Məhərrəmova T.
Filmlərimizin
Bakıya gətirilməsi şəraitlə
bağlıdır
Cəmil Quliyevin sözlərinə
görə, Dövlət Film Fondunda
saxlama otaqlarının sayı da azlıq
təşkil edir
Ötən həftə prezident
İlham Əliyev "Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında" sərəncam
imzalayıb.
Sənəddə milli kino
ənənələrinin qorunması və Azərbaycan
kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi
olaraq yeni şəraitdə fəaliyyət göstərə
bilməsi üçün bir sıra təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsinə
zərurətin yaranması qeyd olunub. Ümumən kino sənətimizin
hərtərəfli inkişafından bəhs edən
sərəncamın bəndlərindən biri də
Dövlət Film Fondunun yeni binasının inşası, XX
əsr Azərbaycan kinosunun tarixini əks etdirən
kinolentlərin lazımi şəraitdə mühafizəsini
təşkil etməklə bağlıdır. Qeyd
edək ki, Mədəniyyət və Turizm Nazirliyinə
sərəncamdan irəli gələn təkliflərin bir ay
müddətinə hazırlanıb Nazirlər Kabinetinə
təqdim edilməsi tapşırılıb.
Xatırladaq
ki, milli kinomuzda əsaslı yeniliklər gözə
çarpmasa da, Dövlət Film Fondunda
nəzərəçarpacaq dəyişikliklər
başlayıb. Əlbəttə, dəyişikliklər
öz-özünə yaranmayıb. Ötən ilin
sonlarında fonda yeni direktorun - kinoreyissor Cəmil Quliyevin
təyinatından sonra başlayıb. Fondun direktoru ilə
söhbətimiz də bu yeniliklər barədə oldu:
- Dövlət
Film Fondu 1994-cü ildə "Azərkinovideo"
İstehsalat Birliyinin nəzdində təşkil olunub. Burada
həm yanrlı, həm də növlü Azərbaycan
filmləri ilə bərabər, xarici ölkələrin
filmləri də qorunub saxlanılır. Təyinatdan sonra
Dövlət Film Fondunun proqramını yenidən qurmağa
çalışmışam. Bu işdə beynəlxalq
standartlara əsaslanmışam. Çünki Dövlət
Dövlət Film Fondu bir çox xarici ölkələrdə
mövcuddur və bu film fondlar o ölkələrdə
xüsusi proqram əsasında fəaliyyət göstərir.
Proqrama əsaslanaraq film fondlar öz işini əsasən 5
istiqamətdə tənzimləyir və inkişaf etdirir.
Filmlərin qorunması və bərpası, arxiv
materiallarının toplanması və qorunması
Dövlət Film Fondlarının əsas
vəzifələridir. Arxiv faktlarına filmlərlə
bağlı fotolar, materiallar, vaxtilə kino istehsalında
istifadə olunmuş kinoavadanlıqlar və s. daxildir. Bu
əşyalar muzey eksponatı kimi film fondların
arxivlərində saxlanılır. Üçüncü
istiqamət beynəlxalq əlaqələrlə
bağlıdır. Çünki Dövlət Film Fondu
qapalı fəaliyyət göstərə bilməz. O, öz
işində beynəlxalq təcrübəyə
əsaslanmalı, proqram mübadiləsi aparmalıdır.
1999-cu ildə Dövlət Film Fondu Beynəlxaq Arxivlər
Federasiyasına üzv seçilib. Fond bu federasiyanın
Brüsseldə yerləşən qərargahı vasitəsi
ilə əlaqələrini qurur.
- Dövlət
Film Fondu üzvlük haqqını ödəmədiyinə
görə qurumun üzvlüyündən xaric olunmuşdu.
- Bəli, film
fond iki ilə yaxın bir müddətdə üzvlük
haqqını ödəmədiyinə görə federasiyadan
xaric olunmuşdu. Lakin Əbülfəs Qarayevin səyi
nəticəsində biz yanvar ayından yenidən bu
federasiyanın üzvü olmuşuq. Artıq üzvlük
haqları tam ödənilib.
- Federasiyaya
üzvlük sizə daha hansı işlərdə
kömək edir?
-
Əvvəla, mədəni proqramların mübadiləsinin
həyata keçməsində. Məsələn, tutaq ki,
Fransa Kino Arxivi bizə hər hansı bir reyissorun filmləri
haqqında proqram yollayır. Biz də onlara Azərbaycan
filmlərindən ibarət bir proqram göndəririk. Bu
mədəni proqram kinoarxiv xətti ilə nümayiş
olunur. Əfsuslar olsun ki, bizim hələlik nümayiş
zalımız yoxdur. Dövlət Film Fondu öz
fəaliyyətini bərpa etməyə
təzə-təzə başlayır. Ancaq ümid edirəm
ki, gələcəkdə təkcə zalımız yox,
hətta kinoteatrımız da ola bilər. Yalnız onda bizim
proqramlarımızın mübadiləsi gerçəkləşəcək.
Filmlərin qorunması ilə bağlı eyni zamanda,
tədqiqatlar aparılır. Təsəvvür edin, bizim fondda
80 il bundan qabaq çəkilən filmlər qorunub saxlanır.
Bu proses elmi əsaslarla aparılmalıdır. Buna görə
də xüsusi bülletenlər dərc edilir,
məcmuələr, kitablar buraxılır. Bu kitablar
federasiyanın xətti ilə təşkilatın
bütün üzvlərinə göndərilir. Artıq bu
yolla filmlərin qorunması ilə bağlı dünyada
baş verən yeni proseslərlə tanış oluruq.
Hətta bunları həyata keçirə bilərik. Bundan
əlavə, federasiya xətti ilə müxtəlif simpozium,
seminar və konfranslar keçirilir. İlk növbədə
konfranslar müxtəlif filmlərin yubileyləri, kinoarxiv
işinin təşkili, reyissorların
yaradıcılığı və s.-lə bağlı
təşkil olunur. Artıq bizim film fond orada tam
şəkildə iştirak edə bilər.
Dövlət
Film Fondunun əsas fəaliyyət istiqamətlərindən
biri də kino sənətinin təbliği ilə
bağlıdır. Bura təkcə milli kino sənətimiz
yox, həm də xarici filmlərin təbliği daxildir. Bununla
bağlı hazırlanan tədbirlər proqramı
əsasında Azərbaycanın bir sıra görkəmli kino
xadimlərinin yaradıcılıq gecələri və
yubileylərini keçirməyi
planlaşdırmışıq. Xalq artisti Nodar
Şaşıqoğlunun 80, Eldəniz Zeynalovun 70, Hacıbaba
Bağırovun 75, görkəmli operator Arif
Nərimanbəyovun 90, kinooperator Rafael Qəmbərovun 60,
reyissor Gülbəniz Əzimzadənin 60 illik yubleyləri bu
plana daxildir. Bundan əlavə, "O olmasın, bu olsun"
filminin 50, "Fətəli xan" filminin 60 illik
yubileyləri də keçiriləcək. Eyni zamanda,
Çarli Çaplinin vəfatının 30 illiyilə
bağlı Kino İttifaqı ilə birgə tədbir
keçirməyi də planlaşdırırıq. Bununla
bağlı aktyorun filmlərinin retrospektiv nümayişini
təşkil edəcəyik. Artıq Az.TV ilə
razılaşma əsasında "Dövlət Film Fondunun
kolleksiyası" adı ilə veriliş efirə
çıxmağa başlayıb. Bununla da
tamaşaçıları qurumda saxlanılan xarici
filmlərlə tanış edəcəyik. Nəhayət,
sonuncu istiqamət elmi tədqiqatlardır. Əbülfəz
Qarayev bizə ciddi tapşırıq verib ki, Dövlət Film
Fondu Elmi Tədqiqat Mərkəzi kimi də
fəaliyyətə başlasın. Bununla əlaqədar bir
neçə elmi əsəri nəşr etdirməyə
başlamışıq. Bunlardan biri Azərbaycan, rus və
ingilis dillərində nəşr olunacaq, həmçinin
elektron versiyası hazırlanacaq filmlərin kataloqudur. Bununla
bizdə olan filmlərlə bir çox ölkələrin
tanış olmasına imkan yaradacağıq. Həmçinin
öz mütəxəssislərimizi başqa dövlət film
fondlarına ezamiyyətə göndərməyi
planlaşdırmışıq. Orada Azərbaycan filmləri,
milli kinomuzla bağlı hər hansı məlumatın
olub-olmaması ilə bağlı bilgilər əldə
edə bilərik.
- Son vaxtlar
Azərbaycanın kino tarixi ilə bağlı hər hansı
filmin oriyinalı fonda daxil olubmu?
- Son 3 ay
ərzində milli kinomuzun tarixi ilə bağlı nadir
filmlər Dövlət Film Fonduna daxil olub. Vaxtilə
şəxsi kolleksiyadan itmiş bəstəkar Müslüm
Maqomayevə həsr olunmuş filmi taparaq arxivə daxil
etmişik. Bu filmdə məşhur opera müğənnisi
Şövkət Məmmədova, görkəmli diriyor Niyazi
xatirələrini bölüşür. Eyni zamanda,
bəstəkarın nəvəsi, görkəmli
müğənni Müslüm Maqomayevin də
müsahibəsi var. Ümumiyyətlə, filmdə M.Maqomayev
haqqında çox maraqlı faktlar var. Bundan əlavə,
görkəmli aktyor Ələsgər Ələkbərova
şəxsən Ədil İsgəndərov
tərəfindən hədiyyə olunmuş 10 dəqiqəlik
filmi tapıb bərpa eləmişik. Bu film o zaman yeganə
nüsxədə buraxılıb. Görkəmli reyissor Tofiq
İsmayılovun 1967-ci ildə çəkdiyi
"Şəhərimin daşları" adlı
sənədli film yenidən bərpa olunaraq fonda daxil edilib.
Eyni zamanda, bir çox reyissorlar, operatorlar öz şəxsi
arxivlərini bizə hədiyyə olunub. Sənədli
filmlər reyissoru Niyazi Bədəlovun filmləri ailəsi
tərəfindən bizə hədiyyə edilib. Kinoreyissor
Şamil Nəcəfzadə öz filmlərini, Rüstəm
İbrahimbəyov "Köçərilər" filminin bir
nüsxəsini, Ayaz Salayev "Yarasa" filmini, Afaq
Bəşirqızı atası Bəşir
Səfəroğlunun Tacikistanda çəkildiyi "Molla
Nəsrəddinin 12-ci qəbri" filmini bizə
hədiyyə edib. Bu yaxınlarda Hacıbaba Bağırovun
fəaliyyəti ilə bağlı kinoarxiv ailəsi
tərəfindən fonda daxil olacaq. Bu sahədə işimizi
davam etdiririk. Fondda həmçinin Azərbaycan Kino
Ensiklopediyası ilə bağlı işlər
görülür. Həmin ensiklopediya 1998-ci ildə öz
işinə başlamışdı. O zaman bu ensiklopediya
"Azərkinovideo" İstehsalat Birliyinin nəzdində
fəaliyyət göstərirdi. Sonra İstehsalat Birliyi
ləğv olundu. Biz bu ensiklopediyanın üzərində
işi davam etdirmək üçün mədəniyyət
nazirinə təşəbbüslə müraciət
etmişik. Elmlər doktoru Rəhman Bədəlov və
tanınmış kinoşünas Aydın Kazımzadə
tədqiqat işləri apararaq bütün materialları
hazırlayıblar. İndi bu proses üzərində tamamlama
işləri gedir. Eyni zamanda, kinooperator Rafiq Quliyevin
"Azərbaycan səssiz filmlərinin təsvir irsi"
adlı maraqlı bir kitabını da dərc etməyə
hazırlaşırıq. Bu kitabda vaxtilə Azərbaycanda
çəkilmiş səssiz filmlərdə operator
sənətinin əsasları, onun təsvir irsi tədris
olunub. Ümumiyyətlə, Azərbaycanda operator sənəti
tədqiq olunmayıb, bu barədə heç dərslik də
yoxdur. Baxmayaraq ki, İncəsənət Universitetində 10
ildən artıqdır ki, kinooperatorlar hazırlanır, amma bu
sahədə dərsliklərimiz yoxdur. Ona görə bu kitab
dərslik kimi də əhəmiyyət kəsb etməlidir.
Görüləcək
işlərin sırasına Dövlət Film Fondunun
saytının yaradılması da daxildir. Saytda Dövlət
Film Fondunda saxlanılan Azərbaycan filmləri və xarici filmlər,
o cümlədən bütün reyissorlar, aktyorlar haqqında
məlumat olacaq. İndi fondun kollektivi çox kiçikdir.
Onlar üçün bu qədər geniş işin
öhdəsindən gəlmək çətindir. Lakin biz səylərimizi
əsirgəməyərək bu sahədə işlərimizi
aparırıq.
- Rusiya
arxivlərində saxlanılan filmlərin oriyinalının
gətirilməsi necə, planlaşdırılırmı?
- Bildiyiniz kimi,
Azərbaycanın bir çox filmlərinin neqativi Rusiya
Dövlət Film Fondunda saxlanılır. Filmlərimizin
Bakıya gətirilməsi şəraitlə
bağlıdır. Hələ ki, Dövlət Film Fondunda
saxlanma şəraiti kifayət qədər yaxşı deyil.
Həm də bizim fonddakı saxlama otaqlarının sayı
azlıq təşkil edir. Ancaq Əbülfəs Qarayevin
təşəbbüsü sayəsində Dövlət Film
Fondu üçün müasir, beynəlxalq
tələblərə cavab verən binanın inşa
olunması sevindirici hadisədir. Yalnız bundan sonra bizim
filmlərin oriyinalının Moskvadan gətirilməsi
haqqında məsələ qaldırıla bilər.
Kaspi.-2007.-27 fevral.-S.16.