Qasımov Q.

 

Fərdi yaradıcılıq üslubu

 

Heykəltəraş-rəssam Fazil Nəcəfovun dəst-xəttini bu cür səciyyələndirmək olar

 

Fazil Nəcəfov 1935-ci ildə Bakıda anadan olub. Uşaqlığı II Dünya Müharibəsinin məhrumiyyətləri şəraitində keçib. Bakının o zamankı qaranlıq küçələrini, sosial çətinlikləri, amma bütün bunlara baxmayaraq, insanların əsl qəhrəmanlıq və qələbə əzmkarlığını indi də xatırlayır. Müharibə başa çatanda artıq Fazilin 10 yaşı vardı. 1955-ci ildə isə o, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirərək, elə bu sənət məbədində Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltəraşlıq dərsi alır. 1961-ci ildə Fazil Həcəfov öz istedadı, bacarığı və inadkarlığı sayəsində V.İ Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu (H.V.Tomskinin emalatxanası) bitirir. 1960-cı illərin əvvəllərindən etibarən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri diqqət çəkir. Beləliklə, illər keçdikcə Fazil Nəcəfovun bir-birindən maraqlı heykəltəraşlıq əsərləri və çoxsaylı rəsmlərdən ibarət zəngin və olduqca maraqlı bədii irsi yaranır.

Mövzu və yanr müxtəlifliyi, plastik formaların incə duyumu, mövzunun mahiyyətinə uyğun müasir formalar, təsvir və özünüifadə vasitələrinin axtarılması onun yaradıcılığının ilk illərindən etibarən hiss olunmağa başlayır. Monumentallıq, yığcam həcmlik, dəqiq və inamlı kompozisiya həlli rəssamın əsərlərinin səciyyəvi cəhətlərindəndir. Yaradıcılığında bədii təxəyyüldən doğan sərbəst, cəsarətli formalara əl atdığını, oriyinal ideyalara malik olduğunu, daim yeni obrazlar axtardığını müşahidə edənlər az deyildi. "Gənc qız", "Rayanın portreti" (1961) kimi büstlərdə müəllif modelin xırda təfərrüatlarına varmayaraq insan hisslərini qabardır. "Onun heykəllərində insan taleyi və həyəcanı öz plastik həllini tapır. Təsadüfi deyil ki, o, uzun və asan olmayan tale yaşamış zəhmət adamlarının obrazlarına müraciət edir və bu obrazları yaratmaqla insansevərliyini, hisslərini xəlqiləşdirir" - deyə Mürsəl Nəcəfov onun haqqında yazıb. "Neftçi" (1963) əsərində möhkəm vücudlu, qüvvətli Bakı neftçisinin sərbəst duruşunda daxili bir gərginlik duyulur. Fəhlənin intellektual görünüşündə, simasında fəal, həyatverici başlanğıc tamaşaçını cəlb edir. "Dalğıc" əsərində sözün əsl mənasında portret deyil, hər şeydən öncə çətin və romantik peşə sahiblərinin tipik surəti əks olunub.

Heykəltəraşın "Osvensim"(1965) adlı heykəl-kompozisiyası oriyinal həllinə, aktual mövzusuna, formaların plastisizminə görə "Sülhün keşiyində" adlı sərgidə böyük müvəffəqiyyət qazanıb. Burada heykəltəraş dramatik, son dərəcə tragik bir mövzuya optimistcəsinə yanaşır. Ağır işgəncələrin, qəddarlığın tüğyan etdiyi faşist ölüm düşərgəsində əldən düşmüş insanlar passiv, iradəsiz deyil, ən ağır dəqiqələrdə belə yüksək insanlıq borclarına, ümubəşəri dəyərlərə sadiq qalan, vətənin azadlığı naminə şərəflə ölməyə hazır qəhrəmanlardır.

Sənətkarın əhatə etdiyi mövzu, toxunduğu problem baxımından "İçəri şəhər qadınları", "Ana", "Korların nəğməsi" əsərləri istər maraqlı kompozisiya həlli, ideya-bədii məzmunu, özünüifadə vasitələri baxımından, istərsə də, heykəltəraşlıq sənətimizə gətirdiyi yeniliklər baxımından tamaşaçının dərin marağına səbəb olur.

Fazil Nəcəfovun yaradıcılığı respublikadakı ədəbi-bədii mühitlə sıx bağlıdır. Bu mənada "Teatr", "H.B.Vəzirov" kimi əsərləri diqqətəlayiqdir. Plastik baxımdan çox mürəkkəb olan "Teatr" əsərində heykəltəraş keçmişin daş ustalarının ənənələrinə məxsus olan cəhətlərə müraciət edərək həyat həqiqətlərini inandırıcılıqla verməyə nail olur. Burada hərəkət, ahəngdarlıq qabarma və çöküntülər orta əsrlərə məxsus Səbayıl qalasının xarabalıqlarından, Xəzərin suları altından çıxarılan daşları xatırladır və sanki tamaşaçını xəyalən Qobustana, Gəmiqayaya - keçmişin zəngin sənət aləminə səyahətə aparır. Bu isə əslində milli ənənələrin yenidən işlənməsi, onların yeni plastik formalarla uyğunlaşdırılması, oriyinal ifadə üsulunun tapılması deməkdir. "Osvensim"də olduğu kimi burada da yığcamlıq, ümumiləşdirmə və monumentallıq bir-birini tamamlayaraq vəhdət yaradır.

F.Nəcəfov həyata daim yaradıcı münasibət bəsləyir. Dövrünün qlobal problemlərinə, mütərəqqi bəşəriyyəti düşündürən məsələlərə ayıq nəzərlərlə yanaşaraq varlığın mahiyyətini açıqlamağa nail olur. Bəzən heç kəsin fikir vermədiyi adi, əhəmiyyətsiz görünən kiçik elementlər, onun təbiətdən götürdüyü, çox vaxt təbii formasını saxlamağa çalışdığı daş parçalarında ustalıqla elə bir mənaya çevrilir ki, tamaşaçı sənətkar istedadının qüdrəti qarşısında heyran qalmaya bilmir. Buna görə də onun əsərləri zamanın tələbləri ilə səsləşməklə yanaşı, həm də gələcəyə hesablanmış olur.

İstifadə etdiyi heykəltəraşlıq materiallarının xassələrinə yaxşı bələd olan rəssam onların hər birisi ilə fərdi rəftar qaydalarını da bilir. Bu isə ona plastik formaları intellektual görünüşdə təqdim etməyə, məzmunca fərqlənən, xırda təfərrüatlardan uzaq, lakin rəssam fikrinin əsas ideya daşıyıcısı olan əsərlər yaratmağa imkan verir. "Səhər", "Həyatın mərtəbələri", "Zamanın oyunları", "Fortuna", "Qulyabani" kimi əsərlər bu dediklərimizin əyani sübutudur. Bunlar həm də toxunduğu ictimai-problematik məzmunu ilə də maraq cəlb edir.

Dahi Mikelancelo Buoneratti "Heykəli üzü aşağı buraxın, sınıb dağılsın, yerdə qalanı heykəldir" deyərkən heykəllərin fiziki möhkəmliyini yox, mənəvi dolğunluğunu, bitkinliyini nəzərdə tuturdu. Bu tezis, həmçinin Hibertinin "Əsl heykəltəraş həm də əla rəsm çəkməyi bacaran nəqqaşdır" deyimi Fazil Nəcəfovun monumentallığı, bütövlüyü, həcm yığcamlığı, plastikliyi ilə seçilən, sərbəst fikir ifadə edən əsərlərində əksini tapır.

Hibertinin də göstərdiyi kimi əsl heykəltəraş həmçinin əla rəsm çəkməyi bacarmalıdır. Bu mənada Fazil Nəcəfovun yardıcılığının başqa bir önəmli cəhəti onun son dərəcə ifadəli rəsmlərində, plastik xətlərində üzə çıxır.

Rəsm təsviri sənətin əsasını təşkil edir. Təsadüfi deyil ki, Mikelancelo onu hər bir elmin kökü və mənbəyi hesab edirdi. Fazilin cizgi rəsmləri demək olar ki, onun yaradıcılıq axtarışlarının bəhrəsidir. Karandaş, qələm və tuşla çəkdiyi rəsmlər müəllifin yaradıcılıq emalatxanasında qalaraq geniş tamaşaçı auditoriyasının müzakirəsinə təqdim olunmamışdır. Doğrudur, bir sıra sənətşünaslar, o cümlədən C.Novruzova, Q.Anisimov, hazırkı sətirlərin müəllifi və başqaları məqalələrində bu barədə ara-sıra yazılar vermişlər. Lakin bu rəsmlər Fazil Nəcəfovun yaradıcılığının ayrıca bir sahəsi kimi tədqiq olunmağa layiqdir.

Fazil rəsmlə hələ Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyarkən məşğul olmağa başlayıb və sonrakı illərdə də bu sahəni yaddan çıxarmayaraq çoxsaylı rəsmlər çəkib. O, Bakıda H.Məmmədov, Moskvada isə D.Zilenskinin rəhbərliyi altında rəsm çəkir, onların üslubunu mənimsəyir. Yaradıcılıq axtarışları aparır, yaradacağı heykəl kompozisiyasının tamaşaçıda oyada biləcəyi təəssüratları əvvəlcədən yoxlamağa çalışırdı. Onun kömür, tuş, sangina, adi karandaşla işlədiyi rəsmləri portret, mənzərə, natürmort, animalistik yanrlara ayırmaq və hərəsini ayrı-ayrılıqda təhlil etmək mümkündür. İnsan portretləri çəkərkən bəzən səbirsizcəsinə əsas diqqəti təsvir olunan insanın zahiri bənzəyişinə, xarakterinin açılmasına yönəldir. Qalın eneryili xətlər, kömür ləkəsi simanın müəyyən yerlərində yerləşərək, bəzən tündləşir, yaxud da getdikcə nazik qata çevrilərək işıq-kölgəni əmələ gətirməklə ikiölçülü təsvir müstəvisində üçölçülü məkan təəssüratını yaradır. Bu baxımdan "Qoca", "Qız", "Gənc qadın" kimi rəsmləri xüsusilə qeyd etmək olar. Diqqət çəkən məqamlardan biri də odur ki, qadın bədəninin gözəlliyi kimi incəsənətdə uzun illər davam edən mövzular Fazil Nəcəfovu da etinasız buraxmır. O, çox məharətlə, vurğunluq hissi ilə bu gözəlliyi lakonik, diqqətlə düşünülmüş kompozisiya və xətti rəsm vasitəsilə verir. Sanki heç kağıza baxmadan birnəfəsə plastik xətlər vasitəsilə bədənin konturları elə çizilir ki, incəsənətdən heç professional səviyyədə başı çıxmayan adamlar belə onlara diqqət kəsilir. Bu o deməkdir ki, rəssam qarşısına əsas məqsəd kimi qoyduğu ifadəliyə nail olub. "Çılpaq qadın","Qadın","Oturmuş qadın" rəsmləri bu baxımdan fikrimizi təsdiq edir.

"Öküz" və "Pələng"in təsviri zamanı da F. Nəcəfovun əla rəsm ustalığının şahidi oluruq. Heyvanat aləmini dərindən müşahidəsi əsasında heykəltəraş həm də bacarıqlı animalist kimi çıxış edir. Onun rəsmlərinin plastik ifadəliyini, xətlərin sərbəst, lakin məntiqli düzümünü tanınmış italyan heykəltəraşı Cokomo Mansunun rəsmləri ilə müqayisə etmək mümkünür.

Beləliklə, hərtərəfli inkişaf etmiş, kamil və fərdi yaradıcılıq uslubuna, bənzərsiz heykəllərə, əla rəsmlərə malik, sənətdə tamamilə yeni yaradıcılıq yolu ilə gedən və bu yolu kimsəyə güzəştə getməyən heykəltəraş Fazil Nəcəfovun yaradıcılığı dövlətimizin diqqət mərkəzindən kənarda qalmamış yaradıcılığına yüksək səviyyədə qiymət verilmişdir. O, Xalq Rəssamı fəxri adına, Prezident təqaüdünə və digər yüksək mükafatlara layiq görülüb.

Bu gün tanınmış Azərbaycan heykəltəraşının anadan olmasının 72 ili tamam olur. Bu münasibətlə ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Kaspi.-2007.-16 fevral.-S.16.