Azərbaycan Prezidenti İlham
Əliyev dekabrın 28-də Bakıda, Heydər Əliyev
adına Sarayda aparılan əsaslı yenidənqurma
işləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin sərəncamı ilə
əsaslı şəkildə təmir edilən və
yenidən qurulan çoxsaylı monumental binalardan biri olan bu
sarayda işlərə aprel ayından
başlanılmışdır. Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə yenidənqurma işlərini
"Azəraqrartikinti" və "Pim Proje"
Türkiyə-Azərbaycan birgə müəssisəsi
həyata keçirir. İşlərin gedişi ilə
maraqlanan dövlətimizin başçısına məlumat
verildi ki, söküntü işləri əsasən başa
çatıb. Binanın fasadına İtaliyadan
alınmış üzlük çəkilmişdir.
Bütün istilik, işıqlandırma, səs və
havalandırma sistemləri ən müasir standartlara uyğun
quraşdırılmışdır. Binanın dam
örtüyü tamamilə dəyişdirilib, inzibati korpusda
rəngsazlıq işləri gedir. Səhnənin və salonun
işıqlandırma və səsləndirmə
sistemlərini idarə edəcək kinoproyeksiya korpusunda
işlərin xeyli hissəsi görülmüşdür.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
səhnənin tərtibatının layihəsi ilə də
maraqlandılar, tamaşa salonunun akustik divar elementlərinin
bəzək-tamamlama işlərində istifadə olunacaq
materiallara uyğun seçilməsi ilə bağlı
tövsiyələrini verdilər.
Dövlətimizin başçısına salonda
quraşdırılacaq oturacaqların və səhnə
pərdəsinin nümunələri təqdim olundu.
Dövlətimizin başçısı foyedə
görülən işlərlə maraqlandı, sarayın
yenidən qurulmasının yüksək səviyyədə
və vaxtında başa çatdırılması ilə
əlaqədar tapşırıqlarını verdi.
Azərbaycan.- 2007.- 29 dekabr.- S. 2.