Ömər Eldarov: “Vyanada Üzeyir bəyə qoyulan abidənin müəllifi mənəm”
Mən hər bir
əsərimi sevə-sevə işləmişəm. Onların hər biri mənə əzizdir. Ən qiymətli əsərlərim
ötən əsrlərdə
yaşamış dahi
insanları təcəssüm
etdirir.
Qar suyu küçə
boyu axıb gedirdi. Həmin gün eyni küçədə
sanki iki fəsil yaşanırdı - bir tərəfdə
ilıq yaz gününə bənzər ab-hava, digər
tərəfdə isə qışın soyuq və buzlu
anları. Düz doqquz il əvvəl bu küçə
ilə indi getdiyimiz ünvanı - böyük sənətkar,
xalq rəssamı Ömər Eldarovun yaradıcılıq
emalatxanasını asanca tapmışdım. Onda ətrafı
uca ağacların əhatəsində olan emalatxana binaları
diqqətimi lap uzaqdan cəlb etmişdi. İndi isə o
yaşıllığın xeyli hissəsinin yerini
çoxmərtəbəli, lap sıx tikilmiş binalar tutur.
Doqquz ildə Molla Cümə küçəsinin bu hissəsi
elə dəyişib ki, çoxdan buralara
gəlməmisənsə, yolu səhv də sala
bilərsən. İş yoldaşım Ramil bəylə
küçənin buzlu hissəsində bir-birimizə dayaq
dura-dura yeriyirdik...
Mən açıq qapını bir az da aralayıb
içəri boylandım. Ömər müəllim
məni görən kimi “gəlin, gəlin” dedi.
Emalatxananın qapısına yaxın “Ceyran” peçi,
deyəsən, yenicə yandırılmışdı.
Çünki otaq çox soyuq idi. Digər
tərəfdən, Ömər müəllim iş
paltarını da geyinməmişdi...
Dekabrın 21-də məşhur tişə ustasının 79
yaşı tamam olmuşdu. Ancaq o, yaşına nisbətən
cavan görünürdü. Həmin anda ürəyimdən
keçən fikir bu oldu ki, Ömər müəllim
yeganə oğlu, istedadlı heykəltəraş
Müslümü itirməsəydi, yəqin daha gümrah
olardı.
Bir qədər peçdə qızındıqdan sonra
keçdik mətləbə. Əvvəlcə
emalatxanadakı müxtəlif heykəllərə və
fiqurlara uzaqdan tamaşa etdik və sonra soruşdum:
- Ömər
müəllim, ötən doqquz, on ildə neçə
əsəriniz heykəlləşib?
- Doğrusu, heç saymamışam. Ancaq son illər az
işləməmişəm. İlk növbədə, qeyd
edim ki, axırıncı illər sənət
axtarışlarımın çoxunu mərhum prezidentimiz
Heydər Əliyevin obrazının dolğun
yaradılmasına sərf etmişəm. Artıq Bakıda,
Naxçıvanda və rayonlarımızda da Heydər
Əliyevə həsr edilmiş gözəl memarlıq
kompleksləri qurulub. Şübhəsiz, ən böyük
kompleks onun qəbirüstü abidəsi
ətrafındadır. Onun Naxçıvan
şəhərindəki qranitdən yonulmuş monumental
heykəli də uca və baxımlıdır. Heykəlin
qoyulduğu meydan və arxadakı muzey də onun adını
daşıyır.
2005-ci ildə Avstriyanın paytaxtı Vyana
şəhərindəki Dunay-parkda böyük
bəstəkarımız Üzeyir Hacıbəyovun üç
metrlik heykəli ucaldılıb. Həmin əsəri də
mən işləmişəm. Onu da deyim ki, çox
böyük ərazisi olan həmin parkda müxtəlif
ölkələrdən məşhur
şəxsiyyətlərin heykəlləri ucaldılıb.
Üzeyir bəyin o heykəli mənim Avropa məkanında
qoyulmuş ilk əsərimdir. Yeri gəlmişkən,
əlavə edim ki, Dunay-parkdakı heykəl Üzeyir bəyin
qəbirüstü abidəsindən fərqlənir.
- Səhv
etmirəmsə bəstəkarın qəbirüstü
abidəsini də siz işləmisiniz?
- Elədir. Ümumiyyətlə, Fəxri xiyabanda dəfn
edilən görkəmli şəxsiyyətlərimizdən
təxminən 20 nəfərinin qəbirüstü
heykəlini mən işləmişəm. Məsələn,
maestro Niyazinin, böyük müğənni Rəşid
Behbudovun, xalq yazıçısı Süleyman Rəhimovun,
xalq şairi Süleyman Rüstəmin, akademik Ziya Bünyadovun
və başqalarının abidələrini misal
göstərə bilərəm.
Son illər Türkiyədə də bir neçə
əsərim heykəlləşib. Belə ki, Qars
şəhərində Heydər Əliyevin büstü,
Bilkənd Universiteti qarşısında isə həmin təhsil
ocağının qurucusu İhsan Doğramacının
heykəli qoyulub.
- Bəs
emalatxananızdakı Atatürkün at üstündəki
heykəlini nə vaxt işləmisiniz?
- 15 ildən
çox olar. Bu heykəli bir türk iş adamı oğlumun
tanışlığı ilə sifariş vermişdi.
Böyük formatını işlədim apardılar
Türkiyəyə. Necə oldusa, məni
açılışına da dəvət etmədilər.
Heykəl bürüncdən idi. Özümün də
çox xoşuma gəldi deyə, kiçikölçülü
formatını xatirə kimi işləyib saxlamışam.
Məncə, Bakıda da Atatürkə layiqli heykəl qoymaq
lazımdır. Bunun üçün onun adını
daşıyan prospektin daha baxımlı bir
hissəsində yer seçmək olar.
- Ömər
müəllim, yaradıcılığınızın
çox hissəsi sovetlər dövrünə düşüb.
Siz SSRİ Rəssamlar İttifaqının həqiqi
üzvü, SSRİ Dövlət Mükafatı laureatı
olmusunuz. Bir çox respublikalarda əsərləriniz
ucaldılıb. Əsərləriniz böyük sərgi
salonlarında da dəfələrlə nümayiş etdirilib
və yüksək mükafatlar alıb. Həmin
əsərləriniz barədə nə deyə
bilərsiniz? Elə əsərləriniz varmı ki,
onlardan indi bir müəllif kimi imtina etmək istərdiniz?
- Mən hər bir əsərimi sevə-sevə
işləmişəm. Onların hər biri mənə
əzizdir. Ən qiymətli əsərlərim ötən
əsrlərdə yaşamış dahi insanları
təcəssüm etdirir. Məsələn, mən SSRİ
Dövlət Mükafatını böyük tacik şairi
Sədrəddin Ayninin Düşənbə
şəhərində ucaldılmış abidəsinə
görə almışam. Digər əsərim- “Ömrün
dörd çağı” adi insanların ömür
pillələrini əks etdirir. Natəvanın paytaxtımızdakı
abidəsi, sənət dostum Tokay Məmmədovla
işlədiyim Dövlət Akademik Dram Teatrının
qarşısındakı Füzuli abidəsi, Hüseyn Cavidin
Bakıdakı və Naxçıvanda
məqbərəsindəki heykəlləri, böyük
fırça ustası Səttar Bəhlulzadənin abidəsi
və digər əsərlərim
yaradıcılığımın əsas hissəsini
təşkil edir. Sizcə, onların hansı biri imtina
ediləsidir? Mənə elə gəlir ki, mən bir
heykəltəraş kimi öz sənətimin
şərəfini həmişə ləyaqətlə
qorumuşam və sadaladığım heykəllər uzun
illər tamaşaçılara sevinc bəxş
edəcək.
-
Həqiqətən, o əsərlər həm adlarını
qeyd etdiyiniz sənətkarlara, həm də Bakımıza
layiq abidələrdir.
Ömər
müəllim, xatırlayıram ki, 1997-ci ildə bura
gələndə emalatxananızda Məmməd Əmin
Rəsulzadənin heykəlinin gips formasını
görmüşdüm. O əsərin taleyi necə oldu?
- Heykəlin sifarişini Mütəllibovun hakimiyyəti
dövründə vermişdilər. Mən də
işlədim. Sonra isə heç soruşan da olmadı.
- Səhv
etmirəmsə, siz 20 Yanvar faciəsinə dair bir
neçə əsər üzərində işləmisiniz.
Bildiyimə görə, o əsərlərdən biri
Şəhidlər xiyabanı ərazisində qoyulmalı
imiş. Ancaq çox vəsait tələb etdiyindən
həmin abidənin ucaldılması lazım bilinməyib.
- Yox, elə deyil. Mərhum prezidentimiz Heydər Əliyev bir
neçə dəfə bu emalatxanaya gəlib və mənim
20 Yanvar faciəsi ilə bağlı işimin maketinə
baxıb, əsər də xoşuna gəlib. Amma o
istəmirdi ki, orada ucaldılacaq abidə çox tragik olsun.
- Ömər
müəllim, siz əslən dərbəndlisiniz. Bu qədim
Azərbaycan şəhəri qalalar və digər memarlıq
abidələri ilə zəngindir. Bəlkə, sizin orada hər
hansı bir əsəriniz var, biz bilmirik?
- Təəssüf ki, yoxdur. Amma çox istərdim ki,
ürəyimdən gələn bir əsərim
Dərbənddə ucaldılsın. Əgər siz deyən
imkanı mənə versəydilər, orada İmam Şamilin
bir heykəlini ucaldardım. Yeri gəlmişkən, onu da deyim
ki, iyirmi ildən çoxdur ki, Dərbəndə gedə
bilmirəm. Hər il deyirəm ki, bu il gedəcəyəm,
ancaq vaxt tapa bilmirəm. Doğrudur, uşaqlığım
Bakıda keçib. Ancaq o illərdə tez-tez ailəliklə
Dərbəndə gedərdik. Çox gözəl yerdir...
- Ailə
üzvlərinizdən kimin büstünü və ya
heykəlini işləmisiniz? Yaxud avtoportretiniz var?
- Anamın büstünü və rəhmətlik oğlumun
heykəlini işləmişəm. Avtoportret eləməyim
heç yadıma gəlmir. Ümumiyyətlə, belə
iş görməkdən xoşum gəlmir.
- Elə
əsəriniz varmı ki, heykəlləşəndən sonra
qarşısında durub, hansı elementinə
görəsə təəssüf hissi keçirmisiniz?
- Olub. Çünki əsərlərimə həmişə
yeni duyğu ilə yanaşıram. Məncə, əksər
sənətkarlar bu hisslə yaşayırlar.
- Daşlarla
işləmək, onlara, belə demək mümkünsə,
yeni həyat vermək çətindir. İlk
növbədə, ona görə ki, daşdır, canında
sərtlik var. Digər tərəfdən, gərək o sizin
işlədiyiniz şəxsə oxşasın. Bu
barədə nə demək istərdiniz?
- Mən daşlara artıq, daş kimi deyil, canlı kimi
baxıram. Mənə elə gəlir ki, onların da
ürəyi, dili var. İşləyəndə gərək
hər bir daşla öz “dilində” danışasan. Eləsi
var “üzüyoladı, ürəyiyumşaqdı”,
çəkic zərbəsi dəydikcə “ağlayır”.
Eləsi də var ki, ürəyi elə əsl daşdı,
hər zərbəyə qəlpə vermir. Bəzən
yorulanda qarşımdakı daşlarla, yonduğum
heykəllərlə, fiqurlarla söhbətləşirəm.
Onu deyim ki, burada heç vaxt darıxmıram...
Söhbətin bu yerində mən dönüb emalatxanaya
nəzər saldım. Mənə elə gəldi ki,
oradakı heykəllər və büstlər bizim
söhbətimizə qulaq kəsiliblər və onlar da indicə
dil açıb danışacaqlar...
Zaman.- 2007.- 3-5 fevral.- S. 21.