Pənahov İ.

 

İşə can yanğısı ilə yanaşanda

                               

Şəki Mədəniyyət və Turizm Şöbəsi rayonun mədəni həyatında öncül yerlərdən birini tutur. Məlum olduğu kimi, Şəki ölkəmizin qədim tarixə malik mədəniyyət abidələri ilə zəngin guşələrindəndir. Dünyanın nadir mədəniyyət abidələrinin bu gün də ləyaqətlə qorunduğu bu qədim diyarın mədəniyyət işçiləri öz işlərinə əsl can yanğısı ilə yanaşırlar. Respublikanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun diqqəti və qayğısı bu fədakar insanların öz işlərinə bəslədikləri məsuliyyət hisslərini birə-beş artırır. Xüsusən də bugünlərdə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə başqa peşə sahibləri ilə bərabər mədəniyyət və turizm işçilərinin də əmək haqlarının artırılması bu zümrədən olan insanların böyük ruh yüksəkliyinə səbəb olmuşdur.

Şəki Mədəniyyət və Turizm Şöbəsinin qabaqcıl dəstələrindən biri də kəndlərdə yerləşən klub, mədəniyyət evləri və kitabxanalarıdır. Bu müəssisələrin fəaliyyəti, onların apardığı mədəni-kütləvi tədbirlər, bir sözlə, görülən işlər barədə məlumat verən, təcrübəli mədəniyyət işçisi, Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elmira Məmmədova bizimlə söhbətində bildirdi ki, öz işinin əsl ustası kimi nəinki təkcə Şəkidə, həm də onun hüdudlarından kənarda tanınan qabaqcıl mədəniyyət işçilərimiz çoxdur.

Rayonun Qayabaşı, Şorsu, Şəki kənd klubları Şəki şəhərindən xeyli uzaq məsafədə yerləşir. Şəki kənd mədəniyyət evində 1 maraq klubu, 4 bədii özfəaliyyət dərnək və kursları fəaliyyət göstərir ki, bunlar da 80 nəfər üzvü özündə birləşdirir.

Son illərdə mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri uğurlu çıxışları ilə əhalinin dərin hörmətini qazanmışlar.

Mədəniyyət evində fəaliyyət göstərən "Şəlalə" instrumental ansamblı nəinki Şəki ərazisində olan hərbi hissələrdə, hətta Şəmkirdə, Tovuzda, Mingəçevirdə yerləşən hərbi hissələrdə dəfələrlə çıxışlar etmişlər.

Elə bir bayram, əlamətdar gün yoxdur ki, Rəşid Hüseynovun rəhbərlik etdiyi mədəniyyət evinin kollektivi, kənd əhalisi qarşısında müntəzəm çıxışlar etməsin.

Mehriban Qurbanovanın rəhbərlik etdiyi Qayabaşı mədəniyyət evinin kollektivi də öz intizamı və çıxışları ilə həmişə fərqlənir. Burada fəaliyyət göstərən dərnək və kurslarda iştirak edənlərin sayı cəmi 70 nəfərdir. Bu dərnək və kursların 3-ü uşaq və yeniyetmələrə xidmət edir ki, onların sayı 50 nəfərdir.

Mədəniyyət evində müxtəlif  tarixi və əlamətdar hadisələr, əhali arasında maarifləndirmə, gənclərin və yeniyetmələrin dünyagörüşlərinin formalaşdırılması sahəsində mühüm tədbirlər hazırlanmışdır.

Şəkinin çox da böyük olmayan kəndlərindən biri olan Şorsu kəndində yerləşən klubun fəaliyyəti çox böyükdür. 100 nəfərlik yeri olan klubda 5 maraq klubu, bədii özfəaliyyət dərnək və kursları fəaliyyət göstərir. Bunlardan 3-ü uşaq və yeniytemələr üçündür.

Bədii özfəaliyyət ansamblında isə 8 nəfər iştirakçı vardır. Şəki şəhərində keçirilən elə bir tədbir yoxdur ki, "Abay" rəqs kollektivi orada iştirak etməsin. Dəfələriə Novruz şənliklərində, Dövlət Müstəqilliyi, Milli Qurtuluş, Respublika gününə həsr olunmuş və s. şəhər tədbirlərində bu rəqs kollektivi uğurla çıxış etmişdir. Bu yaxınlarda Bakıda keçirilən azsaylı xalqların baxış müsabiqəsində Şəkini təmsil etmişdir. Klubun müdiri Raqif Məmmədovun rəhbərliyi ilə burada fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri müntəzəm olaraq ərazidə olan hərbi hissədə çıxışlar edirlər.

Şəki şəhər MKS-nin strukturunu İ.S.Nakam adına mərkəzi kitabxana, M.Ə.Sabir adına mərkəzi uşaq kitabxanası və 85 kitabxana filialı təşkil edir. Bu kitabxanalar vasitəsilə Şəkinin 160000-dən yuxarı şəhər və kənd əhalisinə xidmət göstərilir. Kitabxanalara 68386 nəfər oxucu cəlb olunmuşdur. Oxuculara il ərzində 1 milyondan çox ədəbiyyat verilmişdir. Latın qrafikası ilə çap olunan ədəbiyyata tələbat günbəgün artmaqdadır. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev 12 yanvar 2004-cü il tarixdə latın qrafikalı ədəbiyyatın kütləvi nəşri üçün sərəncam imzalamışdır. Bu sərəncamdan sonra 43605 nüsxə ədəbiyyat şəhər MKS-yə hədiyyə olundu.

MKS-nin ən qabaqcıl kitabxanalarından biri Böyük Dəhnə kəndində yerləşən 21 saylı filialdır. Kitabxana 1927-ci ildən fəaliyyət göstərir. Hazırda kitabxananın fondunda 11843 nüsxə kitab və kitabça vardır. İl ərzində kitabxananın 2114 nəfər oxucusu olmuşdur. Oxuculara 42087 nüsxə ədəbiyyat verilmişdir.

Kitabxanada 4 nəfər ixtisaslı kadr çalışır. Filial müdiri Həcər Həmidova kitabxanaçılar Elmira Məsimova, Yaqut Seyidməmmədova, Əminə Mustafayevadır. Böyük Dəhnədə 5200 nəfər əhali yaşayır. Bu kəndin əhalisi ictimai fəallığı ilə seçilir və mütaliəyə meyillidir. Kitabxananın onlarca fəal oxucusu vardır. Xüsusilə Azərbaycan müstəqilliyini qazandıqdan sonra filialda Azərbaycanın tarixi keçmişinə dair ədəbiyyatın təbliğinə, hərbi vətənpərvərlik mövzusuna daha böyük yer verilir. "Azərbaycanın tarixinə dair nəyi bilməli", "Heydər Əliyev Azərbaycan Respublikasının memarıdır", "Bu vətən sənindir", "Yaddan çıxmaz Qarabağ" və s. mövzularda daimi sərgilər təşkil edilmişdir. Heydər Əliyev irsinin təbliği ilə əlaqədar hər ayın 12-i "Heydər Əliyev irsinin təbliği günü" kimi qeyd olunur.

Mərkəzi kitabxana sisteminin ən qabaqcıl kitabxanalarından biri də Baş Zəyzid kəndində yerləşən 49 saylı filialdır. Bu kitabxananın oxuculara xidmət üçün olduqca gözəl şəraiti vardır. Kitabxanaya orta ixtisas təhsilli kitabxana işçisi Laləndər Müzəffərova rəhbərlik edir. Kitabxanaçı isə Gültəkin Səfərovadır. Kitabxananın 7153 nüsxə kitab fondu var ki, bu fonddan 1001 nəfər oxucu istifadə edir.

Kitabxanada "Tarix yalnız şəxsiyyətləri yaşadır", "Mülki müdafiə ümumxalq işidir", "Qanla yazılan tarix", "Xocalı qisasa səsləyir bizi" və s. başlıqlarda sərgilər hazırlanmış, "Milli-mənəvi irsimiz bizim tariximizdir", "Odlar yurdu Azərbaycan", "Tarixi abidələrimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur", "Müstəqil Azərbaycanın Konstitusiyası dünyanın ən ədalətli qanunlarından biridir" və s. mövzularda kütləvi tədbirlər keçirilmişdir.

MKS-nin qabaqcıl kənd kitabxanalarından biri də Turan qəsəbəsində yerləşən 28 saylı filialdır. Kitabxanada 2 nəfər ixtisas təhsilli kitabxanaçı çalışır. Filialın müdiri Səxavət Məmmədova, kitabxanaçı isə Ülviyyə Rzayevadır. Kitabxananın 14692 nüsxə kitab fondu vardır. İl ərzində 1000 nəfər oxucu cəlb olunmuşdur.

Kitabxanada ədəbiyyatın təbliğinə xüsusi diqqət yetirilir. Kitabxanada daimi kitab sərgiləri ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş "Dünyanın parlaq günəşi", "Yaddan çıxmaz Qarabağ", "Qanlı Yanvar", S.Vurğun - 100", "S.Rüstəm - 100", "Ana vətən çağırır" və s. mövzularda sərgilər tərtib edilmiş, "Dostluq və qardaşlıq nəğməkan", "Ana dilim qüdrətim mənim" mövzularında oxucu korifransları, "S.Rüstəmxanlının "Ömür kitabı", İ.İsmayılovun "İki od arasında", Anarın "Ağ liman" əsərlərinin müzakirəsi keçirilmişdir. Ümumiyyətlə, rayonun kitabxana, klub və mədəniyyət evlərinin hər birində aparılan məqsədyönlü işlər ümumrayon mədəniyyət tədbirlərinin daha maraqlı və rəngarəng keçirilməsinə səbəb olur ki, bu da əhalidə xoş ovqat yaradır.

 

Respublika.- 2007.- 10 fevral.- S. 4.