Cəbrayılov R.
İnformasiya
azadlığı, yoxsa məsuliyyətsizlikdən doğan
xaos?
Antik
dövrlərdən bugünədək təkamül yolu
keçən, vətəndaş cəmiyyəti
institutlarının dinamik inkişafını dövlətin prioritet
vəzifəsi kimi önə çəkən demokratiya
müasir dövrdə hər bir xalqın
özünüifadə vasitəsinə, strateji inkişaf
yoluna çevrilmişdir. Obyektiv həqiqətin aşkara
çıxarılmasına, çoxluğun rəyini
ifadə edən ədalətli qərarların qəbuluna
əsaslanan demokratik idarəetmə
hakimiyyət-vətəndaş münasibətlərinin
tənzimlənməsinin bugünkü reallıqda ən
optimal, çevik, və ahəngdar forması kimi obyektiv
üstünlüyə malikdir.
Yeni dünya demokratiyanı sivil və davamlı
inkişafın prioritet istiqaməti kimi meydana
çıxarmış, sivilizasiyalararası dialoqun əsas
amili kimi müəyyənləşdirmişdir. Hazırda
istənilən dövlətdə demokratiyanın inkişaf
səviyyəsi həm də fərdin təbii azadlıqlarının
qorunmasına zəmin yaradan plüralist mühitin
formalaşdırılması, daha dəqiqi, söz,
məlumat, informasiya və fikir azadlıqlarının
yüksək səviyyədə təminatı ilə
ölçülür. Bu azadlıqlar cəmiyyətdə
şəffaflığı, siyasi plüralizmi və
tolerantlığı şərtləndirməklə,
insanların beynəlxalq konvensiyalar və digər normativ
hüquqi aktlarda təsbit edilmiş hüquqlarının
etibarlı müdafiəsinə geniş imkanlar açır.
Söz, fikir və mətbuat azadlıqları siyasi
plüralizmi, eyni zamanda demokratik və şəffaf
idarəçiliyi təmin edir. Bu dəyərləri öz
fəaliyyətində daha çox təcəssüm
etdirən kütləvi informasiya vasitələri
cəmiyyət həyatının bütün
sahələrinə təsir göstərən qüdrətli
vasitələrdən biri kimi, ictimai rəyin
formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf
istiqamətlərinin müəyyənləşməsində
mühüm rol oynayır. Söz, fikir, informasiya və
mətbuat azadlıqları bir sıra beynəlxalq konvensiyalar
və sazişlərlə, o cümlədən BMT-nin 10 dekabr
1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları
Bəyannaməsində ali dəyərlər kimi təsbit
edilmişdir. Öz fikir və ideyalarını azad
şəkildə ifadə etmək demokratik cəmiyyətin
özəyi olmaqla yanaşı, onun tərəqqisinin və
ayrılıqda hər bir fərdin inkişafının
başlıca şərtlərindən biridir. Demokratik toplum
özünə uyğun azad, müstəqil və plüralist
medianın inkişafını təmin etməlidir.
Ötən əsrin sonlarında müstəqillik
qazandıqdan sonra demokratik inkişaf yolunu prioritet seçmiş
Azərbaycan Respublikası da bu ümumbəşəri
dəyərlərə sadiqliyini bəyan etmiş, hər bir
fərdin öz fikrini, rəyini müxtəlif tribunalarda, o
cümlədən kütləvi informasiya
vasitələrində tam sərbəst və azad
şəkildə ifadə etməsinə, qanunla
müəyyən olunmuş qaydada informasiya toplamasına,
yaymasına, eləcə də kütləvi informasiya
vasitəsi təsis etməsinə maksimum imkanlar yaradan
plüralist mühit formalaşdırmışdır. Ulu öndərimiz
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq
12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə
qəbul edilmiş ilk milli Konstitusiyamızda söz, fikir
və məlumat azadlığı ilə bağlı konkret
müddəalar əksini tapmışdır. Əsas Qanunun
47-ci maddəsində göstərilir ki, hər kəsin fikir
və söz azadlığı vardır, heç kəs
öz fikir və əqidəsini açıqlamağa, yaxud
fikir və əqidəsindən dönməyə məcbur
edilə bilməz. Konstitusiyanın 50-ci maddəsi isə
hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq,
əldə etmək, ötürmək, hazırlamaq və
yaymaq azadlığını təsbit edir. Bu maddə
kütləvi informasiyanın azadlığına təminat
verməklə yanaşı, kütləvi informasiya
vasitələrində, o cümlədən mətbuatda
dövlət senzurasını qadağan edir.
Son 12 ildə Konstitusiya müddəaları əsasında
həyata keçirilən hüquqi islahatların
nəticəsi olaraq bu gün Azərbaycan Respublikası
söz, fikir və mətbuat azadlığının
yüksək səviyyədə qorunduğu tolerant və
plüralist məkan kimi tanınır. Ulu öndərimiz
Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan
Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində
tədbirlər haqqında" fərmanı ilə
kütləvi informasiya vasitələri üzərində
senzura ləğv olunmuş, bu sahənin inkişafını
stimullaşdıran bir sıra zəruri tədbirlər
həyata keçirilmişdir. 2001-ci ildə Avropa
Şurası kimi mötəbər bir təşkilatın
tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan
ölkədə söz, mətbuat azadlığının,
fikir plüralizminin gücləndirilməsi istiqamətində
yeni təcrübə və imkan əldə etmişdir.
Ümumiyyətlə, son 10 ildə qəbul edilmiş
çoxsaylı qanunlar vətəndaşların Konstitusiya
ilə təsbit edilmiş söz, fikir və mətbuat
azadlıqlarının təminatına və hüquq
müstəvisində tənzimlənməsinə sivil imkanlar
yaratmışdır. Bu baxımdan 10 iyun 1997-ci il tarixli
"Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında", 19 iyun 1998-ci il
tarixli "Məlumat azadlığı haqqında", 3 aprel
1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma
və informasiyanın mühafizəsi haqqında", 7 dekabr
1999-cu il tarixli "Kütləvi informasiya vasitələri
haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf
mühitə dair informasiya almaq haqqında" Azərbaycan
Respublikasının qanunlarının əhəmiyyətini
xüsusi qeyd etmək lazımdır.
Azərbaycanda bu gün insan hüquqlarının, siyasi
plüralizmin, vətəndaş cəmiyyətinin
mövcudluğu təsdiqini həm də demokratik institut kimi
formalaşmış kütləvi informasiya
vasitələrinin müstəqil fəaliyyətində,
onların inkişafı üçün yaradılmış
hüquqi təminatlarda tapır. Respublikamızın
ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik
dəyərlərin daha geniş şəkildə
bərqərar olması, müstəqil
dövlətçiliyin siyasi, iqtisadi və hüquqi
dayaqlarının möhkəmlənməsi prosesi
sürətləndikcə, Azərbaycan iqtidarı da söz
və mətbuat azadlığının qanunvericilik
bazasının demokratikləşdirilməsi
istiqamətində yeni-yeni addımlar atır. Bununla belə,
söz, fikir və mətbuat azadlığı
üçün respublikamızda yaradılmış liberal
və tolerant mühit bəzi hallarda bu sahədə
müəyyən problemlərin ortaya çıxmasına,
xüsusən də informasiyanın toplayıcısı
və cəmiyyətə ötürücüsü
funksiyasını yerinə yetirən kütləvi informasiya
vasitələrində qanunların və peşə
davranışı normalarının kobud şəkildə
pozulması hallarına da gətirib çıxarır. Bu
sahədə özünü göstərən köklü
problemlər - ciddi mətbuatın nisbətən
azlığı, bir sıra qəzetlərin öz
fəaliyyətini "reketçilik", şantaj
üzərində qurması, insanların şərəf
və ləyaqətini təhqir etməsi, şəxsi
toxunulmazlıq hüququnu pozması və s. neqativ hallar
cəmiyyətdə haqlı narazılıq doğurur,
insanlığın ali zinəti olan sözün
ucuzlaşmasına, dəyərdən düşməsinə səbəb
olur.
Cəmiyyətdə qanunçuluğun, hüquq
qaydalarının, insan hüquq və azadlıqlarının
təminatı prosesində fəal mövqe tutmalı olan bir
çox qəzetlərin fəaliyyəti, təəssüf
ki, tamamilə əks mənzərə yaradır. Mətbuat
azadlığına, əks fikrə, informasiya yayımına
maksimum şərait yaradılması, hakimiyyət
məmurlarının, ictimai-siyasi xadimlərin KİV-ə
dözümlü yanaşması məsuliyyətsiz "yazarları"
daha da pərvazlandırır, onların qanunları
açıq-aşkar pozmasına, aşkar
məsuliyyətsizliyinə şərait yaradır.
Cəzasızlıq mühiti arzusunda olan belə
"yazarlar" artıq həm də təhqir və
böhtana görə hüquqi məsuliyyətdən azad
edən yeni qanunların qəbulunu israrla tələb edir,
mətbuat xaosu üçün presedent
formalaşdırmağa çalışırlar.
Söz azadlığından sui-istifadə edən bu
"yazarlar" hər bir vətəndaşın
şərəf və ləyaqətinin ölkə
Konstitusiyası ilə qorunduğunun fərqinə belə
varmırlar. Unutmaq lazım deyil ki, Azərbaycan
Konstitusiyası hər bir şəxsin şərəf və
ləyaqətini, şəxsi toxunulmazlıq hüququnu da
birmənalı təsbit edir. Konstitusiyanın 32-ci
maddəsində göstərilir ki, hər kəsin
şəxsi toxunulmazlıq, o cümlədən şəxsi
və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla
nəzərdə tutulan hallardan başqa, şəxsi
həyata müdaxilə qadağandır. Eyni zamanda öz
razılığı olmadan kimsənin şəxsi
həyatı haqqında məlumatın toplanılmasına,
saxlanılmasına, istifadəsinə və yayılmasına
yol verilmir. Konstitusiyamızın 46-cı maddəsi ilə
hər kəsin öz şərəf və ləyaqətini
müdafiə etmək hüququ tanınır. Bu
maddədə göstərilir ki, "şəxsiyyətin
ləyaqəti dövlət tərəfindən qorunur və
heç bir hal şəxsiyyətin ləyaqətinin
alçaldılmasına əsas verə bilməz".
BMT-nin Ümumdünya İnsan Haqları Bəyannaməsinin
12-ci maddəsində, eləcə də "Mülki və
siyasi hüquqlar haqqında Beynəlxalq pakt"ın 17-ci
maddəsində göstərilir ki, "Heç kəsin
şəxsi və ailə həyatına özbaşına,
qanunsuz müdaxilə, mənzil toxunulmazlığına, yaxud
yazışma sirrinə özbaşına, yaxud qanunsuz
qəsd, yaxud şərəfinə və adına qanunsuz
qəsd edilə bilməz". Insanın şəxsi
toxunulmazlıq hüququ həm də onun şəxsi
həyatı haqqında olan informasiya toxunulmazlığını,
rabitə vasitələrilə ötürülən
məlumatların toxunulmazlığını əhatə
edir. Informasiya toxunulmazlığı - öz
razılığı olmadan heç kimin şəxsi
həyatı haqqında məlumatın toplanmasına,
saxlanmasına, istifadəsinə və yayılmasına yol
vermir.
Hər bir şəxsin şərəf və ləyaqəti
eyni zamanda Azərbaycan Respublikasının cinayət
qanunvericiliyi ilə də qorunur. Cinayət Məcəlləsinin
147-ci maddəsi böhtan, 148-ci maddəsi isə təhqirə
görə cinayət məsuliyyətini müəyyən
edir. "Böhtan, yəni, yalan olduğunu bilə-bilə hər
hansı şəxsin şərəf və ləyaqətini
ləkələyən və ya onu nüfuzdan salan
məlumatları kütləvi çıxışlarda,
kütləvi nümayiş etdirilən əsərdə
və ya kütləvi informasiya vasitələrində
yayma" Cinayət Məcəlləsinin 147-ci maddəsinə
əsasən cinayət hesab edilir. Həmin Məcəllənin
148-ci maddəsinə görə isə "Kütləvi çıxışlarda,
kütləvi nümayiş etdirilən əsərdə
və ya kütləvi informasiya vasitəsində
şəxsiyyətin şərəf və ləyaqətini
nalayiq formada qəsdən alçaltma" təhqir kimi
tövsif olunur. Mətbuatda açıq-aşkar böhtan
və təhqirləri davam etdirmək niyyətində olan
"qələm qoçuları" bu maddələrin
Cinayət Məcəlləsindən
çıxarılmasına nail olmaqla öz
qeyri-peşəkar, dələduz fəaliyyətlərini davam
etdirmək, insanların heysiyyatı ilə oynamaq
məqsədi güdürlər. Xatırladım ki,
Cinayət Məcəlləsində jurnalistlərin sırf
peşə fəaliyyəti ilə bağlı
məsuliyyət nəzərdə tutan maddə yoxdur.
Həsən bəy Zərdabi ənənələrinə
sadiq qalan, bütün məsələlərə obyektiv
yanaşan peşəkar jurnalistlər birmənalı olaraq
əxlaqa, jurnalist etikasına sığmayan yazılara
rəvac verən bu bir qrup qaragüruha mənfi münasibət
bildirirlər.
Ucuz şöhrət, asan qazanc dalınca qaçan
cızmaqaraçılara qarşı birgə mübarizə
aparmaq, jurnalistikanın təməl prinsiplərinə
kökündən zərbə vuranlara layiqli yerlərini
göstərmək əvəzinə, bəzi KİV
yazarları bu məsələdə fərqli mövqe tutaraq
öz narahatlıqlarını göstərirlər. "Reket
jurnalistikanın" müdafiəsinə hesablanan bu tip
yazılar "qələm qoçuları"nın
geniş əl-qol açmalarına şərait yaradır ki,
bu da bütövlükdə həqiqi jurnalistikaya arxadan vurulan
zərbədir. Buna isə heç bir vəchlə imkan
vermək olmaz. Çünki yazdığı fikrə
görə məsuliyyət hiss etməyən, mənəvi
senzura hissindən xəbərsiz olan reket "yazarlar"
normal əxlaqlı insanın özünə rəva
bilmədiyi hər cür nalayiq sözü, təhqiri,
söyüşü qəzet səhifələrinə
gətirir, heç bir fakta, dəlilə əsaslanmayan
cızmaqaraları ilə məkrli məqsədlərini
gerçəkləşdirməyə
çalışırlar.
Yəqin çoxları razılaşar ki, bu gün
Azərbaycanın bir sıra mətbuat orqanlarında
bilərəkdən yalan, böhtan xarakterli, yaxud qeyri-dəqiq
informasiyaların dərci, vəzifəli şəxslərin,
ictimai-siyasi xadimlərin heysiyyatına toxunan, onların
nüfuzuna xələl gətirən əsassız,
sifarişli yazıların dərci də adi hal
almışdır. Bu gün əksər "qəzetlər"də
açıq təhqirlərə, söyüşlərə,
hətta qarğış və hədyanlara da rast
gəlmək olar. Onlarda qərəzsizlik, obyektivlik,
vicdanlılıq, hadisələrə obyektiv baxış kimi
ümdə jurnalistika prinsiplərindən danışmaq
isə, sadəcə, mümkün deyildir.
Kütləvi informasiya vasitələrində özünü
göstərən neqativ tendensiyalar heç də ölkə
Konstitusiyasının və qanunlarının kobud
şəkildə pozulması, peşə etikasına
riayət olunmaması ilə məhdudlaşmır. Normal
jurnalist fəaliyyəti ilə auditoriya əldə edə
bilməyən və yaxud buna peşəkarlığı
çatmayan bu cür kütləvi informasiya vasitələri
"çıxış yolu" kimi əsasən sensasiya
xarakterli, insanları qorxu, vahimə, gərginlik və stress
içində saxlayan informasiyalara daha çox yer verirlər.
Əslində, bu neqativ meyilləri məsuliyyətsiz və
qeyri-peşəkar jurnalistlərin "mənəvi
terror"u kimi də səcyyəlndirmək olar.
Bu gün problemlərdən biri də neqativ enerjili, qeyri-real
informasiyaların qəbulu ilə bağlıdır.
Mübaliğəsiz demək olar ki, bu gün neqativ
informasiyanın insan səhhəti üçün
fəsadları ümumən havanın, suyun, ətraf
mühitin çirklənməsindən dəyən
zərərdən heç də az deyil. İş o yerə
çatıb ki, ölkə vətəndaşları sakit
həyat tərzi keçirmək, stress, kəskin emosiya,
depressiya, frustrasiya kimi mənfi psixoloji hallardan uzaq olmaq
üçün informasiya eşitmək istəmir, az qala,
sözlərini kütləvi informasiya vasitələrindən
təcrid edirlər.
Bu yanaşma aqressiv müxalifət partiyalarının
təsir dairəsində olan qəzetlərə
münasibətdə özünü daha qabarıq
göstərir. Təəssüf doğuran haldır ki, bu
"qəzetlərdə" bir dənə də olsun,
müsbət məzmunlu, ürəkaçan, insanda xoş
təəssürat oyadan informasiyaya, yazıya rast
gəlmək olmur. İfrat siyasiləşmiş partiya
qəzetləri Azərbaycandakı daxili vəziyyəti
faciələşdirmək, ölkənin qazandığı
uğurlara kölgə salmaq üçün ən ağlasığmaz
üsullara əl atırlar. Radikal müxalifət
partiyalarının ifrat radikallıq, nihilizm,
inkarçılıq, pozitiv proseslərə neqativ rakursdan
yanaşmaq kimi mənfi məziyyətləri onların
təsirində olan mətbu nəşrlərin
mövqeyində daha qabarıq sezilir. Müxalifət
qəzetlərində çalışan bəzi
jurnalistlər özlərini partiya funksionerləri kimi
aparır, ölkənin uğurlarına sevinmək
əvəzinə, yasa batırlar. Ağa qara deməyə bir
növ vərdiş edən bu qəzetləri oxuyanların
əhvalı istər-istəməz pozulur. Özünü
Azərbaycan vətəndaşı hesab edən belələrinin
milli maraqlara, ölkənin taleyüklü problemlərinə
nihilst, etinasız yanaşması, qazanılan uğurları
şübhə altına almağa çalışması
hamıda təəssüf hissi doğurur. Sanki bu gün
Azərbaycanda heç bir müsbət iş
görülmür, heç bir mütərəqqi yenilik
yoxdur. Sadəcə, anlayırlar ki, ölkədə
müşahidə olunan sürətli iqtisadi inkişaf və
tərəqqi hakimiyyətin mövqelərini daha da
gücləndirir.
Radikalizm mərəzinə tutulmuş bəzi müxalifət
qəzetləri hazırda belə bir cəfəng fikri də
zorla ictimai rəyə sırımağa
çalışırlar ki, guya mövcud hakimiyyətin
dövründə hansısa seçkidə iştirak
etmək, qanun çərçivəsində mübarizə
aparmaq mümkün deyil. Adətən, belə anormal
təbliğat metodlarından terrorçular öz
fəaliyyətlərinə "haqq qazandırmaq"
üçün istifadə edirlər. Halbuki bu
qəzetləri himayə edən partiyaların
seçkilərə nə siyasi, nə hüquqi, nə də
psixoloji baxımdan hazır olmadığı qabarıq
sezilir. Onlar növbəti prezident seçkilərində
fəaliyyətlərini dağıdıcılıq
planları üzərində qurmağa, ictimai-siyasi
vəziyyəti süni şəkildə gərginləşdirməyə
və ölkənin beynəlxalq nüfuzuna xələl
gətirməyə çalışırlar.
"Məqsəd hərəkətə haqq
qazandırır" prinsipindən çıxış
edən bu "qəzetlər" siyasi mübarizədə
terrora dolayısı ilə haqq qazandırmaqdan belə,
çəkinmirlər.
Siyasi mübarizədə polemika mədəniyyəti son
dərəcə vacib keyfiyyətlərdən sayılır.
Bu gün ən müxtəlif mövzular barədə sivil
polemikaya girməyi, ölkənin davamlı inkişafı,
cəmiyyəti maraqlandıran məsələlərlə
bağlı əsaslandırılmış fikir irəli
sürməyi bacarmayan aqressiv müxalifətin bu neqativ
cəhəti həm də onun təsir dairəsində olan
qəzetlərdə özünü daha qabarıq
büruzə verir. Ağa qara deməyə bir növ
vərdişkarda olmuş bu qəzetlər
cəmiyyətdə münasibətlərin sivil
inkişafına xidmət edən ən mütərəqqi
təklif və ideyaları belə, qərəzlə
qarşılayır, cılız siyasi maraqlarına uyğun
şəkildə şərh etməyə
çalışırlar. Əslində, bu həm də
aqressiv müxalifətin sivil və demokratik mübarizə imkanlarının
məhdudluğu ilə şərtlənir. Onlar
istənilən dəyərli təklif və ideyaları ilk
gündən kölgə altına salmaq, ona şübhə
ilə yanaşmaq, cəmiyyətdə
çaşqınlıq yaratmaq kimi köhnə
vərdişlərindən əl çəkmək
istəmirlər. Böhtan, təhqirlə dolu olan
yazıların mətbuat səhifələrində yer
almasına mənfi münasibət bildirən dəyərli
ziyalıların ünvanına heç bir əsası olmayan
ittihamlar yağdırır, beləliklə, cılız, dar
təfəkkür sahibi olduqlarını bir daha nümayiş
etdirirlər. Azərbaycan cəmiyyətində geniş
müzakirə predmetinə çevrilən məsələ
ilə bağlı tutarlı arqumentlər gətirmək
əvəzinə, yazı müəllifini hədəfə
alır, etik normalarla bir araya sığmayan fikirləri öz
qəzet səhifələrinə gətirirlər. Bu və
digər məqamlar radikal müxalifətin və onun təsir
dairəsində olan qəzetlərin siyasi polemika
mədəniyyətindən kənar olduğunu bir daha
təsdiqləyir.
Qərbdə demokratiyaya yanaşmada onilliklər boyu
dəyişməz qalmış bir prinsip mövcuddur:
"Sənin azadlığın başqalarının
azadlığı başlayan yerdə bitir".
Şübhəsiz, informasiya və mətbuat azadlığı
da qanunların imkan verdiyi hüquqi
çərçivədə tənzimlənir. Hər bir
dövlətdə demokratiyanın səviyyəsi söz
və mətbuat azadlığının müəyyən
olunmuş səviyyəsi ilə ölçülür.
KİV-in, jurnalistikanın vəziyyəti, söz və
mətbuat azadlığının səviyyəsi demokratiyanın
barometridir. Şübhəsiz ki, hər bir hüquq kimi,
söz və mətbuat azadlığı da mütləq
xarakter daşımır və hüdudsuz da deyil. Kimə
məxsus olmasından asılı olmayaraq müəyyən
bir qəbildən olan hüquq və azadlıqların
hüdudsuzluğu digər qəbildən olan hüquq və
azadlıqlarla toqquşaraq, hüquqi dövlətin əsas
prinsipləri ilə bir araya sığmayan hüquqi xaosa
gətirib çıxara bilər. Hüquq və azadlıqlar
hüquqi vəzifələrlə uzlaşdırılmaqla
digər qəbildən olan hüquq və azadlıqlarla
təmas xətti dəqiq müəyyən edilməlidir ki,
heç kim hüdudsuz hüquq və azadlıqlara malik
olmasın. Çünki hüdudsuz hüquq və
azadlıqlar yalnız digər hüquq və
azadlıqların pozulması hesabına reallaşır. Bu hal
hüquqi dövlətdə yolverilməzdir. Hüquq və
azadlıqların hüquqi vəzifələrlə
uzlaşdırılması Azərbaycan Respublikası
qanunvericiliyində dünya təcrübəsinə uyğun
olaraq sivil formada həll edilib.
KİV
nümayəndələrinin fəaliyyətinin nəticəsi
olaraq cəmiyyətdə müəyyən bir informasiya
mühiti yaranır. Əlbəttə ki, bu informasiya
aləminə (mühitinə) məsuliyyətsiz formada hər
bir informasiyanı göndərmək olmaz. Bütün
ətraf aləm kimi informasiya mühiti də hər bir
insanın, bütövlükdə isə cəmiyyətin
yaşam mühitidir. Uşaqların tərbiyəsindən
tutmuş, hər bir insanın davranşına, əsəb
sisteminə təsir edən bu informasya mühiti son nəticədə
bütün cəmiyyətdəki siyasi, hüquqi və
demokratik ab-havaya təsir edir. Hər kəsin
təhlükəsiz, rahat, əsəb sistemini
qıcığa məruz qoymayan informasiya mühitində
yaşamaq hüququ var. Bu insan hüquq və
azadlıqlarından ayrılmazdır və dövlət buna
təminat verir. Şübhəsiz ki, bu konkret bir qrupun deyil,
cəmiyyətin mənafeyinə uyğundur.
Azərbaycan.- 2007.- 11 dekabr.- S. 6.