Məhəmmədoğlu Ş.
Azərbaycan tarixi və
mədəniyyətinin qorunması
Tarixin bizlərdən
tələb etdiyi əsas vəzifə
Azərbaycanın
mədəni və tarixi sərvətlərinin qorunması
məsələsi aktuallığını itirməyib. Ermənilərin
bu sahələrə iddiaları davam edir. Hətta yeni məzmun
kəsb etməyə başlayır. Erməni diasporu konkret
olaraq Azərbaycanın Naxçıvan bölgəsində
özlərinə məxsus "qədim abidələrin"
olduğunu iddia kimi beynəlxalq təşkilatlar qarşısında
qaldırır və onlardan həmin yerlərin monitorinqini
keçirməyi tələb edir.
Həmin təşkilatlar
da ermənilərin bu kimi saxta iddialarını təmin
etməyə çalışırlar. İndi bu
məsələni ermənilər və rəsmi İrəvan
siyasi məqsədli şantaja çeviriblər. Onlar türk
dövlətlərinin yaxınlaşması prosesindən olduqca
narahatdırlar. Bilirlər ki, türklər əvvəl-axır
birlikdə öz haqlarını tələb
edəcəklər. Ona görə də xüsusilə
Naxçıvan məsələsində ifrata varmağa
başlayıblar. Naxçıvan Türkiyə ilə Qafqaz
və Orta Asiya türk dövlətlərini
birləşdirən əsas məkandır. Atatürk
hələ keçən əsrdə Naxçıvan
məsələsini strateji olaraq dəyərləndirmişdi.
Naxçıvanın varlığı
düşmənlərin türk dünyasını
parçalamağın nöqtəsini qoymağa ciddi mane olur.
Hazırda Qərbin müxtəlif dairələrində
tərtib olunan xəritələrdə kürdlər üçün
ayırmaq istədikləri ərazi də məhz
Türkiyə ilə digər türk dövlətlərinin
arasını kəsməyi nəzərdə tutur. Onlar
türklərin arasına ermənilərlə yanaşı
kürdləri də yerləşdirməyə
çalışırlar. O baxımdan Ermənistanın da
Naxçıvanın mədəni irsinə yiyələnmək
cəhdləri adi məsələ deyil. Diqqət etsək,
görərik ki, erməni böhtanlarına son zamanlar
Qərbdə daha çox dəstək verməyə
başlayıblar. Ermənistanın Azərbaycanın
mədəni və tarixi sərvətlərinə iddia
etməsi həmin prizmadan qlobal geosiyasətdə
özünü göstərən bəzi tendensiyalara
bağlıdır. Bu, Azərbaycanın öz mədəni
və tarixi sərvətlərini qorumaq üçün ciddi
proqramlar hazırlamalı olduğunu göstərir.
Ölkəmizdə mədəni və tarixi abidələrin qorunması ilə bağlı dövlət kifayət qədər tədbirlər alıb. Bununla bağlı ölkə başçısının fərmanları da vardır. Fərmanlarda Azərbaycan mədəniyyətinin qorunmasının dövlətin əsas fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb. Bununla yanaşı vətəndaşların və tədqiqat institutlarının da bu məsələdə son dərəcə məsuliyyətli olması gərəkdir. Bir müqayisə aparaq. Gürcüstan Azərbaycan ərazisində olan bir kilsəyə iddiasından əl çəkmir. Onu mədəniyyətlərinin bir parçası kimi təqdim edərək sahib çıxmağa çalışırlar. Həmin abidənin Azərbaycan ərazisində olması onları fikrindən daşındırmır. Paralel olaraq Borçalıdakı türk tarixi-mədəni abidələrini də gürcüləşdirməyə çalışırlar. Məsələn, bu yaxınlarda Borçalıdakı bir türk qalasının üzərinə xaç işarəsi vurublar. Soydaşlarımızın sıx yaşadığı bölgələrin təpəliklərində xaç qüllələri yerləşdiriblər. Yəni bununla tarixə nüfuz etməyə çalışırlar. Ermənilər isə bizlərə məxsus olan bütün tarixi nümunələri yox edir, təhqirə məruz qoyur və əvəzində süni olaraq erməniliyi göstərən işlər görürlər. Bunlara rəğmən, azərbaycanlılar özlərinin halal mədəni-tarixi nümunələrini qorumağa çox ciddi yanaşmalıdırlar, imkan vermək olmaz ki, yadlar bizim mədəniyyət nümunələrimizi əlimizdən alsınlar. Bir qədər sonra tarixdəki yerimizə də şübhə ilə yanaşmağa başlayacaqlar.
Azərbaycan mədəniyyətinə
qarşı hər bir qəsd eyni
zamanda tarixi torpaqlarımızın məhdudlaşması
deməkdir. Ona görə də dünyanın hər
bir yerində mədəniyyət nümunələrimizin
qorunması vacib məsələdir. Azərbaycan
tarixinin qədimliyi və mədəniyyətinin
möhtəşəmliyi ilk növbədə bizlərin həyatında əksini tapmalıdır,
öz tariximizə münasibətimizdə özünü
göstərməlidir. Bəzi vətəndaşların da Abşeronda
tarixi yerləri hasara
alıb, özünə obyekt tikmək cəhdləri bu
baxımdan ürək ağrıdır. Xalqın
mədəniyyətinə bu dərəcədə şəxsi
maraq prizmasından yanaşmaq
oturduğu budağı
kəsmək deməkdir. Bununla özümüzün tarixi qədimliyimizi “gödəltmiş”
oluruq. Müasir tarixi mərhələ tarixin qədrini daha
çox bilməyi tələb edir. Buna elmi dillə tarixin
özünü dərk etməsi dərk etməsi də deyə
bilərik. Bizim üstümüzə düşən vəzifə
xalqın min illərdə yaratdığı və tarixi
özünəməxsusluq adlanan keyfiyyəti sonrakı
nəsillərə layiqincə çatdırmaqdan ibarətdir.
Bunun isə son dərəcə şərəfli və
məsuliyyətli iş olduğunu bilmək gərəkdir.
Olaylar.- 2007.- 14 dekabr.- S. 5.