Babayeva T.
Günaydın,
mələyim, mən qələbə ilə
qayıdacağam!
Oqtay Mirqasımov: "Mən gələcəyi görüb,
onu təsvir etməyə çalışıram
C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasında yeni filmin
çəkilişlərinə start verilib. "Günaydın, mələyim" adlanacaq
filmin rejissoru və ssenari müəllifi kinorejissor Oqtay
Mirqasımovdur. Filmlə bağlı daha geniş məlumat
almaq üçün kinostudiyaya - rejissorun yanına
yollandıq. Amma onu kamera arxasında deyil, kamera
önündə gördük. Dövlət
Televiziyası görkəmli kinorejissor Tofiq
Tağızadənin yaradıcılığından bəhs
edən verilişin çəkilişlərində onunla uzun
müddət rejissor assistenti kimi çalışan və
həm də yaxından dostluq edən Oqtay Mirqasımovun
xatirələrini lentə alırdı. Oqtay müəllim
həm yaradıcılığından,
həm də insani keyfiyyətlərindən
bəhrələndiyi sənətkarla bağlı
fikirlərini bölüşdükdən sonra, bizə
çəkilişlərinə başladığı
filmdən danışdı.
- Filmin istehsalı başlayıb, indi hazırlıq
işləri aparılır. Çəkilişlər
əsasən, Bakıda və Azərbaycanın bəzi
dağlıq rayonlarında aparılacaq. Artıq,
döyüş səhnələrinə aid
çəkilişləri Pirquluda və Xızıda
aparmışıq.
- Eşitdiyimizə görə, film Qarabağ
mövzusundadır. Süjeti açıqlayardınız, film
nədən bəhs edir?
- Film arzulardan bəhs edir. Filmin baş qəhrəmanı
şəhidin həyat yoldaşıdır. Bu qadının
xəyalında həmişə onun həyat yoldaşı
canlanır, yaşayır. Qadın hətta şəxsi
həyatını yenidən qura bilmir. Ona görə yox ki,
şansı yoxdur. Çünki o qəhrəman, şanlı
ordumuzun zabiti həmişə qadının gözü
qarşısındadır. Qadın nə həyat
yoldaşını unuda bilir, nə də yenidən öz
həyatını qura bilir. Getdikcə onda həyat
yoldaşını görmək istəyi yaranır. Bu, bir
arzuya çevrilir. Film boyu qadın bu arzusuna can atır və
sonda istədiyinə çatır. Ordumuz müharibədə
qələbə çalır, Qarabağdan qayıdır
və bizim sərhədlər bərpa olunur. Həmin zaman
səslənən marş sədalarının altında
qadının gözü önündə həyat
yoldaşı canlanır...
- Film Qarabağ müharibəsinin bitməsi ilə sona
çatır. Siz hadisələri qabaqlamısınız...
- Mənim aləmimdə bu, reallıqdır. Zamanı bir az
tezləşdirmişəm. Mən sənətkaram, bir
yaradıcı kimi istəyim belədir. Mən
gələcəyi görüb, onu təsvir etməyə
çalışıram. İstənilən sənətkar-
rəssam, yazıçı, ya kinorejissor yaratdığı
əsərdə keçmişə qayıdırsa,
irəlidə mütləq baş verəcək
hadisələrə niyə nəzər salmasın?
İncəsənətdə bu həmişə olub.
Futurist əsərlər yazılıb. Leonardo da Vinçi
dörd əsr öncə təyyarə eskizlərini
çəkib, yaxud Jül Vern gələcəkdə baş
verəcək hadisələri proqnozlaşdırıb.
Elmi-fantastik ədəbiyyatda yazılanlar, sonralar
reallığa çevrilib.
- Bəs, filmin ideyası hansı real hadisəyə
əsaslanıb?
- Neçə illərdir ki, azərbaycanlılar,
xüsusən bizim nəslin nümayəndələri
torpaqlarımızın qaytarılması arzusu ilə
yaşayır. Biz çox istəyirik və gözləyirik
ki, sərhədlərimiz bərpa olunsun. Müharibə
əvvəla bizim qələbəmizlə, ikincisi sülhlə
qurtarsın. Filmin süjeti də bu istəkdən yaranıb.
Amma reallıqdan kiçicik bir təkan da olub. Bir qadın
mənə öz həyatından danışdı. Dedi ki,
əri Qarabağda döyüşən zaman yeganə arzusu
onun sağ-salamat evə qayıtması olub. "Qoy
qıçı, qolu şikəst olsun, amma sağ
qayıtsın. O zaman mən qələbə, mənəvi
məsələlər, vətənpərvərlik
barədə düşünmürdüm. Amma o,
qayıtmadı, şəhid oldu. Bir müddət
keçdikdən sonra ürəyimdə yeni arzu baş
qaldırdı. İstəyirəm ki, biz bu
müharibədə mütləq qələbə qazanaq.
İndi yalnız həmin arzu ilə yaşayıram..."
Maraqlı taledir, mənə çox təsir etdi. Qadında
bu istək yəqin ona görə yaranıb ki, belə
böyük bir itkinin hədər yerə getməsini
istəmir. Bəlkə də bu qadın əvvəl
vətənpərvər olmayıb. Yalnız
övladlarının atasının evə sağ
qayıtmasını istəyib. Amma qurban verəndən sonra
vətənpərvər olub.
- Filmdə rolları hansı aktyorlar ifa edəcək?
Yaradıcı heyətdə kimlər olacaq?
- Nəzərdə tutduğum bir sıra aktyorlar var.
Düzdür, bədii şura olmayıb. Amma mən
əminəm ki, məsələn, Bəsti Cəfərova,
Fuad Poladov, Telman Adıgözəlov, Abbas Qəhrəmanov kimi
aktyorlar filmdə mütləq çəkiləcəklər.
Rollar az deyil, çoxdur. Hamısı da ciddi və
əhəmiyyətli rollardır. Film üzərində
istedadlı operator Rafiq Əliyev, xalq rəssamı,
"Babək", "Nəsimi", "Qətl
günü" kimi klassik filmlərin rəssamı Mais
Ağabəyov, bəstəkar Elmar Fel
işləyəcəklər.
- Siz "Ovsunçu" filmində əsrin
əvvəllərində Azərbaycanda baş verən tarixi
hadisələrə toxunmusunuz. Bu filmdə isə əsrin
sonundakı hadisələr göstəriləcək. Hər
iki filmin qəhrəmanı döyüşən adamdır...
- Sözün düzü, "Günaydın,
mələyim" filminin ideyasının yaranması
özümə də təəccüblü gəlir.
Çünki mən keçmişi daha çox sevirəm,
nəinki bu günü və gələcəyi. Bu, mənim
mövqeyimdir. "Ovsunçu" filmi keçmişdə
olan hadisələri əhatə edir, burada isə bu gün
və hətta gələcək təsvir olunur. Düzdür, hər iki filmin qəhrəmanı
döyüşən, cəsur adamdır. Çünki son
zamanlar görürəm ki, gənc qızlar üçün
bankir kompüter mühəndisi, ingilis dili
mütəxəssisi, hətta barmen zabitdən daha
dəyərlidir. Zabit onlar üçün maraqlı
deyil. Ona görə də bu filmdə göstərmək
istəyirəm ki, döyüşən, vətənini qoruyan
adama çox ziyalı, səviyyəli bir gəlin
pərəstiş, sitayiş edir. İstəyirəm ki, zabit
cəmiyyətin çox hörmətli bir üzvü olsun.
Yolda yaxşı geyinmiş, gözəl bir qızın
zabitin qoluna girərək, getdiyini görəndə fəxr
edirəm. Qabaqlar at belində döyüşənlər
ən hörmətli kişi sayılırdı. İndi bu
dəyərlər itib. Azərbaycanda baş verən tarixi
hadisələrə marağa gəlincə isə, hər
kəs yaşa dolduqca öz vətənini,
torpağını daha çox düşünür, ona daha
çox bağlanır. Nədəndir, bilmirəm, hər
halda mənim müşahidələrim belədir. Adam
cavanlıqda özünü daha müxtəlif
ölkələrdə sınamaq istəyir. Mən Meksikadan
tutmuş Monqolustana qədər bir çox yerlərdə
olmuşam. İndi heç yerə getməyə arzum yoxdur.
Əvvəllər, çox maraqlanırdım. İndi isə
mənə bizim kiçicik torpağımız da
kifayətdir. Azərbaycan mənə yaşamağa da,
yaratmağa da, düşünməyə də,
həyatın gözəlliyini də, əziyyətlərini
də dərk etməyə bəs edir.
- Filmin çəkilişlərinə xarici ölkə
şirkətlərini cəlb etmək fikriniz var?
- Belə bir fikir var, amma hələ dəqiq heç nə
deyə bilmərəm. Əsas baza, mərkəzdə olan
iştirakçı "Azərbaycanfilm"dir. Amma ondan
əlavə də ayrı-ayrı partnyorların cəlb
olunması nəzərdə tutulub. Bu istiqamətdə
işlər aparırıq. Çox güman ki, xarici
şirkətlərlə işbirliyi qurula bilər. Ola
bilər, vəsait qoyacaqlar, yaxud texniki yardım
edəcəklər. Ya da post-prodakşnla məşğul
olacaqlar. Yəni, çəkilişlərdən sonrakı
prosesləri idarə edəcəklər. Burada
səsləndirmə, montaj, surətin
çıxarılması, filmin nüsxələrinin
çoxaldılması, yayılması nəzərdə
tutulur. Necə ki, "Ovsunçu" filmi bir
neçə şirkətin gücünə, o
cümlədən Rusiya Kaskadyorlar Assosiasiyası, İsrailin
"Timraş" və Azərbaycanın "Yeni film"
şirkətlərinin iştirakı ilə çəkildi,
eləcə də bu film digər partnyorların dəstəyi
ilə çəkilə bilər.
- Oqtay müəllim, görünür ki, xarici kino aləmi
ilə müəyyən əlaqələriniz var. Ola bilər
ki, gələcəkdə gənclərə bir prodüser
kimi yardımçı olasınız?
- Mən artıq prodüser kimi fəaliyyət
göstərmişəm. Bir neçə tələbə,
debüt işlərinin prodüseri olmuşam, real yardım da
etmişəm. Bir sıra sənədli filmlər də
mənim prodüserliyimlə meydana çıxıb,
"Ovsunçu"da da mən bir podüser kimi
çıxış etmişəm. Çoxdanın
prodüseriyəm. Sadəcə, mən bunu hər yerdə
xüsusi olaraq qeyd etmirəm. Mən hətta bir beynəlxalq
festivalda ən yaxşı prodüser kimi mükafat da
almışam.
- Siz bir neçə il əvvəl "Bilyardçı"
adlı filmin çəkilişlərinə başlamaq
istəyirdiniz. O filmin taleyi necə oldu?
- Belə layihə var və şəxsən mənim
üçün aktuallığını itirməyib.
"Bilyardçı" povestim əsasında
yazılmış bir ssenaridir. Həmin povest burada da, Moskvada
da dərc olundu. Mənim üçün çox
dəyərli layihədir. Amma nə zaman reallaşacaq, onu
zaman göstərəcək.
- Azərbaycan kinosunun bu günü və gələcəyi
ilə bağlı nə deyə bilərsiniz?
- Deməliyəm ki, bu gün işləmək çox,
dəhşətli dərəcədə çətindir. Amma
bir şey bəllidir ki, Azərbaycan kinosu bizim
həyatımızın, sənətimizin,
mənzərəmizin, siyasətimizin, elmimizin və
bəlkə də iqtisadiyyatımızın ayrılmaz
hissəsidir. Üstəlik, çox adam var ki, kinoya
vurğundur. Elə tələbələrim Afiq, Əli burda
oturublar. Onlar həm də çəkiliş qrupunda
işləyirlər. Auditoriyada birinci görüşümüzdə
tələbələrimə dedim ki, mənim
övladlarım, siz böyük çətinliklərlə
qarşılaşacaqsınız. Sizi firavan, şirin həyat
gözləmir. İlk addımlarınız, bəlkə
də elə həyatınız boyu atdığınız
addımlar çox ağır olacaq. Ona görə də
bəlkə sənətinizi dəyişəsiniz. Hamısı
bir səslə dedilər ki, biz bu işi sevirik, şüurlu
olaraq, bu peşəyə gəlmişik, oxumaq istəyirik,
hazırlaşmaq istəyirik, biz rejissor olacağıq. Dedim,
onda, irəli! Düzdür, bəziləri dözə bilmir,
gedir. Amma məhz kinoya gənclər, yeni nəsil gəlir.
Bundan başqa, təcrübəli kinematoqrafçılardan
iradəli olanlar kinoda çalışırlar. Onlardan
bəziləri, o cümlədən də bəndəniz
öz həyatının ritmini dəyişə bilər.
Məsələn, mənim qələmim də var,
Yazıçılar Birliyinin üzvüyəm, yazıram,
dərc olunuram. Başqa imkanlarım da var. Amma mən bu
peşədən uzaqda qala bilmirəm. Bu, fanatizmdirmi,
məhəbbətdirmi, siz deyin. Hər halda kinoya maraq
göstərən insanlar var. Üstəlik də, siz yəqin
fikir vermisiniz ki, son zamanlar rəsmi dairələrdə kinoya
diqqət artıb. Sadəcə, sözdə yox, praktikada.
Əvvəla, indi çəkilən filmlər daha
çoxdur. Onlara əvvəlki illərlə
müqayisədə daha çox vəsait ayrılır.
Yaxın zamanlarda isə filmlərimizin beşiyi, yeganə
bazamız "Azərbaycanfilm" kinostudiyası təmir
ediləcək. İncəsənət və
Mədəniyyət Universitetimizdə də kino fənləri
çoxalıb, kino kafedrası güclənir. Biz indi orada
rejissor, operator, kinoşünas, aktyor yetişdiririk. Yaxın
zamanlarda Universitet rəhbərliyi kino rəssamları və səs
operatorlarının da hazırlanmasını
nəzərdə tutub. Bu onu göstərir ki, mən
yanılmıram, kino yaşayacaq, yaşamalıdır. O
şeyin ki, keçmişi var, deməli, gələcəyi
də olacaq. Azərbaycan kinosunun yüzdən çox
yaşı var, onun yoxa çıxması mümkün deyil.
Xəzər.-2007.-3 fevral.-S.18.