Azərbaycan bu atmosferə tabe olmayacaq

 

Əbülfəs Qarayev Ermənistanda keçirilən "Azərbaycan həftəsi"nə münasibətini bildirdi

 

Ötən gün Muzey Mərkəzində YUNESKO-nun Moskva Bürosu ilə Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilə əsasında yaradılmış "GUAM ölkələrinin Mədəniyyət siyasəti üzrə Observatoriyası" saytının təqdimat mərasimi keçirilib. Eyni zamanda, tədbir çərçivəsində GUAM-a üzv ölkələrin mədəni əməkdaşlıq üzrə işçi qrupunun ekspertlərinin birgə iclası keçirilib.

Tədbirdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ermənistanda "Azərbaycan həftəsi"nin keçirilməsi məsələsinə toxunub. Nazir bildirib ki, Azərbaycan nümayəndə heyətinin burada iştirakı tələsik və düşünülməmiş addımdır.

Nazirin fikrincə, "Azərbaycan həftəsi"in keçirilməsi kimi addımlar real vəziyyəti beynəlxalq ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırmaq məqsədi güdür: "Guya, azərbaycanlılar və ermənilər arasında heç bir problem yoxdur, biz dostuq".

Əbülfəs Qarayev hesab edir ki, Azərbaycan xalqı qəsdən yaradılmış bu atmosferə tabe olmayacaq: "Ona görə də nə qədər ki, işğal olunmuş ərazilərimiz qaytarılmayıb, biz işğalçı tərəfin nümayəndələri ilə heç bir ciddi ikitərəfli münasibət qurmağa hazır olmayacağıq".

Nazir onu da qeyd edib ki, bu, dövlət rəsmilərinin beynəlxalq tədbirlər çərçivəsində erməni rəsmilərlə və ya ekspertlərlə görüşməsinə aid deyil: "Bu, təbii təcrübədir. Çünki biz beynəlxalq qurumların üzvləriyik və istəsək də, istəməsək də beynəlxalq tədbirlərdə həm Azərbaycan, həm də Ermənistan nümayəndələri iştirak edir".

 

Kaspi.- 2007.- 20-24 dekabr.- S. 17.