Talıboğlu R.

 

Fərdi sərgi

 

Hər rəngin öz qəlbi, ruhu var. Bu, onu hiss edən insanlar üçün açıqdır. Rəngə qarşı kar olanlar üçün rəng elə rəng olaraq qalır. Belə insanlar rəngi körpü kimi qəbul edə bilmirlər. Rəng isə insanın qəlbini, ruhunu cənnətlə birləşdirir. Bu sözləri yeni təqvim ili ərəfəsində Rəssamlar İttifaqının Rəsm Qalereyasında fərdi sərgisinin açılışı zamanı həvəskar rəssam İlhamə Vaqif qızı Əfəndiyeva söyləmişdir.

Peşə təhsili bazasında 1988-1990-cı illərdə rəngkarlıq sənətinə yiyələnən İ.Əfəndiyeva sonradan Azərbaycan Beynəlxalq Universitetinin riyaziyyat-informatika fakültəsini bitirib.

123 nömrəli ümumtəhsil, 13 nömrəli internat məktəblərində və Əzizbəyov rayonundakı Uşaq Yaradıcılıq Mərkəzində dərnək rəhbəri kimi bu sənətə meyli olan uşaq və yeniyetmələrlə yaradıcılıq işləri aparıb, bu sahədə onların istedadlarının inkişaf etdirilməsinə səy göstərib.

İ. Əfəndiyeva hazırda Əzizbəyov rayonundakı Şüvəlan Uşaq Yaradıcılıq Mərkəzinin direktorudur. Onun rəhbərliyi ilə Uşaq Yaradıcılıq Mərkəzində uşaq və yeniyetmələrin yaş xüsusiyyətləri və maraqları nəzərə alınmaqla müxtəlif dərnək, klub və studiyalara cəlbi və məşğuliyyəti, habelə onların asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təmin edilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Buna baxmayaraq, İlhamə xanım özü də yaradıcılıqla məşğuldur. Təqdim etdiyi fərdi sərgidə onun 30-a yaxın rəsm işi nümayiş etdirilmişdir. İ.Əfəndiyeva impressionist rəssamdır. Yaşadığımız həyatın hər hansı bir anım təsvir etməyə üstünlük verir. Rəssam sərbəst mövzuda və əlvan rənglərlə işləməyi çox sevir. Rəsmlərinin əksəriyyətini natürmortlar, təbiət mənzərələri təşkil edir. Rəsmlər çox yüksək səviyyədə işlənmişdir.

Fərdi sərginin açılışı münasibətilə təşkil edilmiş mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Q.Sultanova, Nizami rayonundakı Uşaq Yaradıcılıq Mərkəzinin direktoru L.Qəti, 237 nömrəli məktəbin müəllimi Zemfira Həsənova, Rəssamlar İttifaqının üzvü, rəssam Anar Hüseynzadə və başqaları çıxış ederək İ. Əfəndiyevanı təbrik etdilər və ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Həvəskar rəssama Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri fərmanı təqdim edildi.

 

Azərbaycan müəllimi.- 2007.- 9 fevral.- S. 8.