Mehdixanlı T.

Zəhmətin bəhrəsi

 

Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, AMEA-nın akademiki, dünyanın əksər ölkələrində tanınan məşhur heykəltəraş Ömər Həsən oğlu Eldarovun yaratdığı əsərlərin əksəriyyətinin təsvirləri toplanmış fotoalbom işıq üzü görüb. Topluda müəllifin mərmər, tunc, gips, ağac üzərində ikinci ömürləri yaşadan sənətkarlıq bəhrələri çap olunub.
Ö.Eldarov Dərbənd şəhərində dünyaya göz açıb. Altı yaşında valideynləri onu Bakıya gətirib, burada Rəssamlıq studiyasında oxuyub. 1941-1944-cü illərdə isə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin heykəltəraşlıq şöbəsində təhsil alıb. Sonra Y.Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsini bitirib. Hələ tələbəlik illərində kiçik ölçülü heykəllər, büstlər, fiqurlarla müxtəlif sərgilərdə iştirak edib. İlk uğurunu 1954-cü ildə Zaqafqaziya respublikalarının birgə təşkil etdikləri sərgidə məşhur "Natəvan" əsərinin nümayişi zamanı qazanıb. Bir il sonra yaratdığı dahi Üzeyir bəy Hacıbəyovun abidəsi ilə daha da məşhurlaşıb. 60 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin sənət nümunəsi Üzeyir bəyə ehtiram əlaməti kimi, orijinallığı, çoxçalarlı nüansları ilə sevilir. Sənətkar bu unikal abidəni Ü.Hacıbəyov şəxsiyyətinin, yaradıcılığının parlaq təzahürü kimi əbədiləşdirib.


Sözügedən fotoalbomda Ö.Eldarovun yaratdığı (T.Məmmədovla birgə) monumental heykəlin şəkli daha çox diqqəti çəkir. Bu, kövrək, həzin poeziyası ilə sevilən, adı dünya ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış Məhəmməd Füzulinin tuncdan hazırlanmış abidəsidir. Qranitdən yonulmuş postamentin üstünə həkk olunmuş fiqurlara biganə baxmaq qeyri-mümkündür. Eşq-məhəbbət fədailəri, çarəsizlikdən səhrada özünə mərhəm axtaran Məcnunun son dərəcə inandırıcı, Leylinin məzlum, zavallı fiqurları sanki dil açıb danışacaq, həsrət, intizar, saf məhəbbətə qovuşmaq istəklərini bildirəcəklər. Bu monumental abidəyə yüksək qiymət verən, ona baxmaqdan mənəvi zövq alan ulu öndər Heydər Əliyev demişdir: "Füzuli "Leyli və Məcnun" dastanını yazdı. Ömər Eldarov isə iki gəncin nakam məhəbbətini qranit üzərində əbədiləşdirdi".
Ö.Eldarovu möhtəşəm abidələr müəllifi kimi qonşu respublikalara dəvət edirdilər. O, təklif olunan mövzuya münasibətini bildirirdi. Yaradacağı obrazların mənəvi, psixoloji xarakterlərinin incəliklərini öyrənirdi. Axtarırdı, arayırdı, əsər qəhrəmanının milli dəyərləri ilə yaxından tanış olurdu. Onun Tacikistanda, Düşənbə şəhərində Sədrəddin Ayninin tuncdan yaratdığı əzəmətli abidə, demək olar, dünyada məşhurdur. Bu tarixi şəxsiyyətin heykəl-portreti üzərində işləyərkən istedadlı tişə ustası obrazın düşüncəli sifətini iri planda vermişdir. İşıqlı təfəkkür sahiblərini susmağa, qüssəli olmağa hansı qüvvə məcbur edir? Ömər Eldarovun fikrincə, belə hallara səbəbkar insanların yaşadıqları dövr, zaman, mühitdir. Sədrəddin Ayninin monumental abidəsinə baxanda məşhur tişə ustasının qənaəti ilə razılaşmamaq mümkün deyil. Həmin xatirə kompleksindəki obrazların jestləri, sifət mimikaları, haqq-ədalət uğrunda mübariz olmaları xatırlanır. Heykəltəraşın Tacikistanda ucaltdığı Əbu Əli İbn Sinanın abidəsinin postamenti, obrazı canlandıran fiqur 10 metrə yaxındır. Abidə möhtəşəmliyi ilə yanaşı, heykəltəraşın əməyinin, işıqlı təfəkkürünün bəhrəsi kimi qarşılanır.
Daim yaradıcılıq axtarışlarında olan Ö.Eldarov tarixi şəxsiyyətlərin büst, heykəl nümunələrini həvəslə yaradır. Bu baxımdan ulu öndər Heydər Əliyevə həsr etdiyi yadigarlar xarakterikdir. Görkəmli ictimai-siyasi xadim iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüləndə dövrün tələbi ilə onun büstü ucaldılmalıydı. Bəs bu əbədiləşəcək portreti kim yarada bilərdi? Ömər müəllim həmin günləri xatırlayaraq fotoalbomda yazıb: "Heydər müəllimi çoxdan tanıyırdım. Əllinci illərdə mən Leninqradda təhsil alanda o da orada oxuyurmuş. Neva çayı boyunca monumental heykəllərə baxırdım. Bu ərəfədə bir nəfər mənə yaxınlaşdı. Tanış olduq. Bu tanışlıq tədricən doğmalığa çevrildi. Heydər müəllimin büstünü işləməyə hazırlaşanda mənə sifariş göndərmişdi: "Ömərə deyin ki, ona inanıram". Mən də dahi şəxsiyyətin etimadını doğrultmağa çalışdım. Sərt, zəhmli xarakterini sənət nümunəsində vermək üçün aylarla düşündüm. Bilirdim ki, ulu öndərin yumşaq təbəssümü, yaxud ciddi baxışı həyatın, həqiqətin özüdür. Ona yalan danışmaq, məlumat vermək mümkün deyildi. Baxışları rentgen şüası kimi ürəklərə keçirdi. Ulu öndərin etimadını doğrultmaq çətin olduğu qədər də şərəfliydi. Şükür edirəm ki, mən buna nail oldum".
Ö.Eldarov görkəmli təbib, neçə-neçə gözlərə şəfa verən, həssas duyumlu Zərifə xanım Əliyeva haqqında çox eşitmişdi. Vaxtsız əcəl onun başı üstünü alanda heykəltəraş alicənab insanın işıqlı obrazını mərmər üzərində yaratdı. Fotoalbomda həmin abidənin açılışı zamanı ulu öndər Heydər Əliyevin bu deyimləri çap olunub: "Ola bilər, mənim fikrim subyektiv olsun. Ancaq mən həmişə demişəm: Ömər Eldarovun yaratdığı heykəl - Zərifə xanımın surətini əks etdirən heykəl, həqiqətən, böyük, gözəl bir əsərdir. Ömər Eldarov Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. Mən onu çox illərdir ki, yaxından tanıyıram. Onun əsərlərinin hamısı ilə tanışam. Hələ on, iyirmi il bundan əvvəl mən Ömər Eldarovu Azərbaycan mədəniyyətinin, incəsənətinin ən görkəmli simalarından biri hesab etmişəm. İndiyədək onun heykəltəraşlıq sahəsindəki xidmətləri bu fikri ardıcıl olaraq təsdiq edibdir və mən bu fikri bir daha deyirəm: Ömər Eldarovun yaratdığı heykəltəraşlıq əsərləri Azərbaycan xalqının mədəni, mənəvi sərvətidir və onlar Azərbaycan xalqının mədəniyyətini zənginləşdirir. Xalqımızın görkəmli mədəniyyət, incəsənət xadimlərinin, ədəbiyyatımızın unudulmaz simalarının, ictimai xadimlərin heykəllərinin əksəriyyətini yaradan Ömər Eldarovdur. Fürsətdən istifadə edib ona dərin təşəkkürümü bildirirəm".
Görkəmli sənətkarın müraciət etdiyi mövzular kimi yaradıcılıq janrları da müxtəlifdir: dəzgah, monumental, memorial heykəltəraşlığı. O, eyni zamanda, ağac üzərində də tamaşaçıya estetik zövq verən, düşündürən əsərlər yaratmağa nail olmuşdur. Onun "Zamanın dörd rəngi" əsəri qırx ilə yaxındır ki, V.Səmədova adına sərgi salonunun daimi eksponatıdır. Dörd fiqur - hər fəslə uyğun yaradılmış qız, qadın obrazları fəlsəfi, məntiq baxımından ustalıqla, məharətlə işlənib. Yaxud heykəltəraş dostu, unudulmaz fırça ustası Səttar Bəhlulzadənin portretini fəlsəfi-romantik yaratmışdır. Müəllif özü etiraf edir ki, bu abidə "yaradıcı ruhun təcəssümüdür". Heykəltəraş xüsusi qayğı, diqqət və məhəbbətlə unudulmaz rəssamın obrazını ilk dəfə ağac üzərində yonmuş, sonra tunc üzərində əbədiləşdirmişdir. Abidə 1974-cü ildə Əmircanda mərhumun məzarı üstündə ucaldılmışdır.
Fotoalbomu vərəqlədikcə bir daha şahidi oluruq ki, Ö.Eldarov məhsuldar, hər bir əl işi tanınan, sevilən, yaddaşlarda yaşayan sənətkardır. Onun F.Əmirovun, maestro Niyazinin, T.Quliyevin, M.Maqomayevin, V.Mustafazadənin xatirələrinə ucaltdığı büstlər sanki danışmaq istəyirlər. Tişə ustasının gərgin əməyinin bəhrəsi olan S.Rəhimovun, Ş.Qurbanovun, H.Zərdabinin, R.Behbudovun, akademiklər H.Əliyevin, Z.Bünyadovun və başqalarının qəbirüstü abidələri əsl sənət nümunələridir. Onun yaratdığı Hüseyn Cavid monumental abidə kompleksinə həyəcansız baxmaq mümkün deyil. Xatirələrdə mərhum şairin parlaq obrazı oyanır.
Fotoalbomda sənətkarın maraqlı bioqrafik məlumatları da oxucu diqqətini cəlb edir. O, uzun müddət Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin üzvü olmuş, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" və müstəqil Azərbaycanın ən ali mükafatı - "İstiqlal" ordenləri ilə təltif edilib. Yeddi ildir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsində çalışır.
Yaxın günlərdə neçə-neçə ictimai-siyasi xadimə, ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin unudulmaz nümayəndələrinə sənəti ilə ikinci ömür verən məşhur heykəltəraşla görüşdük. Onun bu deyimləri yaddaşımızda qaldı: "Mənalı ömür yaşamışam. Bir kimsə deməz ki, mən Ömərdən incik, küskünəm. Azərbaycanın xoşbəxtliyini özümün bəxtəvərliyim, səadətim bilirəm. Yaratdığım hər bir əsərimin başına pərvanə kimi dolanıram. Qürur hissi duyuram ki, özüm kimi əl işlərim də hər yerdə, hər zaman doğma, səmimi qarşılanır. Yaradıcılığımın fotosurətlərini albomda toplamağımın da səbəbi var: onu 80 yaşımın tamamına hədiyyə etmişəm".
Ad gününüz, 80 yaşınız mübarək, ustad sənətkar! Doğrudan da, bu fotoalbomda ömrünüzün sevinci, zəhmət bəhrəniz toplanıb.

Azərbaycan
.-2007.-11 fevral.-S.8.