Azərbaycan Prezidenti İlham Əliyev bir qrup ziyalıya ordenlər və fəxri adların vəsiqələrini təqdim etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Prezident sarayında bir qrup ziyalıya ordenlər və fəxri adların vəsiqələrini təqdim etmişdir.
Prezident
İlham Əliyev ziyalılara müraciətlə dedi:
- Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram.
Siz müxtəlif vaxtlarda Azərbaycan Respublikasının yüksək mükafatları ilə təltif olunmusunuz. Mən bu gün bu ordenləri və fəxri adları sizə təqdim etmək istəyirəm. Siz ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında çox fəal iştirak edirsiniz və öz fəaliyyətinizlə ölkəmizin möhkəmlənməsində çox böyük rol oynayırsınız. Sizi Azərbaycanda yaxşı tanıyırlar. Sizin fəaliyyətiniz Azərbaycan xalqı tərəfindən bəyənilir və yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, siz bu yüksək mükafatlara layiq görülmüsünüz.
Mən çox məmnunam ki, bütövlükdə Azərbaycanın hərtərəfli inkişafı çox sürətlə gedir. Bu inkişaf hər bir vətəndaşdan asılıdır. Bu, bütün sahələrdə olmalıdır. İlk növbədə, iqtisadi-siyasi sahədə ki, həm iqtisadi potensial, həm də siyasi mövqelər baxımından ölkəmiz daha da möhkəmlənsin. Şübhəsiz ki, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək, insanların həyat səviyyəsini yaxşılaşdıracaqdır. Bununla bərabər, mədəni irsimizin qorunmasında, mədəni həyatın zənginləşdirilməsində də böyük işlər görülür. Azərbaycanın məhz hərtərəfli tərəqqisi ölkəmizin dinamik inkişafına imkan yaradır. Ölkəmizin aparıcı simaları, elitası da bütün bu işlərdə çox fəal iştirak edir. Bu, hər bir cəmiyyətdə, o cümlədən Azərbaycan cəmiyyətində də var. Biz ümid edirik ki, artıq müəyyən edilmiş bütün proqramlar yaxın gələcəkdə uğurla icra olunacaq, ölkəmizdə gedən böyük quruculuq, abadlıq işləri davam edəcək və hər bir vətəndaş bu müsbət dəyişiklikləri öz gündəlik həyatında görəcəkdir.
Mən bir daha demək istəyirəm ki, sizin fəaliyyətiniz hər bir azərbaycanlı üçün çox doğmadır. Mən sizi yaxından tanıyıram və əminəm ki, dövlətimizin bu yüksək mükafatları sizi yeni uğurlara nail olmağa sövq edəcəkdir. Bu, həm yaxşı stimuldur, eyni zamanda, sizin əməyinizin qiymətləndirilməsidir. Bu da lazımdır. Əminəm ki, bu qərar, yəni, sizə bu yüksək ordenlərin və fəxri adların verilməsi Azərbaycan xalqı tərəfindən bəyənilir. Sizi bir daha ürəkdən təbrik edirəm. İndi isə istəyirəm, bu mükafatları sizə təqdim edim.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq şairi Qabil İmamverdiyevin “İstiqlal” ordeni, respublikanın Baş prokuroru Zakir Qaralovun “Azərbaycan Bayrağı” ordeni, iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundovun, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilovun, Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı Sündüz Babayevanın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin “Şöhrə” ordeni ilə təltif olunması, yazıçı Mövlud Süleymanlıya “Xalq yazıçısı”, Tofiq Ağababayev, Nazim Bəykişiyev, Xanlar Əhmədov, Arif Hüseynov, Ağəli İbrahimov, Salxab Məmmədov və Mirnadir Zeynalova “Xalq rəssamı” fəxri adlarının verilməsi barədə sərəncamları oxundu. Prezident İlham Əliyev ordenləri və fəxri adların vəsiqələrini onlara təqdim etdi.
Xalq şairi Qabil İmamverdiyev minnətdarlıq edərək dedi:
- Hörmətli Prezidentimiz, bu yüksək mükafata layiq görülən adamlar kimi, mən də yaşlaşanda uşaqlaşan, həyatımın müdrikləşən çağında fəxr edirəm. Mənə “Şöhrə” ordenini ölməz Prezidentimiz Heydər Əliyev təqdim etmişdi. Ömür vəfa elədi, Allah ömür verdi, yaşayıram, “İstiqlal” ordenini də Siz verdiniz mənə. Elə bildim ki, iki ordendi mənə təqdim etdiniz.
Möhtərəm Prezidentimiz, “Rübailər”in miniatür nəşridir, Sizə, birini də Mehriban xanıma bağışlayıram.
Balaca yarımadadan tutmuş, möhtəşəm Parisə qədər bu məkan dairəsində Sizin gördüyünüz işlərə xarici qonaqlar da, adicə kənd sakini də heyrandır. Bunlar adi həqiqətlərdir. Bunları görməmək qeyri-mümkündür. Sizin həm daxili, həm xarici siyasətiniz səmərələri ilə bərabər göz qabağındadır.
Türkan, Zirə, Xınalıq, Yardımlı, Lerik, başqa kəndlər, yaşayış məntəqələri hara - möhtərəm Prezident, Sizin oralara Mehriban xanımla, Heydər Əliyev Fondunun rəhbəri ilə bir yerdə getməyiniz, məsələləri yerində həll etməyiniz çox böyük işdir. Siz həm də çörəkverən Prezidentsiniz! Çünki bütün diplomatik irəliləyişlərlə bərabər, bütün başqa işlərlə bərabər, hər yerdə məktəblərin, xəstəxanaların tikilməsi ilə bərabər, Siz camaatın gündəlik vəziyyətinin qayğısına qalırsınız. Siz insanların rifah halını yaxşılaşdırırsınız. Böyük bir ailə başçısı kimi, Siz ölkəmizə gələn gəlirləri tənzim edirsiniz.
Məni eşitdiyinizə görə təşəkkür edirəm, Sizə cansağlığı, böyük işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun.
Xalq rəssamı Fərhad Xəlilov çıxışında dedi:
- Sizə dərin şəxsi minnətdarlığımı bildirirəm ki, mənə belə qiymət vermisiniz. Mən sənətimizin inkişafı üçün bundan sonra da çalışacaq, əlimdən gələni edəcəyəm. Demək istəyirəm ki, rəssamlarımız bu günə qədər Sizinlə görüşümüzün təsiri altında yaşayırlar. Bir müddət bundan əvvəl biz görüşmüşdük. Səmimi deyirəm ki, nəinki rəssamlar, ümumiyyətlə, həmin görüşü izləyən çoxları mənə zəng edir və bu görüşdən məmnunluqlarını bildirirlər. Doğrudan da, mən deyərdim ki, bu görüşün sədası ayrı şəhərlərə də çatıbdır. Mən bu yaxınlarda Moskvada idim, orada bizim konfederasiyanın iclası keçirilirdi. Mən bilərəkdən onlara dedim ki, bizim Azərbaycanın Prezidenti müasir İncəsənət Muzeyinin, rəssamlar üçün müasir şəhərcik tikilməsi barədə qərarlar verir. Onlar dedilər ki, doğrudan da, bugünkü zamanda belə qərar vermək nadir hadisədir. Dedim ki, mən hələ hamısını demirəm, bu ikisini deyirəm. İnandırım Sizi ki, ayağa qalxıb əl çaldılar və dedilər ki, biz də köçürük Azərbaycana.
Həqiqətən də, Siz qısa zamanda şəxsən rəssamlara nə qədər yaxşılıqlar etmisiniz - fəxri adların verilməsi və sair. Allaha şükür ki, imkanlar da var.
Nəinki mükafat alanların, ümumiyyətlə, bütün rəssamlarımızın adından Sizə uğurlar və cansağlığı arzulayıram.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov təşəkkür edərək dedi:
- Möhtərəm cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin təsis etdiyi “Azərbaycan Bayrağı” ordeninə layiq görülməyim, bu yüksək dövlət mükafatının şəxsən Sizin tərəfinizdən təqdim olunmasından böyük şərəf hissi keçirirəm və bu təltifi bütövlükdə Azərbaycan Respublikası Prokurorluğu kollektivinin əməyinə dövlət səviyyəsində verilən qiymət kimi qəbul edirəm. Sizin uğurlu, cəsarətli, yeni və müasir məzmunlu dövlət siyasətinizin nailiyyətləri göz qabağındadır. Bütün bu uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bu uğurların əsası olan ictimai asayişin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, sözsüz ki, prokurorluğun qarşısında duran əsas vəzifələrdən biridir. Möhtərəm cənab Prezident, Sizin bilavasitə nəzarətiniz və dəstəyiniz sayəsində, bütün sahələrdə olduğu kimi, məhkəmə hakimiyyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında da müvafiq Fərmanlara və Sərəncamlara uyğun olaraq, yenidənqurma və islahatlar prosesi davam etdirilir. Peşə bayramımız ərəfəsində əməkdaşlarımızın böyük bir qrupunun yüksək dövlət mükafatlarına, ali xüsusi rütbələrə layiq görülməsinə, eyni zamanda, prokurorluq işçilərinin maddi, sosial rifahının yaxşılaşdırılması istiqamətində gördüyünüz işlərə görə Respublika Prokurorluğunun kollektivi adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV təşəkkür edərək dedi:
- Mən də sizi bir daha təbrik edirəm. Bugünkü görüşdə cəmiyyətimizin bütün sahələrində çalışan insanlar iştirak edirlər - ziyalılar, hüquq mühafizə orqanlarının nümayəndələri, iqtisadçılar, icra hakimiyyətinin nümayəndələri. Yəni, bu onu göstərir ki, hər bir insanın əməyi qiymətləndirilir və hər bir sahə vacibdir. Əgər iqtisadi potensial olmasa, heç bir məsələni həll etmək mümkün deyildir.
Fərhad müəllim qeyd etdi ki, indi bizim imkanlarımız artır. Bu, doğrudan da belədir. Mən də çox istəyirəm ki, artan bu imkanları, ilk növbədə, həm ölkənin möhkəmlənməsinə, həm də insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldək. Biz xüsusilə ziyalıları mükafatlandırmalıyıq, onlara dəstək verməliyik. Çünki əfsuslar olsun, bazar iqtisadiyyatı şəraitində bəzi hallarda bu sahə yaddan çıxır. Əgər biz ən inkişaf etmiş ölkələrin təcrübəsini götürsək, yaxud da orada olan vəziyyətə baxsaq görərik ki, həmin ölkələrdə ziyalı təbəqə dövlət tərəfindən heç bir qayğı görmür. Yəni, orada bütün münasibətlər bazar iqtisadiyyatı prinsipinə o qədər söykənib ki, artıq o cəmiyyət özü-özünü idarə edir. Biz isə hələlik bu səviyyəyə çatmamışıq. Ona görə dövlət tərəfindən mütləq və mütləq dəstək, qayğı olmalıdır.
Xüsusilə nəzərə alsaq ki, Azərbaycan cəmiyyətində həmişə ziyalılara böyük hörmət olubdur. Onların sözünə, əsərlərinə böyük maraq, tələbat olubdur. İndi bizim artan imkanlarımız məsələləri həll etməyə şərait yaradır. Rəssamlar şəhərciyi, müxtəlif tədbirlərin keçirilməsi. Rəssamlarla görüşdən sonra Fərhad müəllimlə söhbət əsnasında danışdıq ki, əlavə tədbirlər həyata keçiriləcəkdir. Artıq bu barədə qərarlar verilir. O ki qaldı şəhərciyin yaradılmasına, mən təkliflər gözləyirəm.
Hazır olan kimi biz dərhal bunun maliyyə tərəfini təmin edəcəyik. Azərbaycanın uğurlu inkişafı ölkə daxilində və ətrafında sabitlik olmadan mümkün deyildir. İnkişaf üçün həm ölkə daxilində vəziyyət normal olmalıdır və bu da var. Həm də qonşu ölkələrlə münasibətlərimizdə də gərək əməkdaşlıq, qarşılıqlı hörmət, qarşılıqlı maraq olsun. Bu da var. Azərbaycanın həyata keçirdiyi nəhəng layihələr bunu göstərir. Biz bu yaxınlarda Bakı-Tbilisi-Qars kimi tarixi bir layihəyə qədəm qoyduq. Bunun tarixi əhəmiyyəti illər keçdikcə daha da aydın görünəcəkdir. Amma biz indidən bilirik ki, bu, Azərbaycanın inkişafına, xalqın rifahına, Azərbaycanın mövqelərinin möhkəmlənməsinə yönəldilmiş addımdır. Azərbaycan bu işlərdə aparıcı rol oynayır. Bu, eyni zamanda, ölkəmizi gücləndirir, bizim imkanlarımızı artırır və nəticədə sosial məsələlərin həlli, insanların rifah halının yaxşılaşması, maaşların, pensiyaların qaldırılması da mümkündür. Bu, var. Biz bu işləri görürük və çox istəyirəm ki, daha da sürətlə getsin.
Bölgələrdə abadlıq işləri aparılır. Üç ildir ki, regional inkişaf proqramı qəbul edilibdir. Üç il tarix baxımından çox qısa bir müddətdir. Amma baxın, bu üç il ərzində bizim rayonlarımız abadlaşıb, orada dəyişikliklər baş verir, infrastruktur yaradılır, məktəblər, xəstəxanalar tikilir, sosial infrastruktur yaradılır, iş yerləri açılır, insanlar daha yaxşı yaşamağa başlamışlar. Bu proses daha da sürətlə gedəcəkdir. Bizim uğurlarımızın əsasında cəmiyyətin birliyi və müxtəlif sahələrdə çalışan insanların fəallığı dayanır. Bu fəallıq var. Bütövlükdə, mən görürəm ki, indi Azərbaycanda nikbinlik əhval-ruhiyyəsi var. İlk növbədə ona görə ki, bu günə qədər görülən bütün işlər öz nəticələrini veribdir. Ona görə ki, əhali baxımından, ərazi baxımından böyük ölkə olmayan Azərbaycan böyük işlərlə məşğuldur, regionun inkişafı üçün həm neft sahəsində, həm energetika sahəsində, həm də nəqliyyat sahəsində çox fəal işlər görür. İnsanlar da görürlər ki, Azərbaycanın nüfuzu artır. Təbii ki, hər bir vətəndaş, hər bir azərbaycanlı bundan qürur hissi keçirir.
Bu gün xarici səfərlərdən də söhbət açıldı. Bu səfərlər də ölkəmizin əhəmiyyətini, inkişafını göstərir. Bizim xalqımız uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idi. Biz müstəmləkə kimi, müttəfiq respublika kimi, yaşamışdıq. Böyük bir nailiyyət, tarixi nailiyyətdir ki, biz müstəqilik. Müstəqil ölkə kimi cəmi 15 ildir yaşayırıq. Bu 15 il ərzində Azərbaycan o qədər sürətlə inkişaf edib ki, dünyanın aparıcı ölkələri ilə artıq bərabər səviyyədə əməkdaşlıq edir. Ona görə gedən bu proseslər, eyni zamanda, iqtisadi islahatlar, ölkəmizin möhkəmlənməsi və ən önəmlisi, bizi gələcəkdə gözləyən uğurlar və nəticələr, əlbəttə ki, insanlarımızı ruhlandırır. Ona görə cəmiyyətdə də bu nikbinlik ruhu çox güclüdür və bu, çox gözəl göstəricidir. Yəni inam var və işləmək üçün istək də var. Hər bir vətəndaş fəal olmalıdır, hər bir insan öz çalışdığı yerdə ölkəmizin möhkəmlənməsində fəal iştirak etməlidir.
Bir daha qeyd etmək istəyirəm ki, bu gün burada, demək olar, Azərbaycan cəmiyyətinin kiçik bir nümunəsi iştirak edir. Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, siz gələcəkdə də öz fəaliyyətinizlə ölkəmizi möhkəmləndirəsiniz və doğma Vətənə bundan sonra da ləyaqətlə xidmət edəsiniz. Təbrik edirəm, sizə uğurlar arzulayıram.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev təltif olunanlarla xatirə şəkli çəkdirdi.

Xalq qəzeti.-2007.-13 fevral.-S.1.