Qarayev Ş.

 

Yaradıcılığın zirvəsinə aparan yol

 

Dosye: Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini, 1988-ci ildə isə aspiranturanı bitirib. S.Fərəcov musiqinin müxtəlif janrlarında qələmini sınayıb. O, çoxlu sayda instrumental, kamera, vokal əsərlərinin, 30-dan çox teatr tamaşasına yazılmış musiqinin, 2 simfoniyanın müəllifidir. Hal-hazırda Üzeyir Hacıbəyov adına Ev Muzeyinin direktorudur.

Sərdarın istedadı özünü erkən büruzə verib. Hələ Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun tar sinfində oxuyarkən kiçik pyeslər yazmaqla bəstəkarlığa meyl edirdi. O zaman ustad bəstəkar Əziz Əkbər Əzizli istedadlı uşaqları uşaq yaradıcılığı-bəstəkarlıq sinfinə toplayır və onlara bəstəkarlığın sirlərinə yiyələnməkdə köməklik göstərirdi. Sərdar o vaxtları belə xatırlayır: "Əziz Əzizli tez-tez sinfə qrammafon valları, kasetlər, yeni notlar gətirir. öz dərslərini çox maraqla qururdu. Bütün bunlar bizim musiqi zövqümüzü formalaşdırırdı". Tar sinfində eyni zamanda   məşhur tarzən Bəhram Mansurov və görkəmli pedaqoq  Akif Novruzovun yanında xalq musiqisini, muğamları əsaslı şəkildə öyrənməsi ona gələcək yaradıcılığı üçün çox gərəkli oldu.

Əziz Əkbərlə gənc Sərdar bəstəkarlıq dərslərinə kiçik fortapiano pyeslərindən başlamışdılar. Get-gedə ustad bəstəkarın yanında ilkin vərdişlərə və yazı texnikasına alışdıqca, mahnı, romans, fortapiano üçün skertso və elegiya, 4 hissəli simli kvartet, xalq çalğı alətləri orkestri üçün 2 pyes, 2 tar, 2 kamança və fortapiano üçün kvintet kimi ilk əsərləri meydana gəldikcə tədricən onun qələmi cilalanırdı. Növbəti pilləyə addımlamaq zərurəti ortaya çıxırdı. Sərdar 1977-ci ildə Konservatoriyaya, professor Xəyyam Mirzəzadənin bəstəkarlıq sinfinə qəbul olunur. Kiçik prelüdlərlə başlayaraq skripka və fortapiano üçün skertso, fleyta və fortapiano üçün noktürn, variasiyalar, fleyta və fortapiano üçün 3 hissəli simli kvartet, trio-fortapiano, klarnet, skripka, 3 hissəli simli kvartet və nəhayət simfoniya ilə təhsilini tamamlayır. 1983-cü il Sərdarın həyatında yaddaqalan ilə çevrilir. Çünki həmin il gənc bəstəkar ümumittifaq müsabiqəsinin qalibi olur. Onun əsəri görkəmli dirijorlar Rauf Abdullayevin və moskvalı Yuri Mikolayevskinin rəhbərliyi ilə səsləndirilib. O, aspirantura illərində (1985-1988) simli orkestr üçün 5 hissəli süita bəstələyir. Dirijorlardan T.Göyçayev, R.Məlikaslanov, Y.İmanov Sərdarın əsərlərinə müraciət ediblər. 1995-ci ildə Almaniyada "Qafqaz sülhü" Beynəlxalq Festivalında Sərdar Fərəcovun və Qara Qarayevin əsərləri ifa olunub. Sərdar son vaxtlar intensiv olaraq "2 royal üçün konsert süitası" (4 hissəli) "a carella" xoru üçün konsert (Dirtix), şair Vaqif Cəbrayılzadənin sözlərinə "Vokal silsilə", "Şah Xətai" adlanan "2 N-li simfoniya" kimi sanballı əsərlərlə musiqisevərləri sevindirir. Son vaxtlar teatr tamaşalarından istedadlı bəstəkarın musiqisinin tez-tez səsləndiyinin şahidi oluruq. Şekspirin "Tədbirə qarşı tədbir", Rəşad Nuri Guntəkinin "Bir günlük siğə", G.Rəsulovun "Səhnədə məhəbbət" kimi əsərləri onun bəstələdiyi musiqi ilə tamaşaçıların görüşünə gəlir. Onun sənəti dövlət tərəfindən də xüsusi qiymətləndirilib. Bəstəkar bu yaxınlarda Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. S.Fərəcov qələmi iti, sağlam düşüncəli, geniş dünyagörüşlü, uzaqgörən bir bəstəkardır. Palifonik duşüncə tərzi, orkestri yaxşı bilməsi, istənilən heyət üçün yaza bilmək bacarığı onun qarşısında bir bəstəkar kimi geniş üfüqlər açır. Zəngin nəzəri "arsenal"a, geniş praktik imkanlara malik olan S.Fərəcov yaradıcılığın zirvəyə aparan yolu ilə inamla irəliləyir. Onun rəngarəng palitrasının bizə yaxın gələcəkdə yeni-yeni maraqlı əsərlər vəd etdiyinə şübhə etmirik. Onu bir çox bəstəkarlardan fərqləndirən cəhətlərdən biri də xalq musiqi yaradıcılığına daha yaxından bələd olmasıdır. Bu günlərdə bəstəkarın 50 yaşı tamam olur. Ona sənətdə yeni yaradıcılıq uğurları, yeni-yeni zirvələr və ən əsası möhkəm cansağlığı arzulayırıq.

 

Palitra.- 2007.- 5 dekabr.- S. 11.