Xələfov A., Əhmədov E.

 

Kitabxanalar barədə məlumatlar və statistik göstəricilər toplusu

 

Bəşəriyyətin qədəm qoyduğu XXI əsr informasiya əsri adlanaraq qlobal inforrnasiya mühitini təşkil edir. Qlobal informasiya mühitində müstəqil Azərbaycan dövləti bütün inkişaf sferalarında öz dinamik inkişafı ilə öz sözünü deyir. İnkişaf istiqamətləri sıralarında Azərbaycan mədəniyyəti dövlətin müdrik siyasəti nəticəsində daim inkişaf edərək dünya miqyasında özünü bütün çalarları ilə büruzə verir.

XX əsrin sonunda Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi suveren dövlətimizin tədricən inkişafı ilə əlamətdar oldu. Heydər Əliyev 1999-cu ilin iyun ayında M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasına gələrkən öz çıxışında demişdir: "Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

Məhz H.Əliyevin kitabxana işinə böyük qayğısının təzahürü olaraq 1998-ci ildə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun Azərbaycan kitabxana işinin əsas hüquqi bazasını təmin edərək kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və vəzifələrini müəyyənləşdirdi, bu mühüm işin demokratik əsaslar üzərində qurulması və inkişaf etdirilməsi üçün perspektiv imkanlar açdı. H.Əliyevin kitabxana işi ilə bağlı gördüyü sanballı işlər Əməkdar elm xadimi, professor A.Xələfovun "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı monoqrafiyasında öz əksini çox geniş tapmışdır.

Hazırda respublikamızda kitabxana işinin modernləşdirilməsi gənc Prezidentimiz İlham Əliyevin fəaliyyət proqramı çərçivəsində həyata keçirilir. İlham Əliyevin kitabxana işinə qayğısının bariz nümunəsi olaraq onun 2007-ci il aprel ayının 20-də "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncam imzalaması daha böyük aktuallıq kəsb etmişdir. Bu sərəncama əsasən "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının hazırlanıb həyata keçirilməsi tələb edilir".

Göründüyü kimi, Azərbaycan Respublikasında kitabxana işinin dövlət siyasəti prioritet xarakter daşıyaraq dövlətir strateji maraqlarına xidmət edır. Respublikada kitabxana işi sahəsində Dövlət Proqramının yerinə yetirilməsi sahəsində Heydər Əliyev Fondu əməli və təcrübi işlər görür. Heydər Əliyev Fondunun sədri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı çərçivəsində yeni modernləşmiş kitabxanalar istifadəyə verilmişdir. Hazırda respublika kitabxanaları virtual məkana daxil olaraq öz fəaliyyətini modernləşdirirlər. Respublika kitabxanalarında tətbiq edilən İRBİS-64 proqramının tələbləri kitabxana-informasiya fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Digər dövlətlərlə birgə əməkdaşlıq təcrübəsi Respublika Mədəniyyət və Turizm Nazirliyi və onun rəhbəri, nazir Ə.Qarayevin gərgin fəaliyyəti nəticəsində daha da genişlənir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət və Kütləvi Kommunikasiya Nazirliyi tərəfindən birgə hazırlanıb iki dildə - Azərbaycan və rus dillərində çap edilmiş "Kitabxanalar bilik cəmiyyətində" adlı məqalələr məcmuəsinin çapı olduqca təqdirəlayiqdir. Böyük zəhmətin və yaradıcılıq işinin nəticəsi kimi meydana çıxan, 32 çap vərəqi həcmində olan bu məcmuə kitabxanaların informasiya cəmiyyətində vəzifələrini, inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün olduqca böyük əhəmiyyət kəsb edir. Məcmuə Mədəniyyət və Turizm naziri Ə.Qarayevin giriş sözü və Rusiya Federasiyası Mədəniyyət və Kütləvi Kommunikasiya nazirinin təbrik məktubu ilə başlayır. Məcmuədə Mədəniyyət və Turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü S.Məmmədəliyevanın, tarix elmləri namizədi L.Məmmədovanın, əməkdar elm xadimi, prof. A.Xələfovun, dos. R.Kazımovun və başqalarının məqalələri çap olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap edilmiş bu məcmuədəki ayrı-ayrı məqalələrdə toxunulan problemlər Azərbaycan kitabxanalarının beynəlxalq imicinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edir.

Respublikamızda kitabxana quruculuğu sahəsində Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə son vaxtlar kitabxana işinin səmərəlilik meyarına təsir edə biləcək amillərə uyğun əməli tədbirlər həyata keçirilir. 2007-ci ildə "Nurlar" nəşriyyatı tərəfindən çap edilmiş "Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında (Rəqəmlər və faktlar)" 2 cildlik ensiklopedik məlumat kitabının işıq üzü görməsi dedikləririmizə sübutdur. 102 çap vərəqindən ibarət bu nəşrin layihə rəhbəri Ə.Qarayev, tərtib edənlər: AMEA-nın müxbir üzvü S.Məmmədəliyeva və tarix elmləri namizədi L.Məmmədovadır. Kitabın rəyçiləri isə prof. A.Xələfov, dos. R.Kazımov, e.n. A.Kəngərlidir.

Mütəxəssislər və geniş oxucu kütləsi üçün təqdim olunan bu məcmuədə ilk dəfə olaraq respublikanın bütün kitabxanaları haqqında ensiklopedik məlumat verilmişdir. Məcmuənin əvvəlində son 4 il ərzində kitabxana işi, kitab nəşri sahəsində Azərbaycan mədəniyyətinin böyük təəssübkeşi olan möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamının verilməsi kitabın qiymətini bir daha artırır.

Məcmuə 2 cilddən ibarətdir:

I cildə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə daxil olan kütləvi və uşaq kitabxanaları haqqında məlumat daxil edilmişdir.

II  cildə isə müxtəlif nazirlik, idarə və komitələrin tabeçiliyində olan kitabxanalar haqqında məlumat daxil edilmişdir.

Məcmuənin I cildində Bakı şəhəri qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının kitabxanalar üzrə statistik cədvəli verilmişdir. Proqrama əsasən Bakının 5 inzibati rayonunun qəsəbələrində 13 kitabxananın modernləşməsi və 2 yeni kitabxana binasının inşası nəzərdə tutulmuşdur.

Məcmuənin I cildində respublikanın kitabxanaları 3 bölmə əsasında qruplaşdırılmışdır. I bölmədə ali dövlət orqanları kitabxanaları verilmişdir. Bura Prezident Kitabxanası və Parlament Kitabxanası daxil edilmişdir. II bölmədə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsi verilmişdir. Bu şəbəkəyə Milli Kitabxana, respublika əhəmiyyətli kitabxanalar, Bakı şəhərinin rayonları üzrə müxtəlif tip kitabxanalar, şəhər MKS-ləri və rayon MKS-ləri daxil edilmişdir. III bölmədə Naxçıvan Muxtar Respublikasının muxtar respublika əhəmiyyətli kitabxanaları və MKS-ləri ardıcıllıqla öz əksini tapmışdır.

Məcmuənin II cildi daha çox gərgin əmək tələb etmişdir. Burada bütün tip kitabxanalar 3 bölmə əsasında sistemli qaydada verilmişdir. Belə ki, I bölməyə Azərbaycan Milli Elmlər Akademiyasının kitabxana şəbəkəsi, II bölməyə nazirlik, dövlət komitələrinin tabeçiliyində olan respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar, III bölməyə isə nazirlik və dövlət komitələri, məhkəmə və prokurorluq orqanları, dövlət və konsernlərin tabeçiliyində olan kitabxanalar daxil edilmişdir,

Bir sözlə, qeyd etmək lazımdır ki, bu məcmuə ensiklopedik xarakter daşıyaraq respublikanın bütün tip kitabxanaları haqqında informasiya xarakterli məlumatları özündə əks etdirir.

Məcmuədə həmçinin əlavə olaraq ümummilli lider Heydər Əliyevin kitabxana işi ilə bağlı çıxışları və kəlamları verilmişdir. Əlamətdar hal kimi qeyd etmək istəyirik ki, Azərbaycan kitabxanalarının inkişaf tempi məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki mərhələsində daha sürətlə artmışdır.

Beləliklə, Azərbaycan Respublikasının kitabxana işi tarixində ilk təşəbbüs olan "Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında" olduqca böyük həcmli ensiklopedik nəşrin meydana gəlməsi müstəqilliyimizə qiymətli töhfədir.

İnformasiya cəmiyyəti şəraitində respublikanın kitabxanaları haqqında ətraflı məlumat verən bu nəşrə həm elm, təhsil və mədəniyyət işçilərinin, ziyalıların, mütəxəssislərin, həm də geniş oxucu kütləsinin böyük tələbatı vardır. Bizcə, oxucu tələbatının ödənilməsində kitabın əvəzsiz əhəmiyyəti vardır.

Respublika Mədəniyyət və Turizm Nazirliyi respublika kitabxana şəbəkələrinin kompüterləşdirilməsi sahəsində böyük işlər görür, kitabxanaların virtual mühitə daxil olması üçün birgə layihələrdə iştirak edir. Qeyd etmək lazımdır ki, "Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında (Rəqəmlər və faktlar)" ädlı ensiklopedik məcmuə Azərbaycan kitabxanalarının simasını özündə əks etdirir. Mədəniyyət və Turizm Nazirliyi, xüsusilə də nazir Ə.Qarayevin layihəsi əsasında tərtib edilmiş bu məcmuə Azərbaycan kitabxanalarının gələcək perspektivlərinin müəyyən edilməsində əsas prioritetlərindən biri olacaqdır.

 

                    Respublika.- 2007.- 7 dekabr.- S. 7.