Azərbaycan–Türkiyə İş Adamları Birliyinin
(ATİB) ictimaiyyətlə əlaqələr şöbəsindən
verilmiş məlumata
görə, Vaşinqtonda
keçirilmiş “Azərbaycan–Türkiyə–ABŞ əlaqələri
və onların Avrasiya üçün əhəmiyyəti” mövzusunda
beynəlxalq konfrans “Mayflower Hotel”də Türkiyə və Azərbaycan musiqisi axşamı ilə yekunlaşmışdır.
Tədbirdə Bakı
Musiqi Akademiyasının
dosenti, əməkdar artist Murad Hüseynovun
ifasında Qara Qarayev, Adil Bəbirov,
Tofiq Quliyev, Fərhad Bədəlbəyli,
Vasif Adıgözəlov
və Volfqanq Amadey Motsartın əsərləri səslənmişdir.
M.Hüseynov Azər Dadaşov tərəfindən
bəstələnmiş və
ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə ithaf olunmuş əsəri ilk dəfə ifa etmişdir.
Konserti Türkiyənin
məşhur pianoçusu
və bəstəkarı
Fahir Atakoğlu və “Grammy” mükafatı laureatları
Horasio Hernandes və Con Benites
davam etdirmişlər.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsertdə Vaşinqtona səfər etmiş Azərbaycan və Türkiyə nümayəndə
heyətinin üzvləri,
o cümlədən, Türkiyə Respublikasının
sabiq xarici işlər naziri Hikmət Çətin, Azərbaycan Respublikası
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, ATİB idarə
heyətinin sədri Əhməd Erentok və başqaları iştirak etmişlər.
Xalq qəzeti.- 2007.- 15 dekabr.- S. 2.