Azərbaycanlı rəssamın
terrorizmi lənətləyən
əsəri Nyu-York muzeyinə verilmişdir
AzərTAc xəbər
verir ki, Azərbaycanın əməkdar rəssamı, YUNESKO
Rəssamlar Federasiyasının, Rusiya Rəssamlar
İttifaqının və Almaniya Rəssamlar Birliyinin
üzvü, "Dünya xalqlarının
incəsənəti" Beynəlxalq Assosiasiyası
mükafatının laureatı Əşrəf Heybətovun
əsərlərindən biri Nyu-York muzeyinə verilmişdir.
Xatırladaq ki, Azərbaycan
Prezidenti
İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı görüşdüyü soydaşlarımız
arasında Əşrəf
Heybətov da vardı. O, 10 ildən çoxdur bu ölkədə yaşayır,
vətənindən isə
taleyin hökmü ilə təxminən 25 il əvvəl çıxmışdır.
Buna baxmayaraq, dostlarının və həmkarlarının dedikləri
kimi, Əşrəf Heybətov doğma diyarı görmək, havası ilə nəfəs almaq üçün, az qala, hər il Azərbaycana, sevimli Bakısına gəlir.
Fırça ustasının
vətənə növbəti
gəlişlərindən birində
"Abşeron" rəsm
qalereyası müdiriyyətinin
təşəbbüsü ilə burada onun əsərlərinin sərgisi təşkil edilmişdi. Yadımdadır, sərgi "Salam,
Yeni Azərbaycan!"
adlı iri tablo ilə açılmışdı. Rəssam
doğma torpaqla, azadlığa, müstəqilliyə
qovuşan Vətəninin
yeni həyatı ilə görüşdən
aldığı bütün
sevincini, duyduğu qüruru sanki bu əsərə köçürmüşdü. Bu, nikbinliklə dolu ballada -Vətənə himn idi.
Əşrəf Heybətov
həm realist, həm də romantikdir. Onun rəngkarlıq əsərləri
də, dəqiq ifadəli qrafikası da təsviri sənət sərraflarının
diqqətini eyni dərəcədə cəlb
edir. Bəşəriyyətin
taleyinə, Yer üzündə sülhün
və əmin-amanlığın qorunub saxlanmasına biganə qalmayan bir insan
kimi, o, "Nyu-York, 11 sentyabr" adlı əsərində
terrorizmi hiddətlə
lənətləmişdir. Uzun müddət Moskvada yaşayıb-yaradan soydaşımızın
məhz bu əsərini Rusiyanın Bonndakı baş konsulu Nyu-York sakinlərinə hədiyyə
etmişdir. Bununla əlaqədar keçirilən
mərasimdə ABŞ-ın
Bonndakı baş konsulu bildirmişdi ki, Əşrəf Heybətovun bu əsəri Nyu-York muzeyinə veriləcəkdir.
Həmvətənimiz axırıncı
əsərlərindən birini
"Terrordan planetar etikaya. Dünya dinləri" mövzusunda
Moskvada keçirilmiş
beynəlxalq forumla əlaqədar yaratmışdır.
Öz tarixi Vətənini ürəkdən
sevən Əşrəf
Heybətov terrorizmin bəşəriyyəti hansı
müsibətlərə düçar
etdiyini yaxşı bilir və buna
görə də öz zəngin yaradıcılığı ilə
bu dəhşətli bəlaya qarşı dərin nifrət və etirazını bildirir.
Azərbaycan.-2007.-22 fevral.-S.3.