Zəhra

 

Əbülfəs Qarayev gənc rəssamların səviyyəsindən razıdır

 

Səttar Bəhlulzadə adına Mərkəzi Salonda "Bizim rəngli dünyamız" adlı sərginin açılışı olub. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgi 2 fevral Gənclər Gününə həsr edilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son vaxtlar gənc rəssamların uğurlar əldə etdiklərini söyləyib. O, bu irəliləyişi sevindirici hal kimi qiymətləndirib: "Bizim gənc rəssamlarımız xarici ölkələrə dəvət alırlar. Onların əsərləri dünyanın çox tanınmış sərgi salonlarında nümayiş olunur. Onların əsərlərində müasirlik öz əksini tapıb. Mən onların əl işlərinə baxdıqca görürəm ki, gənclərimiz Avropa ölkələrindəki rəssamlardan heç də geri qalmırlar. Bunun üçün onların xaricə çıxmaları, Azərbaycan rəssamlıq sənətini əcnəbi ölkələrdə təmsil etmələri üçün şərait yaradılmalıdır. Çox vaxt artıq istedadlı gənclərin olmadığını deyirik. Ancaq bu günkü sərgidəki əsərlərə baxdıqca, bu fikrimizdə nə qədər yanıldığımızın şahidi oluruq. Bütün bunlar ölkəmizdəki istedadlı gənclərin savadının günü-gündən artdığının göstəricisidir. Artıq dövlət tərəfindən rəssamlar üçün yeni emalatxanaların yaradılması, daha da inkişaf etdirilməsi prosesi başlayıb. Əminəm ki, bu emalatxanalar yeni istedadların ortaya çıxmasında yardımçı olacaq". Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov gənclərə ayrılan diqqəti yüksək qiymətləndirib: "Gənclərin əsərlərini tamaşaçı qarşısına çıxarmaq böyük hadisədir. Onlara dövlət tərəfindən diqqət ayrılıb. Bu, gənc rəssamları yeni əsərlər yaratmağa həvəsləndirir. Nümayiş olunan rəsm əsərləri mövzu baxımından da diqqət çəkir. Qədim adət-ənənələrimizi bizə xatrladan bu rəsmlər, əşyalar tərifə layiqdi". Sonda qrafik, rəngkarlıq, heykəltəraşlıq, tətbiqi sənət janrında olan əsərlər, müxtəlif xalçalar, bəzək əşyalarından ibarət sərginin açılışı olub.

 

525-ci  qəzet.- 2007.- 3 fevral.- S. 25.