Mübariz

 

“Vətən harayı”

 

26 fevralda xalqımızın Xocalı faciəsi ilə bağlı üz tutduğu yeganə

ünvan burada şəhid olmuş soydaşlarımızın xatirəsinə ucaldılan       "Vətən harayı"dır.

Xocalılar həmin abidənin dövlət protokoluna salınması, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban kimi bu ünvanın da əcnəbi qonaqların ziyarət yerinə çevrilməsini istəyirlər. Xətai rayon İcra Hakimiyyəti onların bu istəyini nəzərə alaraq abidənin üzərində və onun yerləşdiyi parkda rekonstruksiya işlərinə başlayıb. İcra hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, icra başçısı Razim Məmmədov belə bir təşəbbüslə çıxış edib. P.İmanov deyib ki, ümumilikdə  adıçəkilən bağın uzunluğu 1050, eni isə 25 metrdir: "Burada fənərlər vasitəsilə xüsusi işıqlandırma sistemi olacaq. Bunun üçün də heykəlin postamentini üç metr yarım qaldırdıq. Amma heykəlin özünü saxladıq. Çünki burada müəlliflik hüququ var və həmin memar da  Sankt-Peterburqda olduğu üçün onunla əlaqə saxlaya bilmədik. Bu səbəbdən də sadəcə heykəlin hündürlüyünü qaldırdıq ki, onun möhtəşəmliyi artsın. Hələlik isə yeni bir  memorialın yaradılması planlaşdırılmır. Yeniliklərdən biri isə o oldu ki, faciə zamanı şəhid olan 613 nəfərin hamısının ad və familyalarını daşın üzərinə həkk etdik. Ermənilər tərəfindən qətlə yetirilənlərdən 602- nin adları məlum, digər 11 nəfərin isə naməlumdur. Ən əsası isə faciə barədə ətraflı informasiyaları ingilis dilində daşların üzərinə yazdıq. Orada göstərilir ki, soyqırım zamanı neçə nəfər həlak olub, əsir, itkin düşüb, onlardan neçəsi uşaq, qoca, qadın, kişi olub. Həmçinin göstərilir ki, ermənilər tərəfindən dinc sakinlərə qarşı hansı ağlasığmaz işgəncələr törədilib. 8 ailəyə qarşı tamamilə soyqırım həyata keçirilib və onlardan bir nəfərinə də sağ qalmaq şansı verilməyib".

P.İmanov Zori Balayanın 1996-cı ildə çıxan kitabına baxdıqda dəhşətə gəldiyini etiraf edib: "Onlar o qədər azğınlaşıblar ki, törətdikləri soyqırımı fəxrlə etiraf etməkdən belə çəkinmirlər. Artıq ictimai istək var ki, abidə dövlət protokoluna salınsın və əcnəbi qonaqlar buranı dä ziyarət edərək xalqımıza qarşı törədilən soyqırımın şahidi olsunlar".

 

Şərq.- 2007.- 13 fevral.- S. 12.