Aydan

Cavanşir Quliyev Oğuznaməni yekunlaşdırıb

 

Bəstəkar indi də "Şəhriyar" kantatası üzərində çalışır

 

Ötən il Şimali Kipr Türk Respublikasında pedaqoji fəaliyyətə başlayan bəstəkar Cavanşir Quliyev qış tətilini keçirmək üçün vətənə qayıtmışdı. Hazırda ŞKTR-nin Yaxın Doğu Universitetinin "səhnə sənəti" fakültəsinin professoru olan bəstəkarla söhbətimizdə öyrəndik ki, "Oğuznamə" adlı balet üzərindəki işini artıq yekunlaşdırıb. Bəstəkar tamaşanın hansı teatrda vaxt nümayiş etdiriləcəyi barədə qəti fikrə gəlmədiyini söylədi. Bundan başqa C.Quliyev həmçinin "Şəhriyar" kantatası üzərində çalışır. "Türkiyədə yaşayan cənublu soydaşlarımızdan birinin xahişi ilə dahi şairə musiqi əsəri həsr etmək istəyim üst-üstə düşdü. Həmyerlimiz Şəhriyarın əsərlərini mənə təqdim etməklə bu işə böyük köməklik etmiş oldu. Artıq kantatanın hazırlıq mərhələsinə başlamışam,"- deyən bəstəkar qeyd etdi ki, "Tufan" adlı yeni balet barədə düşünür. Cavanşir bəy əlavə etdi ki, akademik musiqi sahəsində onun meydana çıxarmaq istədiyi növbəti mövzu böyük tufan Nuh peyğəmbərin gəmisi ilə bağlı əfsanə rəvayətlərdir":: "Librettonun müəllifi vaxtilə Anna Axmatovanın Rusiyanın 5 ən yaxşı gənc şairi sırasında adını çəkdiyi Alla Axundovadır." Söhbət zamanı bəstəkar böyük planlarından bəhs edərkən "Dədə Qorqud" dastanı əsasında 12 gün davam edəcək balet tamaşası yazmağı arzuladığını qeyd etdi":: "Ola bilər ki, bu baletin yazılmasına qalan ömrümün hamısı sərf olunsun. Amma ümid edirəm ki, arzuma çata biləcəyəm" deyən bəstəkar onu da qeyd etdi ki, son zamanlar Dədə Qorqudun şəxsiyyəti onunla bağlı hadisələrə fərqli, daha doğrusu, hərtərəfli baxışlar yaranıb. Söhbətin sonunda bəstəkar kantata baletlərinin Azərbaycan səhnəsində ifa edilməsini çox istədiyini qeyd etdi eyni zamanda, təəssüfləndi ki, çox zaman istəklə, imkan şəraitin düz gəlməsi müşkülə çevrilir.

 

Üç nöqtə.-2007.-21 fevral.-S.13.