İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistemli, kompleks yanaşma tələb edir
Noyabrın 30-u
Beynəlxalq informasiya təhlükəsizliyi
günüdür. İnformasiya təhlükəsizliyinin
təmin edilməsi sistemli, kompleks yanaşma tələb edir.
Ölkəmizdə informasiya təhlükəsizliyinin
təmin edilməsinin qanunvericilik bazasının
formalaşdırılması və inkişaf etdirilməsi
istiqamətində bir sıra mühüm qanunlar, normativ
aktlar, sərəncamlar qəbul edilmişdir. Bu sahədə
əlaqədar qurumlar tərəfindən konseptual,
təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki
əsasların yaradılması üzrə iş
aparılır.
AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları
İnstitutunun direktoru Rasim Əliquliyev bildirmişdir ki,
informasiya təhlükəsizliyi sistemlərində baş
verən anormal hadisələrə və qeyri-qanuni
hərəkətlərə tez reaksiya verilməsi, kompüter
cinayətlərinin müxtəlif növlərinə əks
təsir vasitələrindən biri də dünya
təcrübəsində geniş istifadə olunan Kompüter
İnsidentləri üzrə Yardım Komandalarının
(Computer Emergency Response Team, CERT) yaradılmasıdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
təşəbbüsü və rəhbərliyi ilə bu
cür komandaların yaradılması istiqamətində
məqsədyönlü tədbirlər görülür.
Artıq İnformasiya Texnologiyaları İnstitutunda CERT
mərkəzi fəaliyyət göstərməyə
başlamışdır. Yaxın gələcəkdə CERT
qurumların dövlət strukturlarında, özəl
şirkətlərdə, ictimai təşkilatlarda, təhsil
ocaqlarında, internet provayderlərində də
yaradılması nəzərdə tutulur. Əlbəttə,
yaradılacaq bütün CERT-lərin mülkiyyət və
təşkilat formasından asılı olmayaraq vahid bir
platformada milli CERT çərçivəsində
əlaqələndirilməsi ölkədə formalaşan
korporativ informasiya fəzalarının etibarlı
mühafizəsi və təhlükəsizliyinin təmin
olunması baxımından mühüm əhəmiyyət
daşıyır.
Milli eyniləşdirmə sisteminin iki vacib elementinin - biometrik
eyniləşdirmə sisteminin və elektron imza infrastrukturunun
yaradılması, onların imkanlarının
səmərəli şəkildə birləşdirilməsi
və istifadəsi təkcə bu problemin həllində deyil,
ümumiyyətlə, informasiya məkanının
təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayacaqdır.
Azərbaycan.- 2007.- 1 dekabr.-S. 6.