Bakı jurnalı
Bakıdan bəhs edəcək
Şairləri, bəstəkarları, rəssamları misilsiz sənət əsərləri yaratmağa ruhlandıran doğma şəhərimiz indən belə həm də "Bakı" elitar jurnalının başlıca mövzusu olacaqdır. Jurnalın baş redaktoru Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, MDBMİ yanında Azərbaycan gəncləri klubunun prezidenti Leyla Əliyevadır.
Yurdumuzun şeirlərdə və nəğmələrdə, məşhur rəssamların əsərlərində vəsf olunan qədim paytaxtının müxtəlif guşələri - İçərişəhər, Bakının rəmzi sayılan Qız qalası, habelə Atəşgah və digər görməli yerləri jurnalın səhifələrində yeni rakursda təqdim ediləcəkdir. Bakı isə böyüyür, göydələnlərin sayı günbəgün artır. Çox keçməz ki, mavi Xəzərin sahilində, Nardaran həndəvərində müasir kurort zonası salınacaqdır.
Moskvalı biznesmen, "Krokus-siti"nin sahibi, soydaşımız Araz Ağalarov tarixi vətəninə daha
çox turist cəlb etmək məqsədi ilə
500 min kvadrat-metrdən artıq sahəni əhatə
edəcək bu ərazidə
mehmanxanalar,
əyləncə mərkəzləri, yaxt-klub və digər obyektlər tikdirmək fikrindədir.
Təqdimat mərasimi dekabrın 19-da keçiriləcək yeni jurnal da öz üzərinə belə
bir missiya götürmüşdür. Ancaq bu, Odlar diyarının
təbliği üçün
atılan ilk addım deyildir. Bir müddət əvvəl
xalqımızın zəngin
mədəniyyətindən və tarixindən bəhs edən reklam çarxı çəkilmişdir və
Moskva telekanallarından
birində nümayiş
etdiriləcəkdir.
Şübhəsiz, Leyla Əliyevanın "Bakı" jurnalı bu işin növbəti
və yetərincə
sanballı davamı olacaq və Xəzərin Azərbaycan
sahillərinin dünyanın
hər yerindən turistlərin sevimli istirahət guşəsinə
çevrilməsinə kömək
edəcəkdir.
Respublika.- 2007.- 16 dekabr.- S. 2.