Bayramov O.
İstanbulun
"CNR Expo" sərgi mərkəzində Türkiyənin
dövlət naziri Kürşat Tüzmənin də
açılışında iştirak etdiyi IX İstanbul moda
sərgisində tanınmış Azərbaycan modelyeri
Fəxriyyə Xələfova yeni və orijinal
kolleksiyasını nümayiş etdirmişdir.
Yaradıcılıq fəaliyyəti dövründə
dəfələrlə Azərbaycan modasını
müxtəlif beynəlxalq sərgilərdə və dünya
podiumlarında müvəffəqiyyətlə təmsil
edən Fəxriyyə xanım bildirmişdir ki,
"Cazibə" adlandırdığı yeni
kolleksiyanın ilk dəfə çıxış etdiyi
İstanbulda böyük uğur qazanması onun
üçün çox əlamətdar hadisədir. İstanbul
moda sərgisinə xüsusi dəvət olunduğundan
məmnunluğunu ifadə edən tanınmış modelyer
onun kolleksiyasının təqdimatında dünyanın
toxuculuq mərkəzlərindən olan Türkiyənin ən
tanınmış modelləri və xoreoqraflarının
fəal iştirakının da vacib olduğunu söylədi.
Türkiyənin və dünyanın moda aləmində
tanınmış simalarının yüksək
qiymətləndirdiyi və tamaşaçıların
rəğbətini qazanan "Cazibə"
kolleksiyasının müəllifini bu uğuru
münasibətilə həmkarları ilə yanaşı,
ölkəmizin İstanbuldakı baş konsulu Səyyad
Salahlı və konsulluğun əməkdaşları da
təbrik etmişlər.
Azərbaycan.-2007.-11
fevral.-S.7.