Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm roi oynamışdır. Ölkəmizdə onun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmışdır. Burada artıq 1898-ci ildən etibarən xarici filmlər göstərilməyə başlanmış, həmin il avqustun 2-də isə neft Bakısından bəhs edən birinci xronikal kinosüjetlər nümayiş etdirilmişdir.

XX əsrin ilk onilliklərindəki Azərbaycan kinosu xalq adət-ənənələri və məişətinin dolğun təsvir olunduğu "Neft və milyonlar səltənətində", "Arşın mal alan" kimi ilk bədii filmlərlə xüsusən yadda qalmışdır. 1920-ci illərdə Azərbaycan Foto-Kino İdarəsinin təsis edilməsi, birinci dövlət kinofabrikinin açılması, aktyor və rejissor studiyalarının təşkili, sənədli və elmi-kütləvi filmlərin istehsalı milli kino sənətinin formalaşmağa başlamasının bariz nümunəsi sayıla bilər. Sonrakı illərdə cizgi kinosunun əsasının qoyulması, respublikada ilk səsli filmin ekranlara buraxılması və filmlərin Azərbaycan dilində səsləndirilməsi, yeni uğurlu kino əsərlərinin yaradılması Azərbaycan kinosunun təşəkkül tapdığını göstərir. Bu dövrdə Azərbaycan kinostudiyasında çəkilən bir sıra filmlər xarici ölkələrdə də rəğbətlə qarşılanmışdır. 1945-ci ildə ikinci dəfə ekranlaşdırılan "Arşın mal alan" filmi ayrı-ayrı dillərə dublyaj olunaraq, dünyanın müxtəlif guşələrində böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir.

Sovetlər İttifaqında kino sənətindən, həmçinin dövlət ideologiyasının təbliğat maşını kimi istifadə edilsə də, Azərbaycanda kino yaradıcılığı işi həmin dövrdə təşkil olunmuşdur. Azərbaycan kinematoqrafiyası məhz o illərdə sistemli fəaliyyəti sayəsində getdikcə öz imkanlarını artıraraq, ciddi sənət nailiyyətləri qazanmışdır. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı bu dövrdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır. Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və artıq mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər, ölməz "Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında "Dədə Qorqud" filmi yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir.

1991-ci ildən etibarən dövlətin vahid kino sistemi dağılmağa başlamış və Azərbaycan kinematoqrafiyası bir sıra çətinliklərlə qarşılaşmışdır. Keçid mərhələsindəki ciddi problemlərə baxmayaraq, müstəqillik dövründə Azərbaycan kinosu öz yaradıcılıq potensialı sayəsində qısa vaxt ərzində müəyyən uğurlar əldə etmişdir. Bununla yanaşı, milli kino ənənələrinin qorunması və Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır.

Azərbaycan milli kinosunun respublikamızın mədəni həyatındakı əhəmiyyətini və gələcək inkişaf perspektivlərini nəzərə alaraq qərara alıram:

1.  Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə tapşırılsın ki:

1.1.   "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasının müasir kino texnikası tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilərək, əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.  Azərbaycanın kinoteatrlar şəbəkəsinin yenidən  qurulmasına,  o cümlədən mövcud kinoteatr binalarında təmir-bərpa işlərinin apalmasına dair təkliflərini bir ay müddətində Azərbaycan  Respublikasının Prezidentinə təqdim etsin;

1.3.  Bakı şəhərinin "Nizami" kinoteatrında müasir tələblərə cavab verən xidmət texniki şəraitin yaradılması ilə bağ təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.  Azərbaycan Dövlət Film Fondunun yeni binasının inşası ilə bağlı XX əsr Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin lazımi şəraitdə mühafizəsinə dair təkliflərini 2007-ci il 31 mart tarixinə qədər Azərbaycan Respublikasının Naziriər Kabinetinə təqdim etsin;

1.5.  Xalqımızın tarixi mədəni irsini özündə əks etdirən filmlərin çəkilişinin həyata keçirilməsini təmin etsin;

1.6.  Dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı da nəzərə alınmaqla, "Azərbaycan kinosu 2008-2018-ci illərdə" Dövlət Proqramına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. Azərbaycanda xarici ölkələrin istehsalı olan filmlərin dublyaj qaydalarına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8.  Azərbaycan Respublikasının kinematoqrafıya sahəsində normativ hüquqi bazasının təkmilləşdirilməsi haqqında təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nıazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təklifləri əsasında kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə ölkə xaricində hazırlanmasına dair müvafiq proqram layihəsini bir ay rnüddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.  Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3.   Bu  sərəncam imzalandığı  gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2007-ci il

 

Azərbaycan.- 2007.- 24 fevral.-  S. 1.