İsgəndəriyyə Kitabxanası ilə Milli Kitabxana arasında üçillik fəaliyyət proqramı imzalanmışdır

 

Dekabrın 25-də Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldinin və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun kitabxanalar arasında üçillik fəaliyyət proqramı imzalanmışdır.
Bu münasibətlə Milli Kitabxanada keçirilən tədbirdə Kərim Tahirov bildirmişdir ki, İsmayıl Serageldin dünyada tanınmış şəxsiyyətlərdəndir. İndiyə kimi 20-dən artıq müxtəlif beynəlxalq təşkilatda yüksək vəzifələrdə çalışmışdır. Onun rəhbərliyi ilə dünyanın müxtəlif ölkələrində çoxlu sayda böyük layihələr həyata keçirilmişdir. Hazırda isə dünyanın ən modern kitabxanalarından sayılan İsgəndəriyyə Kitabxanasının direktoru olmaqla yanaşı, həm də Misir Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviridir.
İmzalanacaq fəaliyyət proqramının əhəmiyyətindən danışan natiq diqqətə çatdırmışdır ki, dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməsində İsgəndəriyyə Kitabxanasının təcrübəsi böyük rol oynayacaqdır.
İki gündür ki, ölkəmizdə olduğunu, keçirdiyi işgüzar görüşlərdən böyük məmnunluq duyduğunu vurğulayan, hazırda Prezident İlham Əliyevin qəbulundan gəldiyini bildirən İ.Serageldin onu qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. Söhbət zamanı İlham Əliyevin Azərbaycanda mədəniyyət, o cümlədən kitabxana işinə böyük əhəmiyyət verildiyini diqqətə çatdıran qonaq ölkəmizin rəhbərini müasir dünyagörüşlü siyasətçi kimi dəyərləndirmişdir. O, bugünkü tədbirdən danışarkən Azərbaycan Milli Kitabxanası ilə İsgəndəriyyə Kitabxanası arasında fəaliyyət proqramını imzalamaqdan qürur duyduğunu vurğulamışdır.
Kərim Tahirov və İsmayıl Serageldin kitabxanalar arasında üçillik fəaliyyət proqramını imzaladıqdan sonra burada görkəmli sənətkar Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılışında iştirak etmişlər.
Qonaq Milli Kitabxananın işi ilə tanış olmuşdur.

 

Azərbaycan.- 2007.- 26 dekabr.- S. 5.