Kazımov T., Rzayeva K.
Müasir informasiya texnologiyaları
kor və görmə qabiliyyəti zəif olan insanların
xidmətində
Kompüter texnikası
artıq gündəlik həyatımızın ayrılmaz
tərkib hissələrindən birinə çevrilib. Bu
gün informasiya-kommunikasiya texnologiyalarının (İKT)
insan həyatının bütün fəaliyyət
sahələrinə yüksək templə tətbiqi
İnformasiya Cəmiyyətinin (İC) qlobal xarakter
almasından xəbər verir. Bu texnologiyalardan geniş
istifadə insan hüquqlarının qorunmasında,
iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər
sahələrin inkişafında mühüm
əhəmiyyət kəsb edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
ölkədə neftdən sonra ikinci, yeni bir prioritet sahə
adlandırdığı İKT-nin imkanlarından hamının
bərabər səviyyədə istifadə etməsi
mühüm məsələlərdən biridir. Bu
istiqamətdə aparılan dövlət siyasəti həmin
sahənin inkişafına əlverişli şərait
yaratmışdır.
Ümummilli lider Heydər
Əliyev tərəfindən 17 fevral 2003-cü il tarixdə
imzalanmış və qarşıdakı onillik dövr
üçün hökumət proqramı statusu almış
"Azərbaycan Respublikasının inkişafı naminə
İKT üzrə Milli strategiya (2003-2012-ci illər)"
yaxın 10 il ərzində görüləcək
işlərin ümumi xəttini müəyyənləşdirmiş,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən 10 avqust 2004-cü il tarixli fərmanla
"Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci
illər üçün Dövlət Proqramı
(E-Azərbaycan)" qəbul olunmuşdur,
Bu gün insanların
əksəriyyəti elə düşünür ki, müasir
texnologiyalarla, o cümlədən də kompüterlə
yalnız görmə qabiliyyətində problemlər
yaşanmayan insanlar işləyə bilərlər. Amma onu da
unutmaq olmaz ki, kor və görmə qabiliyyəti zəif
olanlar üçün də kompüter
məişətdə və iş yerində əvəzolunmaz
köməkçidir. Bu cür insanlar da digərləri kimi
müasir texnologiyalardan istifadə etmək üçün
müəyyən imkanlara malik olmalıdırlar. Hazırda bu
istiqamətdə regional və beynəlxalq
səviyyələrdə tədbirlərin
görülməsi, layihələrin hazırlanaraq həyata
keçirilməsi vacib məsələlərdən biridir.
Əhalinin bu
təbəqəsinin səlahiyyətlərini genişləndirmək,
onları informasiya blokadasından çıxarmaq, bir
sözlə, onların müasir cəmiyyətə inteqrasiyası
üçün İKT-dən istifadə zəruridir. Bu
gün geniş kitabxana-informasiya şəbəkəsinə
malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli
kitabxana mövcuddur. 1996-cı ildə Azərbaycan
hökuməti "Azərbaycan Respublikasında kitabxana
işinin vəziyyəti və onu yaxşılaşdırmaq
tədbirləri haqqında" qərar qəbul etmişdir.
1999-cu ildə "Kitabxana işi haqqında" Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 20 aprel 2007-ci
ildə "Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında"
sərəncam imzalamışdır.
Statistik məlumatlara
görə, hazırda respublikada 320 min əlil var ki, onlardan 30
mini kor və görmə qabiliyyəti zəif olanlardır.
Onlardan 6 minə qədəri uşaqlardır. Əlil
uşaqların əqli inkişafında, müasir
dünyagörüşünə malik bir insan kimi
formalaşmasında onların təhsil prosesinin
keyfiyyətinin yüksəldilməsində, müstəqil
informasiya əldə etmək imkanlarının
artırılmasında müasir informasiya texnologiyaları
səviyyəsinə cavab verən
xüsusiləşdirilmiş elektron kitabxanaların
yaradılması vacib sosial problemlərdən biridir.
Kor və görmə
qabiliyyəti zəif olan insanlarla uzunmüddətli praktiki
iş təcrübəsi onların kompüter texnikasından
istifadəsi üçün həm
xüsusiləşdirilmiş kitabxanaların
yaradılması, həm də mətnlərin səslə
oxunuşu üçün xüsusiləşdirilmiş
proqram təminatının (XPT) hazırlanma zərurətini
meydana çıxarıb.
Məlumdur ki, kor və
görmə qabiliyyəti zəif olan insanların yeni
texnologiyaları mənimsəməsi üçün bir
sıra çətinliklər mövcuddur. Bu
səbəbdən də bunun üçün ilk
növbədə yuxarıda qeyd edildiyi kimi XPT
hazırlanmalıdır. Onu da yaddan çıxarmaq la-zım
deyil ki, bu cür insanlar içərisində elm,
incəsənət və digər sahələr üzrə
cəmiyyətə xeyir verə biləcək istedadlı
insanlar da var.
Buna görə də bu
cür istifadəçilərə imkanlarını reallaşdırmaq
üçün XPT-nin hazırlanması vacibdir. XPT-də
bütün yerinə yetirilən əməliyyatlar
səsləndirmə yolu ilə aparılır. Yəni
bütün mətnlər oxuyucu proqram vasitəsilə
səsləndirilir. Proqram təminatı səsin
qavranılmasına əsaslandığı üçün
səslənmə çox sadə və aydın olmalıdır.
Kor və görmə qabiliyyəti zəif olan
istifadəçi baş verənlər haqqında səsləndirilən
məlumatlardan xəbər tutur. Kompüterləşdirilmiş
kitabxana bu istifadəçilər üçün
mətnlərin axtarışını, saxlanmasını
və səsləndirilməsini avtomatlaşdırır və
sadələşdirir. Bundan əlavə, kompüterləşdirilmiş
kitabxananın geniş yayılması üçün onun
lokallaşdırılması üzərində işlərin
aparılması da vacibdir.
Bu gün lent yazılarından,
məhdud imkanlı köhnəlmiş avadanlıqlardan
istifadə, bir çox ədəbiyyatın bu cür
insanların ehtiyaclarının ödənilməsi
üçün adaptasiya edilməməsi onları kənardan
kömək olmadan lazımi mətnlərin tez və asan
əldə edilməsi imkanından çox vaxt məhrum edir.
Buna görə də bu məqsədə qulluq edən
kompüterləşdirilmiş kitabxanaların (KK)
reallaşdırılmasını təmin edən XPT paketinin
hazırlanmasına böyük ehtiyac duyulur.
Sözügedən
layihənin məqsədi tam proqram kompleksinin işlənib
hazırlanmasıdır ki, onun bazasında gözdən
əlil olanlar üçün kompüterləşdirilmiş
kitabxana və ya həmin istifadəçilərin avtonom
iş yeri açıla bilər. yeri açıla bilər.
Kitabların
verilənlər bazası mətnlərin axtarışı
və ya saxlanılmasını həyata keçirir,
həmçinin istifadəçilərin lazımi kitab və
ya kitab müəlliflərinin axtarışına dair
göndərdiyi sorğularını emal edir. Kitabxanada
çalışan hər bir istifadəçi oxuduğu
kitabları nişanlamaq, onların siyahısını tutmaq
və verilənlər bazasını
zənginləşdirmək kimi imkanlara malikdir. İstifadəçinin
yerinə yetirdiyi bütün əməliyyatlar yaddaşda
qalır və əgər onların istifadə etdiyi kitab
ləğv edilib və ya şəklini dəyişibsə, o
zaman onlara bu haqda xəbər edilir. Qeydiyyatdan keçmiş
istifadəçilər üçün kitabların
verilənlər bazasına müraciət internet
vasitəsilə mümkün olacaq.
Kitabxanaya ilk dəfə
gələn istifadəçi standart formanı doldurur və bu
məlumatlar administrator tərəfindən reyestrə daxil
edilir. Formada ad, soyad, yaş və s. məlumatlar göstərilir.
Bunun müqabilində istifadəçi, ona kitabxananın
resurslarına çıxışı əldə etməyə
imkan verən unikal identifikator (abonoment) alır. Bu abonoment
reyestrdə qeydiyyatdan keçmiş istifadəçinin
kitabxanaya giriş vaxtını, bu və ya digər
kitabları əldə etmək hüququnu müəyyən
edir.
Bu cür insanlar
kompüterlə işləyərkən mətnlərin
oxunması üçün yetərli qədər dərin
biliklərə və təcrübəyə malik
olmalıdırlar. Bundan əlavə, onlara proqram
təminatından istifadə qaydalarının tədrisi
üçün xüsusi kurslar təşkit edilməli, bu
sahədə proqram təminatını işləyib
həzırlaya biləcək mütəxəssislər
hazırlanmalıdır. Belə layihələr
hazırlanarkən istifadəçilərlə daim
əlaqə saxlanılmalı, texnologiyalar
təkmilləşdirilməli, həmçinin kor və
görmə qabiliyyəti zəif olan
istifadəçilərin təklif və iradları da
nəzərə alınmalı, sorğular,
müzakirələr keçirilməli, təcrübə
mübadilələri aparılmalıdır.
Dövlət
əlillərin reabilitasiyasında, onların yeni iş
yerləri ilə təmin olunmasında, sosial
vəziyyətlərinin
yaxşılaşdırılmasında, müasir
cəmiyyətə inteqrasiyasında maraqlıdır. XPT
isə bu problemlərin həllində səmərəli
vasitələrdən biridir. Artıq bir sıra fond və
təşkilatlar da bu problemlərin həlli
istiqamətində müxtəlif layihələri həyata
keçirməyə başlayıb. Hazırda AMEA İnformasiya
Texnologiyaları İnstitutunda Azərbaycan dilli
mətnlərin səsləndirilməsi problemləri
üzrə də elmi-tədqiqat işləri aparılır.
Hesab edirik ki, respublikamızda belə layihələrin
işlənib hazırlanması və təmənnasız
olaraq kor və görmə qabiliyyəti zəif olanların
ixtiyarına verilməsi bu sahədə atılan
əhəmiyyətli humanist addımlardan biri olardı.
Respublika.- 2007.- 2 dekabr.- S. 5.