Loğmanoğlu S.

 

 

Azərbaycan filmi məşhur Berlin kinofestivalında

 

"Əlvida, cənub şəhəri"nin festivalın panorama daxil edilməsi milli kinematoqrafiyamızın uğurudur.

 

 

İndiyədək bir çox rejissorlarımızın çəkdiyi filmlər müxtəlif beynəlxalq kinofestivallarda iştirak edib, bir çox mükafatlara layiq görülüb. Lakin indiyədək heç bir filmimiz Fransanın Kann və Almaniyanın Berlin şəhərlərində təşkil olunan ənənəvi beynəlxalq kinofestivallarda iştirak etməyib. "Əlvida, cənub şəhəri" filmimiz bu baxımdan ilk qaranquşumuz olacaq. Fevralın 8-də Berlin şəhərində 57-ci beynəlxalq kinofestival start götürür. On gün davam edəcək festivalda dünyanın əksər ölkələrində istehsal olunan filmlər nümayiş etdirıləcək. Sevindirici haldır ki, ilk dəfə olaraq, festivalın panoramına C.Cabbarlı adına "Azərbaycanfiim" və "İBRUS" kinostudiyalarının birgə istehsalı olan "Əlvida, cənub şəhəri" bədii filmi də daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov bunu Azərbaycan kinematoqrafiyasının uğuru adlandırıb. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru isə Oleq Səfərəliyevdir. Film ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan paytaxtında cərəyan edən hadisələr, ziyalılara olan biganə münasibət nəticəsində Bakını tərk etmək məcburiyyətində qalan insanlardan bəhs edir. Film Berlin festivalına təqdim olunarkən, onun belə uğur qazanacağına inanan az olub. Lakin festivalın təşkilatçılarının bu günlərdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığı məktub hamı üçün gözlənilməz olub. Doğrudur, "Əlvida, cənub şəhəri" kinofestivalın müsabiqəsinə qatılmayacaq. Örada daha yüksək dərəcədə dramatik səhnələrlə dolu olan filmlər iştirak edəcək. Bizim filmimizə isə eyni məkanda nümayiş etdiriləcək festivalın panoramı çərçivəsində baxmaq mümkün olacaq. Cahangir Məmmədovun sözlərinə görə, filmin ilk nümayişi yanvarın 11-də gerçəkləşəcək. Kinosevərlər "Əlvida, cənub şəhəri"ni bir də festivalın sonunda (yanvarın 15,16 və 17-də) seyr etmək imkanı əldə edəcəklər. Festivalda iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin ünvanına da dəvət məktubu göndərilib. Tədbirdə iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov bu gün Almaniya paytaxtına yola düşür. Sabah isə filmin yaradıcı heyəti - ssenari müəllifi Rüstəm İbrahimbəyov və rejissor Oleq Səfərəliyev yaşadıqları Moskva şəhərindən Berlinə gələcəklər.

Bizə isə "Əlvida, cənub şəhəri"nin Berlin festivalından hansı mükafatla qayıdacağını gözləmək qalır.

 

Yeni Azərbaycan.- 2007.- 7 fevral.- S. 8.