Planeta parni iz BakuTeatrının kollektivi moskvalı tamaşaçıların qonağı olmuşdur

 

AzərTAc xəbər verir ki,"Planeta parni iz Baku" Teatrı "Puşkinski" kinokonsert salonunda növbəti dəfə Moskva tamaşaçıları qarşısında çıxış etmişdir.
Bakılı oğlanların konserti barədə xəbər Rusiya paytaxtında bir müddət əvvəl məlum idi. Ona görə moskvalıların, o cümlədən burada yaşayan soydaşlarımızın "şən hazırcavabların" çıxışına böyük maraq göstərməsi heç təəccüblü deyildi.
Təbii ki, "Planeta parni iz Baku" Teatrı kollektivinin "Puşkinski" kinokonsert salonuna gəlmiş çoxsaylı tamaşaçılara deməyə sözü var idi.
Bizim "Moskva məhəlləsi" adlanan proqramın hər bir nömrəsini alqışlarla qarşılayan Moskva tamaşaçıları Azərbaycan dilində səslənən duzlu, məzəli zarafatları anlamasa da, bakılı oğlanların məharəti dil problemini tezliklə aradan qaldırmışdı. Rus dilindəki səhnələr isə salona toplaşanlara xüsusi zövq verirdi.
Fasilədə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmyerlimiz Yuli Qusman Bakının məşhur şən hazırcavablar klubunun ənənələrini davam etdirən istedadlı gənclərimizə müvəffəqiyyətlər arzulamışlar.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da konsertdə olmuşdur.

 

                 Azərbaycan.- 2007.- 4 dekabr.- S. 5.