Azərbaycan regionda tranzit informasiya mərkəzinə çevriləcək

Müsahibimiz rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovdur

İndi informasiya-kommunikasiya texnologiyalarına böyük diqqət göstərilir və Azərbaycan bu sahədə regionda artıq liderlik mövqelərini

gücləndirir.

         İlham Əliyev



- Cənab nazir, 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Son illər əldə olunan nəticələri necə xarakterizə edərdiniz?

- Dövlət başçısının sərəncamı ilə dekabrın 6-sı ölkəmizdə rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü kimi qeyd olunur və hər il rabitə işçiləri fəxri adlara və mükafatlara layiq görülürlər.
Ölkəmiz sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni səviyyəsinə çıxmışdır. Prezident seçkilərindən keçən 4 il ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımız dünyada analoqu olmayan sürətlə inkişaf etmiş, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Bütün bu nailiyyətlər informasiya- kommunikasiya texnologiyaları (İKT) sahəsindəki islahatların intensiv inkişafına da öz müsbət təsirini göstərməkdədir.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" (2003-2012-ci illər) təsdiq olunması ilə ölkənin rabitə və informasiya texnologiyaları kompleksində yeni mühüm mərhələnin əsası qoyulmuş, bu sahənin yaxın 10 il müddətində inkişafının prioritet istiqamətləri müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti davam etdirərək 4 illik fəaliyyəti dövründə Milli Strategiyanın həyata keçirilməsinə, Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsinə, respublikamızın regionda lider ölkəyə çevrilməsinə xüsusi diqqət yetirmişdir. Təsadüfi deyil ki, cənab İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərə BMT-nin mandatı altında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla başlamışdır. Bu Sammitdə "qara qızılı insan qızılına çevirək" bəyanatı ilə çıxış edən dövlət başçısı İKT-ni Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahə elan etmişdir.
Dövlət başçısı Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin qeyri-neft sektoruna, yüksək texnologiyaların, o cümlədən İKT-nin inkişafına yönəltməyi son dərəcə vacib sayır və bu inkişaf xəttini çox düşünülmüş və proqramlı şəkildə həyata keçirir.
2004-c
ü ilin fevralında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılır və nazirliyin qarşısında çox mühüm vəzifələr qoyulur. Qısa zamanda "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" hazırlanır və təsdiq edilir. Bu sektorun inkişafını təmin edəcək qanunvericilik bazası təkmilləşdirilir, "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında" və "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" kimi mühüm qanunlar qəbul olunmuş, "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı" təsdiq edilir.
- Bu sahədə iqtisadi göstəricilərin artım tempi necədir?
- Son 3 ildə sahə üzrə gəlirlərin artım tempi ümumdünya inkişaf tempini təqribən 2-3 dəfə qabaqlamış, investisiya qoyuluşunun həcmi dinamik olaraq artmış və bu sektorun yeni bir prioritet sahə kimi inkişafına, elmi-texnoloji tutumlu innovasiya layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. İKT-nin ümumi daxili məhsulda payı artmağa meyil etmiş və hal-hazırda iqtisadi hesablamalara görə, 4-5% arasında tərəddüd edir. Bunun nəticəsidir ki, Azərbaycan 2006-2007-ci illər üçün qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə 122 qabaqcıl ölkə sırasında 71-ci yeri tutmuşdur. Azərbaycan bu cədvəldə Rusiyadan sonrakı sıranı tutaraq bir çox nüfuzlu ölkələri, o cümlədən Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan, Moldova kimi ölkələri arxada qoymuşdur.
Sahə üzrə inkişafı xarakterizə edəcək makro göstəricilər üzrə hal-hazırda respublikada hər 100 nəfər əhaliyə düşən telefon aparatlarının sayı təxminən 15 ədəd, mobil telefonların sayı 50, ATS-lərin elektronlaşdırılması səviyyəsi ölkə üzrə 76,7 faiz, o cümlədən Bakı şəhəri üzrə 83,8 faiz, regionlar üzrə 69,8 faiz təşkil edir.
İnternet trafikinin giriş-çıxış həcmi 40 dəfə artaraq 6 Gb/saniyə olmuş, internet xidmətlərindən istifadə haqları 7 dəfə azalmış, istifadəçilərin sayı isə 3 dəfə artmışdır, beynəlxalq danışıqlar üzrə tariflər orta hesabla 2-3 d
əfə aşağı salınmışdır. Genişzolaqlı rabitə xidmətindən istifadə edənlərin sayı da ilbəil artır. 2007-ci ilin 9 ayı üçün telekommunikasiya sektoruna ümumilikdə investisiya qoyuluşunun həcmi 97,6 milyon ABŞ dolları təşkil etmişdir.
- Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq hansı işlər həyata keçirilir?
- "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na (2004-2008-ci illər) uyğun olaraq Mingəçevir şəhərində Qafqazda və Mərkəzi Asiyada ilk konveyer üsulu ilə kompüter istehsal edən "KÜR" elektron avadanlıqları zavodu işə salınmışdır.
Müasir tələblərə uyğun olaraq Azərbaycanın internet zonası da genişlənməkdədir. Respublikamızda 30-dan çox internet provayder fəaliyyət göstərir. Bu gün .az domeni zonasında 5000 - dən çox sayt mövcuddur. www.azerbaijan.az baş portalı vasitəsilə isə bir neçə dildə bizim reallıqlarımız, Azərbaycanda gedən proseslər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır.
İnternetin .az zonasında yüksək təhlük
əsizliyi təmin etmək məqsədilə kök DNS serverlərin Azərbaycan Respublikası ərazisində yerləşdirilməsi prosesi başa çatdırılmışdır. Bu tədbirlər çərçivəsində milli domen zonası bazasında axtarış sistemi yaradılır. İnternet istifadəçilərinə qlobal şəbəkədə domen adlarının yazılışında Azərbaycan əlifbasından istifadə imkanı yaradılır ki, bu da informasiya fəzasında Azərbaycan dilinin təbliği və tətbiqi üçün atılmış ən mühüm addımlardan biri olacaqdır. Azərbaycan bu yeniliyi tətbiq edən ilk ölkələrdən biridir.
Regionlarda internetə çıxışı sadələşdirmək üçün internet şəbəkəsindən istifadəyə görə abunəçilərdən alınan aylıq istifadə haqları ləğv edilmiş və internet provayderlər tərəfindən fiziki birləşdirici rabitə xətlərinə müxtəlif tipli avadanlıqlar qoşmaqla, tətbiq olunan tariflər azaldılaraq, kanalın tutumundan asılı olmayaraq vahid tarif müəyyən olunmuşdur.
"Son mil problemi"nin həllinin tənzimlənməsi, bununla əhaliyə yeni və keyfiyyətli xidmətlərin (VOIC, İnternet, IPTV, IPFon və s.) verilməsi məqsədi ilə Bakı şəhərində NGN texnologiyasının tətbiqi genişləndirilir. Bu proses regionlara da yayılır. Hazırda Şamaxı rayon telefon şəbəkəsinin tam rekonstruksiya edilərək NGN şəbəkəsinin qurulması işləri başa çatmaq üzrədir.
Naxçıvan MR-in rabitəsinin TAE optik xətti vasitəsilə təşkili məqsədilə optik kabelin İran ərazisindən keçməklə tikintisi başa çatdırılmış, Bakı ilə Naxçıvan arasında rabitə TAE magistralından istifadə olunmaqla təşkil edilmişdir. Bu ilin sonuna qədər Türkiyə ilə birləşmə başa çatacaqdır.
Kiçik və orta sahibkarlığın inkişafına kömək, sahəyə əlavə investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin açılması məqsədilə lisenziyalaşdırma prosesi təkmilləşdirilmiş, lisenziyanın verilməsi üçün tələb olunan əlavə şərtlər sadələşdirilmiş, lisenziya alınması üçün dövlət rüsumunun məbləği azaldılmış və lisenziya verilməsi daha da şəffaflaşdırılmışdır. Eyni zamanda, bu işləri beynəlxalq təcrübəyə uyğun daha da inkişaf etdirmək üçün mərhələlərlə Müstəqil Tənzimləyici Qurumun yaradılması nəzərdə tutulmuşdur.
- Birlik və müəssisələrin özəlləşdirilməsi ilə bağlı hansı işlər görülür?
- Bir sıra rabitə birlik və müəssisələri, o cümlədən RİTN-nin tabeliyində olan müəssisə və təşkilatlarının iştirakı ilə yaradılmış müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlət payları özəlləşdirməyə açıq elan edilmişdir. Artıq özəlləşdirməyə açılmış müəssisələrdən bir neçəsi mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirilmiş, digərlərinin özəlləşdirilməsi üçün aidiyyəti üzrə iş aparılır. Sahə üzrə ədalətli rəqabətin təşkili, rabitə müəssisələrinin idarəetmə strukturunun təkmilləşdirilməsi, həmçinin transmissiya şəbəkəsinin bütün operatorlar üçün eyni dərəcədə istifadəsinin təşkili məqsədilə transmissiya şəbəkəsinin operatorlardan ayrılması tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
RİTN və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında imzalanmış qrant müqaviləsinə uyğun olaraq, ABŞ-ın SPR şirkəti tərəfindən RİTN-də strateji və təşkilati struktur islahatlarının aparılması üçün təkliflər hazırlanmışdır.
- "Elektron hökumət"in qurulması nə vaxt başa çatacaq?
- Hazırda Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin olunması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, elektron hökumətin qurulması və intellektual potensialın inkişafı sayəsində sosial-iqtisadi inkişafın yüksəldilməsi prioritet məsələlərdən birinə çevrilməkdədir. Dövlət orqanlarında informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi üçün "Elektron hökumət"in Fəaliyyət və Tədbirlər planı hazırlanmış və təsdiq edilmək üçün hökumətə təqdim olunmuşdur.
Bakı şəhərində və Azərbaycan Respublikasının digər ərazilərində yerləşən dövlət orqanlarının İKT-dən istifadə etmək imkanlarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 may 2005-ci il tarixli sərəncamının yerinə yetirilməsi məqsədi ilə RİTN və Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) tərəfindən "Simens" şirkəti ilə birlikdə DWDM (Dense Wavelength Division Multiplexing) texnologiyası əsasında müasir tələblərə cavab verən dayanıqlı və etibarlı vahid multiservis şəbəkə infrastrukturu yaradılmışdır. Yaradılmış şəbəkə məlumat mübadiləsini 1,6 Terabit/san.-yə qədər artırılmasına imkan verir.
Ölkəmizdə İKT-nin geniş tətbiqi və internet istifadəçilərinin sürətlə artımı elektron ticarətin yaranmasına və inkişaf etməsinə zəmin yaratmışdır.
Hüquqi baza artıq formalaşdırılmış, "Elektron ticarət haqqında", "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Hal-hazırda respublikada "Ali sertifikat xidməti mərkəzinin yaradılması" üzrə tender sənədləri hazırlanır və yaxın vaxtlarda bu işin həyata keçirilməsinə başlanacaqdır. "Azərbaycanda e-ticarətin tətbiq istiqamətlərinin tədqiqi" və "Azərbaycanda e-mağazaların fəaliyyətinin təşkili üçün tövsiyələr paketinin hazırlanması" layihələri həyata keçirilir. Biz ümid edirik ki, bu işlərin praktiki reallaşdırılması e-ticarətin, e-ödənişlərin geniş miqyasda istifadəsi üçün əlverişli şərait yaradacaqdır.
İnkişafın yeni mərhələsində artımın sabit yüksək sürətini saxlamaq çox vacibdir.
Bundan ötrü isə təkcə vəsait, böyük ehtiyatlar deyil, həm də sürətləndirmədə yeni yanaşmalar və mexanizmlər tələb olunur. Dövlət başçısı son 4 ildə ölkənin sürətli inkişafını təmin etmək məqsədi ilə milli maraqlara cavab verən investisiya siyasətinin təkmilləşdirilməsi və real sektorun strukturunda keyfiyyət dəyişikliklərinin edilməsinin, innovasiyalı iqtisadiyyatın yaradılmasının strateji vəzifələrini müəyyənləşdirmiş, hökumətin, onun iqtisadi qurumlarının bu sahədə fəaliyyətinin canlandırılmasını təmin edən fərman və sərəncam imzalamışdır.
- Ölkəmizdə Regional İnnovasiya Zonasının yaradılması nələr vəd edir?
- Ölkə başçısı bu strateji vəzifələrin h
əyata keçirilməsi üçün ölkəmizdə Regional İnnovasiya Zonasının yaradılmasını əsas məqsədlərdən biri kimi qarşıya qoymuşdur. Beynəlxalq ekspertlər RİZ həyata keçirildiyi təqdirdə bu sektorun artım tempini də nəzərə alaraq 2012-ci ilə bu sahə üzrə gəlirlərin 4 milyard ABŞ dolları, 2015-2020-ci illərdə isə neft gəlirləri ilə bərabərləşərək təqribən 10 milyard dollar olacağını və sonrakı inkişafını proqnozlaşdırır.
2007-ci ildə beynəlxalq ekspertlərin iştirakı ilə RİZ-in yaradılması üzrə təkliflər paketi hazırlanmış və hökumətə təqdim olunmuşdur. RİZ çərçivəsində innovasiya sahibkarlığına təkan verəcək texnoparkların, elektron avadanlıqların və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazarın, region ölkələrinə müxtəlif elektron xidmətlərin göstərilməsinə imkan verəcək Qərb-Şərq tranzit informasiya dəhlizinin, yüksək texnologiyalar üzrə tədqiqat mərkəzinin, Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması nəzərdə tutulur.
Təbii ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün RİZ çərçivəsində vergi və gömrük siyasətində güzəştlər, dövlət rüsumlarından azad olunma, əqli mülkiyyətin və investisiyaların qorunması və s. kimi tədbirlərin həyata keçirilməsi vacibdir. İnanırıq ki, RİZ iqtisadiyyatın ixrac potensialının möhkəmləndirilməsi, rəqabətə davamlı məhsullar istehsalının genişləndirilməsinə və digər məsələlərin həllinə təkan verəcəkdir. Strateji məqsədimiz odur ki, informasiya və kommunikasiya texnologiyaları Azərbaycanda neftin gətirdiyi uğurlu estafeti qəbul etsin.
- Bu işlərin həyata keçirilməsi üçün kadr potensialı mühüm şərtdir.
- Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, biliklər iqtisadiyyatına keçidin təmin olunması, genişmiqyaslı elmi tutumlu layihələrin yerinə yetirilməsi üçün ilk öncə güclü kadr potensialı olmalıdır. Məhz bu məqsədlə RİZ layihəsi çərçivəsində müasir tələblərə cavab verə bilən Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması nəzərdə tutulur. Bu tək Azərbaycanın İKT sektoru üçün yüksək səviyyəli kadrlar hazırlanması baxımından deyil, həmçinin region ölkələri üçün də kadr hazırlanması üçün çox əhəmiyyətli və strateji bir təhsil müəssisəsi ola bilər. Bununla bərabər, informasiya cəmiyyətinin aparıcı qüvvəsi olan gənclərə dünyanın tanınmış universitetlərində təhsil alaraq, ixtisaslı mütəxəssis kimi ölkəmizin ümumi inkişafına öz töhfələrini vermək üçün də geniş imkanlar yaradılmalıdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İKT sektorunu Azərbaycanda prioritet sahə elan etməklə bərabər, bu sahənin inkişafı üçün insan resurslarının inkişafını da zəruri bir şərt kimi irəli sürmüşdür. Bu baxımdan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" geniş imkanlar açır, İKT üzrə insan potensialının inkişafı sahəsində Azərbaycanın əməkdaşlıq imkanları daha da genişlənir. Artıq nazirlik dünyanın bir neçə tanınmış İT universitetləri ilə əlaqələr qurmuşdur. ABŞ-ın Corc Meyson, San-Xose Dövlət və Los-Anceles Kaliforniya, İsveçin Çalmers Texnologiya və İnformasiya Texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmışdır. Həmçinin, Avropanın və Asiyanın tanınmış İT universitetləri ilə də danışıqlar aparılır.
Bu prosesi daha məqsədyönlü etmək üçün respublikamızda fəaliyyət göstərən yerli və xarici İT şirkətlərinin həmtəsisçiliyi ilə "İKT-nin inkişafı naminə insan resursları fondu" təsis edilmişdir. 2006-2007-ci tədris ilində Fondun xətti ilə 15 azərbaycanlı gənc dünyanın müxtəlif tanınmış universitetlərində müasir İKT ixtisasları üzrə təhsil almaq üçün xarici ölkələrə göndərilmişdir.
İKT sahəsində olan mütəxəssislərin müasir elmi və digər məlumatlara olan tələbatını ödəmək məqsədi ilə 2007-ci ildə İKT üzrə sahə E-kitabxanası yaradılmışdır. E-kitabxana, həmçinin Azərbaycan Respublikasının 12 universitetinin İKT üzrə kitab, jurnal və digər mənbələrinin kataloqunu özündə birləşdirir.
- Azərbaycanın tranzit informasiya mərkəzinə çevrilməsi nə vaxt reallaşa bilər?
- RİTN-nin qarşısında duran ən başlıca vəzifələrdən biri də Azərbaycanı regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevirməkdir. Azərbaycan fibro-optik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşir. Biz yaxın perspektivdə Xəzər dənizinin dibi ilə yeni fibro-optik kanal buraxmaqla, Azərbaycanı Şərqlə-Qərb arasında əlverişli tranzit məkanına çevirə biləcəyik. Tədqiqatlar göstərir ki, hazırda əsas informasiya resursları Qərbdə yerləşdiyi halda, Şərqdə istifadəyə tələb çoxalır. Bu gün Qərbdən alınan informasiyaya görə itirilən məsrəflərin təxminən 90 faizi yol xərcinə sərf olunur. Əgər biz Qərbdəki informasiyanı gətirib Azərbaycanda yerləşdirsək, Şərq üçün informasiyaların qiyməti bir neçə dəfə aşağı düşəcək. Biz informasiyaların Azərbaycanda yerləşdirilib buradan satılmasına çalışacağıq. Obrazlı desək, Bakı "İnformasiya Dubayı" missiyasını həyata keçirə bilər. Bununla əlaqədar, "Azərbaycan informasiya məkanı kimi" adlanan bir layihə hazırlayırıq. Qərb şirkətləri ilə aparılan danışıqlar nəticəsində konsorsium yaradılması və həmin konsorsium tərəfindən bu işin həyata keçirilməsi planlaşdırılır. Bu gün respublikamızın ərazisindən həmçinin Avropa-Asiya telekommunikasiya xətti keçir. Biz Pakistanla və İranla danışıqlar apararaq bu kanal vasitəsilə Sakit okean ölkələrinə alternativ çıxış əldə etmək istəyirik. Bunlar da Azərbaycanın ucuz qiymətlərlə tranzit informasiya ölkəsinə çevrilməsinə imkan yaradacaqdır.
Eyni zamanda, peyk rabitəsini ucuzlaşdırmağı qarşımıza əsas vəzifələrdən biri kimi qoymuşuq. Hazırda respublikamızda beynəlxalq və şəhərlərarası rabitənin bir qismi və radio-televiziya yayımının regionlara ötürülməsinin əsas hissəsi peyk rabitəsi vasitəsilə həyata keçirilir. Respublika ərazisinin relyefinin 50%-dən artıq hissəsinin dağlıq ərazi olduğunu və peyk rabitə sistemləri ilə rabitənin daha operativ təşkilinin mümkünlüyünü nəzərə alsaq gələcəkdə ona olan tələbatın daha da genişlənəcəyi gözlənilir.
Respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının, xarici və yerli şirkətlərin geniş fəaliyyəti üçün lokal şəbəkələrin qurulması və onların beynəlxalq şəbəkələrə qoşulmasına olan tələbat nəticəsində son bir neçə il ərzində müxtəlif texnologiyalı 100-dən artıq yerüstü peyk stansiyaları qurulmuşdur.
Bununla yanaşı bu sahədə tələbatımızı tam ödəmək, həmçinin ölkəmizin tranzit informasiya mərkəzinə çevrilməsi üçün milli peykə sahib olmamız vacibdir. Artıq bu istiqamətdə müəyyən addımlar atılmışdır. "Azərsat" milli rabitə peyki üçün orbital mövqeyin alınması məqsədi ilə nazirlik ilkin təkliflər paketi hazırlamış və Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim etmişdir. Bir çox tanınmış şirkətlər artıq bu layihədə iştirak etmək niyyətlərini bildirmişlər.
Nazirlik regionlarda ölkədə informasiya texnologiyalarının nüfuzetmə səviyyəsini artırmaq, əhaliyə keyfiyyətli xidmətin verilməsi, informasiya bərabərsizliyinin azaldılması istiqamətində müvafiq işlər görür.
BMT İP dəstəyi ilə respublikanın bütün bölgələrini əhatə edəcək vahid AzDATACOM şəbəkəsinin yaradılması üzrə işlər sürətlə reallaşdırılır. Belə bir şəbəkənin yaradılması ilə ölkə ərazisində 10 Gbit/san. sürətlə məlumatların ötürülməsi imkanı təmin olunacaqdır. Hal-hazırda Bakı şəhəri üzrə işlər tamamlanmış və regionlarda isə bu iş davam etdirilir. AzDATACOM şəbəkəsinin tam istifadəsi respublikanın regionlarında ucuz, keyfiyyətli və sürətli internet xidmətlərinin göstərilməsinə, NGN texnologiyası və İP-telefon xidmətlərinin regionlarda da inkişaf etdirilməsinə imkan verəcəkdir. AzDATACOM şəbəkəsi bank və biznes sektorunun inkişafına da müsbət təsir göstərəcəkdir. Korporativ şəbəkələrinin yaradılması və respublikanın istənilən nöqtəsində korporativ obyektlərin bu şəbəkəyə qoşulması biznes sektorun ən müasir idarəetmə sisteminə keçməsinə şərait yaradacaqdır.
- Poçt sahəsinin inkişafı üçün hansı tədbirlər görülür?
- Dünya Bankının dəstəyi ilə poçt sistemində "Maliyyə xidmətlərinin inkişafı" layihəsi həyata keçirilir. Bu layihənin həyata keçirilməsi ilə respublikanın poçt şöbələri vahid kompüter şəbəkəsində birləşdiriləcək və Azərbaycan poçtu bank və maliyyə xidmətləri göstərməklə keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatmış olacaqdır. Bundan əlavə, layihə çərçivəsində internet xidmətlərin, həmçinin gələcəkdə elektron ticarət, kiber-poçt və s. yeni xidmətlərin göstərilməsi də nəzərdə tutulur ki, bu da poçt sisteminə əlavə gəlir gətirəcəkdir. Pilot layihə kimi xidmətlər ilk növbədə Bakı və Sumqayıtda, daha sonra isə ölkəmizin regionlarında tətbiq olunacaqdır.
- "Xalq kompüteri" layihəsi necə həyata keçirilir?
- Əhalini güzəşti şərtlərlə kompüterlə təmin etmək, həmçinin bu sahədə yerli istehsalı genişləndirmək məqsədi ilə RİTN-in təşəbbüsü ilə "Microsoft" və "İntel" şirkətləri ilə birgə "Xalq kompüteri" layihəsinin həyata ke
çirilməsi istiqamətində işlər aparılır. Layihənin müsbət cəhətlərindən biri kompüterlərin istehsalının yerli şirkətlər tərəfindən həyata keçirilməsinin nəzərdə tutulmasıdır. Bu, yeni iş yerlərinin açılması ilə bərabər, yerli informasiya texnologiyaları mütəxəssisləri üçün böyük bir təcrübə əldə etmək imkanı yaradacaqdır. Layihə çərçivəsində bütün kompüterlər lisenziyalı proqramla təmin olunacaqdır. Bu istiqamətdə artıq müəyyən işlər görülmüşdür. "Microsoft" şirkətinin vitse-prezidenti Kreyq Mandinin iştirakı ilə layihənin ilkin təqdimatı keçirilmişdir. Windows XP əməliyyat sisteminin və MS Offise proqram paketinin Azərbaycan dili versiyası rəsmi istifadəyə verilmiş, Windows Vistanın lokallaşdırılması üzrə işlər davam etdirilir. Hal-hazırda "Xalq kompüteri" layihəsinin iqtisadi əsaslandırılması və həyata keçirilməsi mexanizmlərinin müəyyən olunması üçün əlaqədar qurumlarla birlikdə işlər aparılır.
Regionlarda rəqəmsal geriliyin aradan qaldırılması, İKT sahəsinin geniş təbliği və milli kadrların hazırlanması və kompüter savadlılığının artırılması məqsədilə RİTN-in təşəbbüsü və dəstəyi ilə Goranboy rayonunda informatika müəllimləri, Şamaxı rayonunda isə gənclər üçün təlim kursları təşkil olunmuş, Naxçıvanda, Gəncədə və Lənkəranda beynəlxalq konfranslar keçirilmişdir. Gələcəkdə bu cür tədbirlər digər regionlarda da həyata keçiriləcəkdir.
2007-ci ildə respublikanın ali təhsil müəssisələrinin komandaları arasında informatika üzrə ümumrespublika olimpiadası, İKT üzrə "ən yaxşı məqalə, kitab, jurnal, TV verilişi, dövlət qurumu, İT şirkəti" nominasiyaları üzrə respublika m
üsabiqəsi keçirilmişdir.
- Azərbaycanda "BakuTel-2007" beynəlxalq sərgi-konfransı keçirildi. Bunun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə keçirilən Bakutel-2007 "Telekommunikasiya və informasiya texnologiyaları" 13-cü beynəlxalq sərgi və konfransında dünyanın aparıcı şirkətlərinin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki son nailiyyətləri - telekommunikasiya və şəbəkələr, bank texnologiyaları və xidmətləri, təhlükəsizlik sistemləri, informasiya və ofis texnologiyaları və avadanlıqları, kabel və simsiz rabitə, teleradio yayımı və peyk rabitəsi avadanlıqları, onların proqram təminatları və avtomatlaşdırma sistemləri nümayiş etdirildi.
"Bakutel-2007" beynəlxalq sərgi-konfransı çərçivəsində Azərbaycanda ilk telefon rabitəsinin istismara verilməsinin 125 illiyinə həsr olunmuş "Regional İnnovasiya Zonası: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans təşkil olunmuşdur. Bu beynəlxalq sərgi və konfransda bir sıra ölkələrin müvafiq nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu şirkətlərin prezidentləri, alim və mütəxəssislər iştirak etdilər.
- Beynəlxalq əməkdaşlıq necə qurulub?
- Nazirlik İKT sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə də böyük diqqət yetirir. Qısa müddət ərzində dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq memorandumları, müqavilələr, müxtəlif sazişlər imzalanmışdır. Son 3 ildə bir dəfə ABŞ-ın Vaşinqton şəhərində, iki dəfə Kaliforniya ştatında, bir dəfə isə Bakıda Amerika-Azərbaycan, Sloveniyada Azərbaycan-Sloveniya, Bakıda Azərbaycan-İsrail İKT biznes forumları keçirilmişdir. Dünyanın və regionun tanınmış şirkətləri "İntel", Hewlett Packard, İBM, "Cisco", "Microsoft" və s. Azərbaycanda öz nümayəndəliklərini açmışlar. Tanınmış İKT şirkətlərinin rəhbərlərinin respublikamıza səfərləri, eləcə də 2007-ci ilin yanvar ayında Davosda keçirilmiş ənənəvi iqtisadi forumda dünyanın aparıcı şirkətləri olan "Microsoft", "Cisco" və "İntel"in rəhbərlərinin təşəbbüsü ilə onların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir.
Bundan əlavə, son illər Azərbaycanda İKT üzrə keçirilmiş beynəlxalq sərgilər, "Rəqəmsal uçurum və bilik iqtisadiyyatı: problemlər və həlli yolları" mövzusunda Qlobal İnformasiya Kommunikasiya Texnologiyaları Konfransı, Türkdilli ölkələrin IV İnformatika forumu, YUNESKO-nun xətti ilə məsafədən təhsil mövzusunda keçirilmiş beynəlxalq forumu, "Futuroloji tədqiqatlar və Qafqazın gələcəyi" mövzusunda beynəlxalq konfransı, iki Nobel mükafatı laureatlarının iştirakı ilə nanotexnologiyalar üzrə konfrans və digər beynəlxalq tədbirlər ölkəmizin İKT sektorunda gedən proseslərə beynəlxalq dəstək və diqqətin təzahürüdür.
Artıq əminliklə demək olar ki, İKT-nin sistemli inkişafı üçün Azərbaycanda tam şərait yetişmiş və əsas istiqamətlər məlumdur. Hazırda Azərbaycanda dövlət, özəl, beynəlxalq və qeyri-hökumət strukturlarının kooperasiyası formalaşmaqdadır ki, bu da inkişafın dayanıqlı olması üçün əsas faktorlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeni neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, ölkədə İKT-nin inkişaf dinamikası, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyduğumuz vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı Azərbaycanın yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrinin ön sırasında olacağına böyük zəmanət verir.

Azərabaycan.- 2007.- 6 dekabr.- S. 2.