Mikayıloğlu R.
Laçında tarixi alban
abidələrini erməniləşdirirlər
Faiq İsmayılov: "BMT-nin, Avropa Şurasının,
YUNESKO-nun Azərbaycandakı təmsilçiliklərinə bu
barədə məlumat vermək və prosesin
qarşısının alınmasına çalışmaq
lazımdır"
Laçın rayonu ərazisində zorla
məskunlaşdırılan 10 min erməni ailəsindən 3
mini şəraitsizlik və baxımsızlıq ucbatından
artıq ərazini tərk edib. Bu barədə "Xalq Cəbhəsi"nə
məlumat verən "Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və
Mədəniyyət Abidələrini Müdafiə
Təşkilatı" İctimai Birliyinin sədri Faiq
İsmayılov bildirdi ki, 1992-ci il mayın 17-də
Laçın işğal olunandan sonra Ermənistan həmin
ərazidə kənardan gətirilən erməniləri
məskunlaşdırmağa başlayıb. Onun
sözlərinə görə, nə SSRİ vaxtı, nə
də tarixin digər dönəmlərində Laçında
ermənilərin kütləvi şəkildə
yaşaması faktına nə arxiv sənədlərində,
nə də digər yerlərdə rast gəlinmir.
Çünki indiki Laçın rayonu ərazisi zamanında
Zəngəzur qəzasının tərkibində olub.
Zəngəzur qəzasına daxil olan vaxtlarda da indiki
Laçın ərazisində ermənilər
yaşamayıblar. Birliyin sədri vurğuladı ki, bu rayon
işğalçı ölkə üçün
böyük strateji əhəmiyyət daşıyır, çünki
Dağlıq Qarabağa gedən ən qısa və
əlverişli yol buradan keçir. Təsadüfi deyil ki,
1988-ci ildə ermənilər Laçını "Qara
qapı" adlandırıblar. Ona görə də
münaqişənin tənzimlənməsyilə bağlı
aparılan danışıqlarda ermənilər hər zaman
Laçının onlarda qalması şərtini irəli
sürüblər.
Faiq İsmayılov dedi ki, Laçın rayonu ərazisində
125 kənd olub. Həmin kəndlərin bir çoxunda və
rayon mərkəzində 15 ildir ki, rəsmi İrəvan
məskunlaşma siyasətini aparmaqdadır. Bu rayonu
ermənilər "Kaşadağ rayonu", Laçın
şəhərini isə Berdzor adlandırırlar:
"Erməni ailələrini Laçında
məskunlaşdırmaq üçün onlara yaxşı
şərait və əlavə pul vəd olunur. Ötən
dövr ərzində şəhərdəki
xəstəxananı təmir edib, pullu və pulsuz xidmət
təşkil ediblər. Ermənistan diasporanın pulu
hesabına ora zorla köçürülənlərə müəyyən
miqdarda pul ayırırlar. Tutaq ki, belə ailələrin
köçürülməsinə,
yerləşdirilməsinə 20 min dollar ayırırlar.
İşğal altındakı kəndlərdə və
Laçın şəhərində azərbaycanlılara
məxsus mülkiyyətə qiymət qoyurlar.
Məsələn, Suarası, Güləbirt kəndlərində
evlərin qiyməti 7-8 min dollardır və həmin
vəsaiti köçürülənlərə
ödəyəcəkləri 20 min dolların
içərisindən çıxırlar. Şəhərin
özündə xeyli dəyişikliklər aparıblar,
1992-ci ilə qədər azərbaycanlıların
yaşadıqları evlərin bir hissəsini tamamilə
sökərək əlavə yollar çəkiblər".
Ermənistan bu ərazini Dağlıq Qarabağın
tərkibinə qatıb, rayon Xankəndinə tabedir. Birlik sədrində
olan məlumata görə, işğaldan sonra
Laçındakı dövlət və ictimai mülkiyyət
talan olunub. Elektrik, su xətləri sıradan
çıxıb. Ona görə də köçən
ermənilər çətinliklərlə
üzləşiblər. Çətinlikləri aradan
qaldırmaq üçün 2006-cı ildə dünyadakı
erməni diasporuna müraciət ediblər. Ancaq buna baxmayaraq
indiyə qədər rayon ərazisinə zorla
köçürülmüş 3 min insan oranı tərk
edib: "Ona görə də indi Laçında səhmdar
cəmiyyətlər yaratmağa başlayıblar ki, oraya
köçürülən insanlara yardımlar etsinlər ki,
köçmə prosesi dayansın. Ermənistan
hökuməti maliyyə yardımı göstərmək
üçün Laçında Software Develorment Coalition of
Kashatagh" (Lachin)- Artsax" adlı kompaniya yaradıblar. Bu
kompaniyanı ABŞ-da qeydiyyatdan keçirə
bilsələr, bu, aksioner təşkilat olacaq və
aksiyaların üzvlər arasında
bölüşdürülərək artırılmasına
səy göstəriləcək. Onlar kompüter
texnologiyasının yayılması üçün
Laçında müəyyən kiçik
müəssisələr yaradırlar. Bu da ABŞ, Fransa və
Rusiyanın özəl təşkilatlarının
iştirakıyla aparılır".
Faiq İsmayılov maraqlı bir məlumat da verdi. Artıq
ermənilər Laçın şəhərində ibadət
belə edilməsə də, iki erməni kilsəsi
tikiblər. Həmin kilsələr Kaliforniyadakı Kilsələr
Birliyinin topladığı vəsaitlər hesabına inşa
edilib: "Onlar gələcəkdə bu ərazilərin
ümumiyyətlə, ermənilərə aid olduğunu iddia
etmək üçün buradakı kəndlərin 90-dan
çoxunda ayaqüstü qəbir formasında oyma üsulu
ilə xaç daşları düzəldirlər. Yaxud alban dövrünə
aid abidələrin üzərlərində də xaç
işarələri yaradırlar. Onlar texniki üsulla
yonulmuş mişar daşlarından ibarətdir və indiki
halda bu, bilinir. Ancaq gələcəkdə onu ayırmaq
çətin olacaq. Digər tərəfdən, sülh yoluyla
o torpaqlar azad olunsa belə, tikilən kilsələr, xaç
işarəli daşları uçurtmaq, dağıtmaq
imkanlarımız da məhdud olacaq. Beynəlxalq Konvensiyalar
imkan verməyəcək ki, süni yollarla
yaradılmış xaç daşlarını,
işarələrini ləğv edək. Çünki bu halda
beynəlxalq məhkəmələrə qədər gedə
bilərlər. Ona görə bu prosesin
qarşısını almaq Azərbaycan cəmyyəti,
hakimiyyət BMT-nin, Avropa Şurasının
Azərbaycandakı nümayəndəliyinə, YUNESKO-nun
ölkəmizdəki təmsilçiliyinə bu barədə
məlumat verməli və prosesin qarşısının
alınmasına çalışılmalıdır".
Xalq cəbhəsi.- 2007.- 15 dekabr.- S. 8.