı verilmişdir. Bu sənətkarlar Qara Qarayev, Fikrət Əmirov,
Niyazi və Rəşid Behbudov idi. Bu
fəxri adların sənətkarlarımıza verilməsi,
onların yüksək sənətkarlığı ilə
bərabər ən başlıcası Heydər Əliyevin
yüksək nüfuzunun təcəssümü idi".
Daha bir sənətkar sözü - xalq
artisti, professor Ramiz Mirişlinin
dediklərindən:
"Ümummilli liderimiz
Heydər Əliyevin həyatı neçə-neçə
sənət adamına ilham verib. Onun əməlləri
həyatda reallaşdığı kimi, sənətdə
də əbədiləşib. Xoşbəxtəm
ki, bu şəxsiyyət haqqında yazmaq səadəti
mənə də nəsib olub. "Məşəl
kimi yanan ürək", "Adın şöhrət-şan
yerimiz", "Heydər ata" mahnılarının xalq tərəfindən
daim sevilib və ifaçıların repertuarında
özünə yer tapıb. Bu
əsərlərin bir bəstəkar kimi mənim
yaradıcılığımda xüsusi yeri var. Bu uğurun
əsas səbəbi xalqın öz rəhbərinə olan
sevgisidir ki, məhz bu nəğmələrə belə əbədiyaşarlıq
gətirmişdir. Mən də haqlı
olaraq qürur hissi keçirirəm ki, bu dahi
şəxsiyyətlə ünsiyyətdə olub, onun
qayğı və diqqəti ilə əhatə olunmuşam.
Bəstələdiyim musiqi nümunələrini
bu böyük dahinin - Heydər Əliyevin
şəxsiyyəti və ruhu qarşısındakı
mənəvi borcumun bir zərrəsi hesab edirəm".
Heydər Əliyevin
xalqımız və vətənimiz qarşısındakı
misilsiz xidmətləri Azərbaycan tarixinin
səhifələrinə qızıl hərflərlə
yazıldı.
Bu sənətin dili ilə də
özünün yüksək təcəssümünü
tapdı. Hər kəs öz istedadının
gücü ilə bu dahi şəxsiyyətə mənəvi
borcunu verməyə çalışdı. Bununla da neçə-neçə ölməz
sənət əsərləri yarandı. Azərbaycan
bəstəkarlarının yaratdığı belə
əsərlərdən bir neçəsinin adını çəkmək
yerinə düşərdi. Cövdət Hacıyevin
"8 saylı "Onu zaman seçib" simfoniya"sı,
Arif Məlikovun "8 saylı "Əbədiyyət"
simfoniyası, Ramiz Mustafayevin "Atamız Heydər",
Sərdar Fərəcovun "Böyük vətəndaş
haqqında" odaları, Vasif Adıgözəlovun
"Azərbaycan" kantatası, Tofiq Bakıxanovun "Xatirə"
poeması, gənc bəstəkar Vasif Allahverdiyevin
"Ömür yolu" simfonik poeması və digər
əsərlər məhz bu qəbildəndir. Bu
əsərlərdə ulu öndərin həyat və
fəaliyyəti öz əksini tapır. Bu
mənada Vasif Allahverdiyevin "Ömür yolu" simfonik poeması
görkəmli ziyalı, millət vəkili Fəttah
Hevdərovun məsləhəti və dəstəyi ilə
sənədli film kimi də işıq üzü gördü,
Bu qəbildən olan artıq tarixin yaddaşına
köçən sənət əsərləri haqqında
çox danışa bilərik.
Bu işıqlı
şəxsiyyətin siması yalnız professional
bəstəkar yaradıcılığında deyil, peşəkar,
ustad ifaçıların sənətkarlığında da
öz təcəssümünü tapmışdır. Bu mənada
bir neçə ustad xanəndələr dahi
şəxsiyyətə olan məhəbbətlərini öz
nəğmələri ilə ifadə etməyə
çalışmışlar.
Yeri gəlmişkən qeyd
etməliyəm ki, milli musiqimizi böyük
məhəbbətlə sevən Heydər Əliyev ustad
xanəndələrin, ifaçıların da
sənətinə diqqət və qayğı ilə
yanaşaraq onları da yüksək fəxri adlarla və Prezident
təqaüdü ilə təltif etmişdir. Belə sənətkarlardan
Sara Qədimova, Gülxar Həsənova, Tükəzban
İsmayılova, İlhamə Quliyeva, Baba Mahmudoğlu, Arif
Babayev, Canəli Əkbərov, Sabir Mirzəyev, Süleyman
Abdullayev və başqalarının adını
çəkə bilərik. Çox sevindirici haldır ki, indi
bu ənənəni onun varisləri - möhtərəm
Prezidentimiz cənab İlham Əliyev və onun xanımı
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyeva çox böyük əzmlə davam
etdirirlər. Odur ki, bu gün Azərbaycan
mədəniyyəti yeni çiçəklənmə
dövrünü yaşayır.
Xalq artisti, Prezident
təqaüdçüsü, Heydər Əliyev
tərəfindən "Şöhrət" ordeni ilə
təltif olunmuş Əlibaba Məmmədov ulu öndəri
belə xatırlayır:
"1970-ci illər idi. Heydər
Əliyev Mərkəzi Komitənin katibi idi. Bu, demək olar ki, respublikanın
çiçəklənən dövrləri idi. Çünki Heydər Əliyev mühüm quruculuq
işləri ilə məşğul olurdu. Məsələn, Respublika sarayının,
Kondinsionerlər zavodunun, "Gülüstan"
sarayının və daha neçə-neçə
nəhəng tikililərin və eyni zamanda
məhəllələrin, mikrorayonların salınması
məhz onun təşəbbüsü və rəhbərliyi
sayəsində həyata keçirilirdi. Bu
quruculuq işləri biz sənətkarlara xüsusi ruh verirdi.
Heydər Əliyev vaxtaşırı olaraq respublikamızın
müxtəlif bölgələrində, şəhər
və kəndlərində olurdu. Orada
keçirilən məhsul bayramlarında və digər
kütləvi şənliklərdə iştirak edirdi. Biz sənətkarlar da həmin tədbirlərə
dəvət olunar və xalq qarşısında öz
çıxışlarımızla onlara mənəvi
zövq verərdik. Bu həm də bizim
sənətdəki inkişafımıza xidmət edirdi.
Heydər Əliyevin bizim
yaradıcılığımızdakı bu mühüm rolu
məndə xüsusi qürur hissi yaratdı və
düşündüm ki, onun şəninə bir
nəğmə qoşum. Şair Rasim Kərimli
ilə birgə hazırladığım "İgid qardaşım"
adlı mahnım məhz belə yarandı.
Vətəni hər
şeydən uca tutan Heydər Əliyevin əziz xatirəsi
təkcə ürəklərdə deyil, bax beləcə
sənət əsərlərində, şeirdə, musiqidə
əbədiləşib tarixin yaddaşına
köçdü. Və hələ bu ömür
neçə-neçə sənət əsərinə qanad
verəcək. Hələ oxuduğumuz
neçə-neçə şeirdə, dinlədiyimiz
neçə-neçə nəğmədə Heydər
Əliyevin şəxsiyyəti canlanacaq.
Xalq artsiti, professor, dünya
şöhrətli pianoçu Fərhad Bədəlbəyli
isə əbədiyaşar liderimizi belə anır:
"...Bu dahi şəxsiyyət daim
musiqiçilərə qayğı ilə
yanaşmışdır. Onlarla vaxtaşırı
görüşürdü. Nəinki
konsert salonlarında, hətta xüsusi məclislərdə o,
bu sənətkarları bir yerə toplayıb onlara öz
tövsiyələrini verirdi. Mən
dəfələrlə şahidi olmuşam. Qara Qarayev,
Fikrət Əmirov, Niyazi, atam Şəmsi Bədəlbəyli
belə görüşlərdən çox
danışıblar. Onlar qeyd edirdilər ki,
Heydər Əliyev bizə tövsiyə edib deyirdi, xalq
arasında, xüsusən ziyalılar arasında simfonik musiqinin
təbliğinə geniş yer vermək lazımdır. Çünki belə musiqilər
düşündürücüdür, fəlsəfidir,
psixoloji təsir gücü də böyükdür. Bununla Heydər Əliyev çalışırdı
ki, insanlar mənən zəngin olsunlar.
O, dəfələrlə mənim
Moskvada verdiyim konsertlərdə iştirak etmişdir. Onun bu konsertlərdəki iştirakı mənim
üçün böyük mənəvi dayaq idi.
Elə bu gün də biz sənətkarlar bu mənəvi
dayağı hiss edirik. Çünki onun
qoyduğu irsi indi layiqincə davam etdirən oğlu
möhtərəm Prezidentimiz İlham Əliyev
bizimlədir".
Beləcə, dahilərin
səmasında sönməz bir ulduz kimi daim parlayan, öz nuru
ilə xalqının yoluna işıq saçan Heydər
Əliyevin əbədi ömrü hələ
neçə-neçə nəsillərə örnək
olacaq.
Bəli, ömrü
əməllərində, əməlləri xatirələrdə,
xatirələri jsə sənət əsərlərində
əbədiləşən Heydər Əliyev sevərək
yaşadı və sevilərək də əbədiyyətə
qovuşdu. Bir
daha bu dahi şəxsiyyətin ruhu qarşısında baş
əyir və deyirik: "Sizin işıqlı xatirənizi
qəlbimizdə yaşadacaq, yolunuzu layiqincə davam
etdirəcəyik.
Respublika.- 2007.- 14 dekabr.- S. 2.