Nəzakət

 

Tarix muzeyinə Zeynalabdin Tağıyevin şəxsi əşyaları hədiyyə olunub

 

Nəcib əməlləri ilə xalqımızın tarixi taleyində mühüm rol oynamış neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev ulu babasından miras qalan bir neçə qiymətli əşyanı Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinə hədiyyə etmişdir. Bu nadir əşyaları məşhur milyonçu vaxtilə Fransadan xüsusi sifarişlə satın almışdır. Sərkərdə Bonopart Napaleonun 100 illiyinə həsr olunan bu nadir qab-qacaq də-ti çinidən və büllurdan hazırlanmışdır. Muzeyə təqdim olunan əşyaları Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyyə xanım qoruyub saxlamışdır. İndən belə bu əşyalar milyonçunun vaxtilə tikdirdiyi möhtəşəm mülkdə yerləşən Azərbaycan Tarixi Muzeyində qorunacaqdır.

Sovetlər vaxtında qadağalara baxmayaraq xalqımız bu böyük insanın adını və əməllərini yaddaşında yaşatmışdır. Onun adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. İndi zaman dəyişib. Tarix hər bir şəxsiyyətin qiymətini verir.

Muzeyə hədiyyə edilən qab-qacaq dəsti 200 əşyadan ibarətdir. Lakin sovetlər dövründə onların bəziləri yoxa çıxmışdır. Bu yaxınlarda Azərbaycan Tarixi Muzeyi həmin əşyalardan birini yararsız olsa da əldə edə bilmişdir. Ailə üzvləri tərəfindən hədiyyə edilən yeni əşyalar da daxil olmaqla muzeydə Hacı Zeynalabdin Tağıyevə həsr olunan ekspozisiya yaradılacaqdır.

 

Səs.- 2007.- 7 dekabr.- S. 12.