Mükərrəmoğlu M.
Azərbaycan
xalçası parisliləri heyran qoydu
Fevralın 12-dən
16-dək Parisdə YUNESKO-nun qərargahına
gələnlər burada Azərbaycanın möcüzəli
xalça sənəti ilə tanış ola bildilər.
İlk növbədə “Azərbaycan xalçası”
sərgisi minlərlə tamaşaçı və qonaqlara
təqdim olundu. Fevralın 14-də isə IV Beynəlxalq
Simpozium öz işinə başladı. Lətif Kərimovun
adını daşıyan Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru,
sənətşünaslıq doktoru Röya xanım
Tağıyeva da simpoziumda geniş məruzə ilə
çıxış etmişdir. Aşağıda o,
simpoziumla bağlı öz fikirlərini bizimlə
bölüşür:
— İlk növbədə möhtərəm Prezidentimiz
İlham Əliyevə, YUNESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevaya
minnətdarıq ki, Azərbaycan mədəniyyətinin
dünya miqyasında tanınması üçün bizə
əsl mənada hamilik edirlər.
Bu böyük beynəlxalq tədbir haqqında mətbuatda
yazılar dərc olunub. Amma bir neçə məqam var ki,
onları oxucuların diqqətinə çatdırmaq
istəyirəm. Mən mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin bu tədbirin təşkilindəki
rolunu xüsusilə vurğulamaq istəyirəm. İlk
dəfə idi ki, nazirliyin vəsaiti hesabına kitab çap
etdirə bildik. Bu kitab Lətif Kərimovun ikicildlik “Azərbaycan
xalçası” idi və biz həmin kitabı həm
sərgidə nümayiş etdirdik, həm də qonaqlara payladıq.
Simpoziumu Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və YUNESKO-nun
incəsənət və mədəniyyət tədbirləri
şöbəsi, incəsənət, sənətkarlıq
və dizayn sektorunun müdiri İndrasen Venkataçelun
açdılar. Sonra simpozium iştirakçılarına
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın müraciəti oxundu.
Azərbaycan xalçaçılığının tarixi,
inkişafı haqqında azərbaycanlı və
əcnəbi alimlərin çıxışları oldu.
“Lətif Kərimov dühası” mövzusunda
çıxış edən akademik Teymur Bünyadov Lətif
Kərimovun həyat və yaradıcılığı
haqqında, onun xalçaçılığa gətirdiyi
yeniliklər barədə məlumat verdi.
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və
İncəsənət İnstitutunun direktoru, akademik Rasim
Əfəndi “Azərbaycan Qazax xalçaçılıq
məktəbi” haqqında çıxışında qeyd etdi
ki, Qazax xalçaları özünəməxsus rəng
çeşidləri, bəzək elementləri ilə
seçilir. Onun nümunələrinə dünya
muzeylərində — Nyu-Yorkun Metropoliten, Vaşinqtonun Tekstil,
Bostonun İncəsənət muzeyi və şəxsi
kolleksiyalarda rast gəlinir.
Mən isə “Azərbaycan xalçası xalqın
etnomədəni tarixi kontekstində” mövzusunda
çıxış etdim.
ABŞ mütəxəssisi Vendel Svan “Qədim Azərbaycan
Şahsevən xovlu xalça toxuculuğunun
xüsusiyyətləri” haqqında məruzəsində
Şahsevənlərin əntiq xovlu xalça
toxumalarının nisbi analizini edərək Şahsevən
toxumaları kimi tanınan məmulatların naxış,
kompozisiya, xammal və rəng çalarları haqqında
məlumat verdi.
Sənətşünaslıq doktoru Yelena Saryova (Rusiya)
“Üç qədim motivin XIX əsrin Azərbaycan xovsuz
xalçalarında ikinoqrafiya və interpretasiyası”
məruzəsində ən qədim Azərbaycan xovsuz
xalça növlərindəki arxaik ornamentlərin
identifikasiyası və interpretasiyası barədə
aparılan tədqiqatlar haqqında rəy söylədi.
Müəllifə görə paleolit və neolit
dövrünün arxaik təsvirləri xovsuz xalçalarda
əks olunur.
Robert Çensner (Böyük Britaniya) “Lenin”
xalçasının mənşəyi “Şahnamə” xalq
dastançıları və ikonostas" mövzusunda
geniş məruzə etdi. Onun məruzəsində qeyd olunurdu
ki, “Lenin” xalçası həmişə Sov.İKP-nin
təbliğat elementi kimi nəzərdə tutulmuşdur. Lakin
Çensner sosialist realizminə məxsus olan kompozisiya əks
edilmiş xalçaya başqa tərəfdən baxaraq, burada
müxtəlif mənbələrdən qaynaqlanan və iki tam
müxtəlif mənbənin heyrətamiz kompozisiyasını
özündə cəmləşdirmiş fiqur və
mövzulara diqqət yetirdi.
Egey universitetinin professoru Bekir Deniz “Azərbaycan və Anadolu —
türk xalçalarının bənzər
xüsusiyyətləri” mövzusunda
çıxışında XV-XVI yüzillikdə Anadolu
xalçaları və Azərbaycan xalçalarının
bənzər xüsusiyyətlərindən söhbət açdı,
onların rəsm və eskizlərlə izahını verdi.
ABŞ Şərq-Qərb Universitetinin professoru İnna
Naroditskaya isə “Azərbaycan muğamı və
xalçası: yaxınlığı baxımından”
adlı çıxışında hər iki sənət
formasının struktur dinamikası, terminologiyası və
hazırlanma üslubundan danışdı. Riçard
Raytın “Son 40 il ərzində Amerika və Avropada
Azərbaycan xalçalarına həsr olunmuş tədqiqat
işləri haqqında” məruzəsində isə XIX
əsrdən başlayaraq Azərbaycan xalçalarının
yaranma tarixi, xarici ədəbiyyatda təbliği və
kitabların əcnəbi dillərə
tərcümələrində yol verilən nöqsanlardan
söhbət açdı.
Sərgidə isə Lətif Kərimovun portreti, 13 xalça,
5 xalça eskizi nümayiş etdirilirdi. Burada Azərbaycan
xalçaçılıq məktəbinə yeni
nəfəs gətirmiş qədim elementləri yeni
üslubda işləmiş Lətif Kərimovun
əsərləri ilə klassik xalça nümunələri
müqayisəli şəkildə verilmişdi.
Bir sözlə, bu simpozium Azərbaycan
mədəniyyətinin, onun çox qiymətli nümunəsi
olan xalça sənətimizin beynəlxalq aləmdə
təbliğində yeni hadisə idi. İnanırıq ki,
belə tədbirlər gələcəkdə də davam
etdiriləcək.
Xalq qəzeti.-2007.-24 fevral.-S.7.