Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru
Bakı Dövlət Universitetində olmuşdur
Ölkəmizdə
səfərdə olan Misir Ərəb Respublikası (MƏR)
İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl
Serageldin dekabrın 26-da Bakı Dövlət Universitetində
(BDU) olmuşdur.
Görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov İ.Serageldinin həyat və
fəaliyyəti barədə geniş məlumat vermiş, onun
MƏR-in ən böyük elm məbədlərindən sayılan
İsgəndəriyyə Kitabxanasının
formalaşmasında və inkişafında mühüm
xidmətləri olduğunu bildirmişdir.
Rektor Bakı Dövlət Universitetində təhsilin
inkişafı ilə bağlı həyata keçirilən
tədbirlərdən bəhs edərək diqqətə
çatdırmışdır ki, hazırda bu elm müəssisəsinin
16 fakültəsində 18 mindən artıq gənc təhsil
alır.
BDU-da ərəb dili və ədəbiyyatı üzrə
yüksək ixtisaslı mütəxəssislərin
hazırlandığını qeyd edən akademik
A.Məhərrəmov, eyni zamanda, müəyyən sayda azərbaycanlı
tələbələrin Misir Ərəb Respublikasının
tanınmış universitetlərində dil kursları
keçdiklərini söyləmişdir.
Rektor ölkəmizin kitabxanaları ilə
İsgəndəriyyə Kitabxanası arasında
əlaqələrin genişlənəcəyinə əmin
olduğunu bildirmişdir.
Görüşdən məmnun qaldığını qeyd
edən İ.Serageldin xalqlarımızın dostluq
münasibətlərinin əhəmiyyətini
vurğulamışdır.
Rəhbərlik etdiyi İsgəndəriyyə
Kitabxanasının tarixi və fəaliyyəti barədə
ətraflı məlumat verən qonaq, həmin elm
məbədinin yenidən qurulduğunu, müasir avadanlıqla
təchiz edildiyini nəzərə
çarpdırmışdır.
Sonra İsmayıl
Serageldin universitetin tədris şəraiti ilə tanış olmuşdur.
Xalq qəzeti.- 2007.- 27 dekabr.- S. 8.