Məhərrəmova T.

 

Həyatı sevmək lazımdır

 

Professor Böyükağa Mirzəzadə, rəssam: "Yeniliyi savadlı adam gətirər

 

İndiki tələbələr kitabxana tanımırlar

 

"Təbiət Tanrının ən böyük möcüzəsidir"- deyənlər yanılmayıb. Min bir rəngi göz oxşayan, təbii mənzərələri ilə insanı valeh edən bu gözəlliyin yaratdığı möcüzə sirli-sehrli bir aləmdir. İnsan idrakı nə qədər inkişaf etsə də, bu misilsiz gözəlliyin sirrini açmaqda acizdir. Təbiətin ecazkarlığına insan heyranlığı bəzən öz əksini kətan üzərində tapır və nəticədə misilsiz rəsm əsərləri yaranır. Bu əsərlərə baxanda onun insan əli ilə yaradıldığını unudursan. Bəlkə bu sirr ondadır ki, rəssamlar bu əsərləri təkcə əlləri ilə deyil, həm də ürəkləri ilə yaradırlar.

Təbiəti, insanlığı ürəkdən sevənlərin bu sənətə gəlişi həmişə uğurlu olur. Respublika Dövlət mükafatı laureatı, professor, "Şöhrət" ordenli xalq rəssam Böyükağa Mirzəzadə kimi. Qocaman rəssam (fevralın 21-də rəssamın 86 yaşı tamam olur )milli dəzgah rəssamlığımızın yaranması və bədii məktəb kimi formalaşmasında əvəzsiz rol oynayıb. Böyükağa Mirzəzadə yüksək sənət professionallığı göstərərək öz yaradıcılığında rəngkarlığı, qrafikanı, monumental divar rəssamlığını, səhnəqrafiyanı, hətta heykəltaraşlığı belə əhatə edərək gözəl sənət nümunələri yaradıb.

 

- "Rənglər ömrümüzdən keçir, isti-soyuq küləklər kimi". Bu misranı xalq şairi Rəsul Rza yazıb. Rənglərin həyatınızda yaratdığı harmoniya, rəngarənglik nədən ibarətdir?

- Rəngəranglik məncə hissiyyatdan asılıdır. Rəngi görmək rəssam üçün xoşbəxtlikdir. Rəng görməyən rəssam heç nə görmür. Rənglər dünyası o qədər gözəldir ki, deməklə də, çəkməklə də sona qədər təsvir etmək olmur. Rəng məsələsini fransızlar sənətə gətirib. Ancaq heç onlar da bu rəngarəngliyin bu sirrini lazım olan qədər aça bilməyiblər. Rənglər rəssam üçün ürəkdən gəlməlidir. Hərdən oturub "gərək bunu belə edəydim, burda bu qədər rəng vermək olardı və s."-deyə fikirləşirəm. Görürəm ki, ürəyim, başım ağrıyır. Bu, məndən yox, təbiətdən asılıdır. Elə rəng var ki, yalnız rəng kimi baxılır. Ancaq rəng gərək qəlbi, ruhu oxşasın.

- Şərqdə rəngləri adətən insanın təbiətinə görə ayırd edirlər. Daha doğrusu, rənglər mənfi-müsbətliyinə görə real həyatı əks etdirir. İş prosesində rənglərin daxilinizdə yaratdığı əhval-ruhiyyə nədən ibarətdir?

- Düzün sözü, mən deyim ki, hər hansı bir rəngə xüsusi rəğbətim var, hər hansı rəngi sevirəm, yox. Rəng həyatdır. Həyatı sevmək lazımdır. Həyatda olan gözəllikləri duymaq, hiss etmək və başqalarına hiss etdirmək, göstərmək lazımdır. Rəngə rəng kimi baxmaq lazım deyil. Nə qədər eləsək, həyatdan yaxşı edə bilməyəcəyik. Mən hərdən deyirəm ki, kifir insan yoxdur, hamısı gözəldir. Sadəcə o gözəlliyi görmək lazımdır. İnsanın qəlbi içəridədir, gözə görünmür. Ona görə rəssam o gözəlliyi hiss edəndə xoşbəxt insan olur.

Rəngi insanın təbiəti ilə əlaqələndiriməklə yanaşı, çəkəndə gərək canlı da göstərə biləsən. Bir var dekorotiv - boyama rəngləri, bir də var hissiyyat rəngləri. Boyaq rəngləri pisdir. Rəng gərək insanın ürəyini oxşasın. Rəng simfoniyadır. İnsanı özündən alıb uzaqlara aparan musiqidir.

Bizim sənət çox çətindir. Mən musiqini yaxşı bilirəm. Uşaqlıqda tar çalmağa da getmişəm. Ədəbiyyatı da oxuyuram. Rəng sənəti isə çox çətindir. Onu bütün adamlara öyrətmək olmaz və olmayacaq da. Məsələn, simfoniyanı hər adama başa salmaq çətindir. Bizim sənətimiz də elədir.

- Sizcə rəssamlar başqa yaradıcı adamlardan hansı xüsusiyyətləri ilə fərqlənirlər?

- Rəssamlara bəzən kənardan baxanda deyirlər ki, onlarda bir az çatışmazlıq var. Halbuki elə deyil. Bəlkə rəssamın ağlı daha çoxdur. Çünki rəssamın həyatda gördüklərini başqa sənətdə olanlar görmürlər. Biz küçə ilə gedərkən biri digərilə söhbət edəndə baxırıq və "ah, nə gözəldir!" - deyə imkan varsa bloknotu çıxarıb nəsə cızırıq. Sən o gözəlliyi görürsən, amma başqası onun yanından saymazyana keçir. Bunun fərqi odur.

- İlk dəfə əlinizə fırça alanda nə çəkdiyiniz yadınıza gəlirmi?

- Mən əlimə birinci dəfə fırça yox, qələm almışam. Rəssamlığa da getmək fikrim yox idi. Sənədlərimi Tibb İnstitutunun "rabfak"ına verdim. Atam istəyirdi ki, həkim, mühəndis olum. Mən "Sovetski" məhləsində böyümüşəm. Bu məhəllələrdə ağıllı-başlı adam yox idi. Qonşuda bir kasıb ailə vardı. Onların oğlu Muxtar rəssamlıq məktəbində oxuyurdu. Mən də onlara qoşulmuşdum. Bir gün o mənə dedi ki, gəl, səni də rəssamlıq texnikumuna aparaq. Onun sözünü zarafat hesab elədim. Axı o yaxşı bilirdi ki, mən şəkil çəkməyi bacarmıram. Həmin il Mikayıl Abdullayev də texnikuma ərizə vermişdi. Mən də evimizdən xəbərsiz sənədlərimi Tibb İnstitunun "rabfak"ından alıb, rəssamlıq texnikumuna verdim. Bir neçə gündən sonra qəbul imtahanları başlanacaqdı. Muxtar məni başa saldı ki, evdə əlinə nə düşsə şəklini çək. "Qorxma, əlin öyrəşər, lap papağını qoy qabağına çək" - dedi. İmtahan günü gəlib çatdı. Bir neçə gün ərzində rəsmdən, rəngdən və kompozisiyadan imtahan verdik. Texnikuma qəbul olunandan xeyli sonra evimizdə xəbər tutdular. Atamın yaman acığı tutdu, amma iş-işdən keçmişdi. O vaxt rəssamlıq məktəbində dərs deyən müəllimlərin çoxu ermənilər və ruslar idi. Onların da bizi görməyə gözləri yox idi. Biz bunu sonradan başa düşdük. Moskvadan qayıdandan sonra - 42-ci ildə yavaş-yavaş özümüz dərs deməyə başladıq. Elə o vaxtdan bu günə qədər dərs deyirəm.

- "Moskvalı" tələbələr Bakıya qayıtdıqdan sonra özlərinə asanmı yer tapdılar?

- Moskvadan gələn tələbələr - Mikayıl Abdullayev, Eyyub Məmmədov, Əbdülxalıq, Maral Rəhimzadə Azərbaycanın ən yaxşı rəssamları oldular. Biz 10 nəfərə yaxın idik. Hamımız da Xalq rəssamı fəxri adını aldıq. Onların hamısı realist olublar. Bu çox çətindir. İndi rəssamlar oxumur, çəkmir. Əyri-üyrü şeylər çəkməklə rəssamlığa modern üslub gətirdiklərini deyirlər. Yeniliyi savadlı adam gətirər. İndiki tələbələr kitabxananı tanımırlar. Biz oxuyur, müzakirə aparır, mübahisə edirdik. İndi tələbəyə "3" yazırıq gedir. Açığını deyim ki, pis vaxtdır.

- Tez-tez özlərini modernist cərəyanın nümayəndələri adlandıranlar "bəzi rəssamların məktəbi köhnəlib" deyirlər. Ümumiyyətlə, rəssamların məktəbi köhnələ bilərmi?

- Dəb ayrı şeydir. Dəb tez-tez dəyişir. Bir də var qanun. Mən dövlətin, hökumətin qanununu yox, insanlıq qanununu deyirəm. İnsan necə olmalıdır? Necə olar ki, gözəl bir insanın başını ayağı yerində və ya əksinə çəkirsən? Bunu necə qəbul eləmək olar? Bir dəfə məni bir pambıqçı qadının şəklini çəkmək üçün rayona göndərmişdilər. Gəlib kolxoz sədrinin otağında onu gözlədim. Arıq, çəlimsiz bir qızı portretini çəkməkdən ötrü yanıma göndərmişdilər. Gözlərimə inanmadım: doğrudanmı bu çəlimsiz vücudla o qəhrəmandır? Əməlli-başlı çaşmışdım. Onun portretini necə çəkəcəyimi düşünürdüm. Mən gərək bu çəlimsiz qızda ilk növbədə qəhrəmanlığını, daha sonra qadınlığını hiss etdirəydim. Əllərini yekə çəkib onu qəhrəman kimi təqdim eləmək əsas iş deyil. Bu balaca adamın böyük iş gördüyünü göstərmək lazım idi. Onun portretini çəkdim. Uğurlu da alındı. Gərək insanı görəsən. Görüb çəkmək üçün də gərək bacarıq, ustalıq olsun. İndi o ustalıq yoxdur. Bilirsinizmi, gec-tez vakum əmələ gələcək. Moderni bacarmaq asan deyil. O çox böyük sənətdir. Pikasso adamı özündən də yaxşı çəkib. Gərək bacarasan. İndi modernizm də dəb düşüb. Rəssamlar İttifaqında bizim tələbələrin 99 faizi hamısı elə çəkir. Bu keçib gedəcək.

İnanıram ki, bir neçə vaxt keçəcək, realizm yenə də qayıdıb gələcək.

- Deyirlər, yaxşı müəllimin bir xoşbəxtliyi də odur ki, tələbəsi ondan irəli getsin.

- Mənim yalnız bir tələbəm - Tahir Salahov məndən qabağa gedib. O, çox böyük sənətkardır. Tahirin çatışmayan cəhəti böyük adam olmaq istəyidir. Mən ona deyirəm ki, sən rəssamsan, böyük adamsan, bundan böyük adam olmayacaq. Moskvada bir qrup adamlar, burda da bəzi rəssamlar onu xoşlamır. Ancaq yüksək vəzifəli adamlar onu xoşlayır. Tahir Pikasso kimi böyük sənətkardır. O, əvvəllər nə çəkirdisə, mənim işlərimə oxşayırdı. Sonra yolunu dəyişdi. Keçmiş SSRİ-də 2-3 yaxşı rəssam varsa, biri Tahir Salahovdur.

- Bir-iki il bundan qabaq Türkiyədə keçirilən bir sərgidə əsərlərinizin oğurlandığı haqqında söz-söhbət gəzdi.

- Bilmirəm, bunu nə üçün mənim adımla əlaqələndirdilər? Türkiyədə satdığım işlərdən ibarət sərgi açmışdılar. Orda elə bir ciddi işlərim də yox idi. Arif Məlikovun qızı uşaq olanda onun portretini çəkmişdim. Demişdim ki, toyunda deyərsən, çərçivəyə salıb gətirərəm. Toya dəvət eləmədi. Sonra bir-iki dəfə də dedim ki, gəl, qızının portretini apar. Yenə gəlmədi. Mən də həmin əsəri yaxşı qiymətə satdım. Arif məndən küsdü. Türkiyədə həmin əsəri, bir də başqa bir əsərimi oğurladılar.

- Öz avtoportretinizi çəkmisiniz?

-(divardakı iri portreti göstərir) Bax, görürsənmi, onu 60 illiyim münasibətilə çəkmişəm. Daha bir yaxşı avtoportretim muzeydə saxlanılır. Bir-ikisini də satmışam. Mənim işlərimi ərəb ölkələrindən başqa, dünyanın hər yerindən gəlib alıblar. Demək olar ki, işim qalmayıb.

- Min bir əziyyət, yuxusuz gecələr hesabına başa gələn əsərlərinizdən bir anın içində ayrılmaq sizinçün çətin deyilmi?

- Çox çətindir... Əgər cavan olsaydım inanın ki, satmazdım. Satıb qızımın ailəsinə kömək edirəm. Bir az qalanlar var, onları da satacağam. Yoxsa məndən sonra onları kim satacaq? Ancaq inanın, o əsərlərlə birlikdə adamın canı, ürəyi gedir. O əsərləri vaxtilə 100 manata satmışdımsa, indi 1000 manata satardım. Mikayıl Abdullayevin çox gözəl işləri vardı. O, Stalinin portretini 50 dollara satdı. Sonra həmin əsəri auksionda 60 min dollara satmışdılar. O əsəri Mikayıl Moskvada naturadan çəmişdi.

- İnstituta qəbul olanda sizə uğur gətirən şəkil çılpaq qadın fiquru olmuşdu. Ümumiyyətlə, rəssamın qadın şəkli çəkməsi təkcə gözəlliyə aludə olması ilə bağlıdır, yoxsa başqa səbəblər də var?

- Mən bunun səbəbi barədə çox fikirləşməmişəm. Qadın çox qiymətli, incə varlıqdır. Kişi zəhmətkeşdir, fəhlədir. Qadın isə onu ilhama gətirən varlıqdır. Nədənsə mən qadın şəkli çox çəkmişəm. Mən kosmetik vasitələrdən istifadə edən qadınları çəkməmişəm. Çəkdiklərim hamısı təbii sifətlərdir. Çoxlarını sifarişlə çəkmişəm. Zaqulbada istirahət edəndə qızlar portretlərini çəkdirmək üçün növbəyə dayanırdı.

- 86 yaşınız tamam olur. Özünüzü necə hiss edirsiniz?

- Allah bu vaxta qədər saxlayırsa böyük şeydir. Taleyimdən çox razıyam. Respublika Dövlət mükafatı laureatı, Xalq rəssamı kimi fəxri adlara layiq görülmüşəm. "Şöhrət" ordenini Heydər Əliyev mənə təqdim etdi. Prezident təqaüdü də alıram. O vaxt adımı təqaüd siyahısına salanda dedilər ki, ya Maral Rəhmanzadə, ya da sənin adın olmalıdır. Dedim ki, əvvəlcə Maralı siyahıya salın. Heydər Əliyev siyahıya baxıb "bəs Mirzəzadə hanı?" - deyə maraqlananda elə orda da adımı siyahaya salmışdılar. Daha nə edəcəklər mənim üçün?

 

Kaspi.-2007.-21 fevral.-S.16.