Dünya etnik musiqisi virtuozları Üns teatrı səhnəsində

 

AzərTAc xəbər verir ki, "Üns" teatrı dekabrın 5-də yeni layihə reallaşdırmaqla Bakı tamaşaçısını yenə də təəccübləndirmişdir. Azərbaycan, Portuqaliya, İspaniya, Qazaxıstan, Norveç və digər ölkələri təmsil edən etnik musiqi ifaçıları teatrın səhnəsində dünya etnik musiqisi xəzinəsinin seçmə əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Konserti İspaniya musiqiçiləri açmışlar. Simli trio ispan xalq melodiyalarını müasir interpretasiyada təqdim etmişdir.
Qazaxıstanlı skripka ustası, əməkdar incəsənət xadimi, beynəlxalq mükafatlar laureatı Cəmilə Serkibayeva fransız melodiyalarını məharətlə ifa etmiş, çıxışını Rəşid Behbudovun repertuarından musiqi parçaları ilə bitirmişdir. O demişdir ki, Azərbaycan xalq musiqisi, tanınmış ifaçılarımızın səsləri, o cümlədən Rəşid Behbudovun ölməz nəğmələri bu gün Qazaxıstanda hər bir evdə səslənir.
Həmin axşam "Üns" teatrının səhnəsində ispan rəqqasları çıxış etmiş, macar müğənnisi Marta Sebastyen səsinin geniş diapazonu ilə tamaşaçıları heyran qoymuşdur. Musiqi bayramını Azərbaycan ifaçıları Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Elşad Əbdülrəhimov (nağara) davam etdirmiş, müğənnilər Şirzad Fətəliyev və Arzu Əliyevanın ifasında xalq mahnılarımız səslənmişdir.
Konsertdə "Üns" teatrı yaradıcılıq səhnəsi layihəsinin müəllifi və rəhbəri, professor Nərgiz Paşayeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak etmişlər.

 

Azərbaycan.- 2007.- 7 dekabr.- S. 5.