Rüstəm Z.

 

Kino sənətinin yaddaşı

 

Keçən əsrin əvvəllərinə aid kino avadanlıqlarilə kino tarixinə qısa səyahət

 

Dövlət Film Fondu milli kinonun tarixinə aid elektron kataloq hazırlayacaq. Bundan öncə isə qurumda 2007-ci il üçün tədbirlər planına əsasən, Azərbaycanın tanınmış kino operatoru, əməkdar incəsənət xadimi Arif Nərimanbəyovun 90 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək. Film Fondunun direktoru Cəmil Quliyevin məlumatına görə, marta nəzərdə tutulan yubiley tədbirinin hazırlıq işləri artıq yekunlaşıb.
Xatırladaq ki, A.Nərimanbəyov "Bəxtiyar", "Leyli Məcnun", "Nizami", "Bizim Cəbiş müəllim" kimi filmlərin quruluşçu operatoru olub.
Milli kinonun tarixinə aid kataloqun hazırlığından danışan C.Quliyev bildirdi ki, fondda saxlanılan filmlər, onların ssenariləri, lentə köçürüldükləri tarix, aktyor heyəti, rejissorlarla bağlı məlumatlar orada yerləşdiriləcək. Üç dildə - Azərbaycan, rus ingilis dillərində nəşri nəzərdə tutulan kataloqun elektron variantı da hazırlanacaq. Bundan başqa, fondun saytının da yaradılması yaradıcılıq planlarından birini təşkil edir.
"Sayt xarici film fondlarının təcrübələri əsasında hazırlanacaq.
Elektron saytının səviyyəli alınması üçün biz mövcud təcrübədən istifadə etmək qərarına gəldik. Saytda Azərbaycan kino sənətinin inkişafında əməyi olan rejissorlar, onların həyatı, filmlərin tarixi, çəkildikləri məkanlarla bağlı məlumatlar yer alacaq. Həmçinin ən dəyərli aktyorlarımız haqqında qısa bilgilər sayta daxil ediləcək. Saytda eyni zamanda Dövlət Film Fondunun yaranma tarixindən, fəaliyyətindən bəhs edən yazılar da öz əksini tapacaq".
Qeyd edək ki, Azərbaycan ekran sənətinin yaddaşı sayılan Dövlət Film Fondunda milli kinomuzun yaradılması prosesində istifadə edilmiş uzun illərin köhnə kameraları film nümayişi avadanlıqları qorunmaqdadır. Bunların sırasında ən yaşlı avadanlıq "Derbi" adlı kameradır. Bu kamera XX əsrin əvvəllərində Fransada istehsal olunub. İstər sənədli, istərsə bədii filmlərin çəkilişlərində istifadə olunan bu kameranı Azərbaycan kinosunun görkəmli operatorları Əlisəttar Atakişiyev, Muxtar Dadaşov, Camal İsmixanov, İvan Frolov başqaları işlədiblər. "Bismillah", "Sevil", "Almaz", "Bakılılar", "Kəndlilər" kimi məşhur filmlər məhz bu kamera vasitəsi ilə lentə alınıb.
1950-ci ildə Almaniyada istehsal edilmiş "Pentofleks" adlı kamera da fondda saxlanılan dəyərli kino avadanlıqları sırasındadır. Bu kamera vasitəsi ilə 16 millimetrlik filmlər çəkilib. Həmin kameradan həvəskar çəkilişlərdə televiziyada müxtəlif reportajların hazırlanmasında istifadə edilib. Fondda qorunan "Konvas" kamerası "Dədə Qorqud", "Yeddi oğul istərəm", "Babək", "Bir cənub şəhərində", "Gün keçdi" kimi filmlərin ekranlaşdırılmasında iştirak edib. Görkəmli operatorlar Arif Nərimanbəyov, Teyyub Axundov, Rasim Ocaqov Rasim İsmayılovun istifadə etdikləri "Konvas"ın əsas müsbət xüsusiyyəti yüngül olması buna görə əldə tutaraq çəkiliş aparmağa imkan verməsidir. Bu cəhətinə görə ondan sənədli filmlərin, reportajların çəkilişində geniş istifadə edilib. Sovet istehsalı olan "Konvas" 80-ci illərin sonlarına qədər işə yarayıb. Sonralar onun yerini Almaniyanın "Orifleks"i əvəz edib.
Fondda qorunub saxlanılan kameralardan biri "Soyuz-sinxron"la "Birisigün gecəyarısı", "Arxadan vurulan zərbə", "Mezozoy əhvalatı" kimi filmlər çəkilib. Xüsusi çəkilişlər üçün nəzərdə tutulan, 50-ci illərə aid "PSK" məşhur filmlərdən "Bir qalanın sirri", "Sehrli xalat" kimi ekran işləri çəkilərkən işlədilib. Film Fondundakı film nümayişi avadanlıqları - kinoproyektorlardan biri keçən əsrin əvvəllərinə aiddir səssiz kino nümayişi üçündür. Digər bir kinoproyektor 1947-ci ildə istehsal edilib onun vasitəsi ilə 16 millimetrlik filmlər göstərilib.
Bu tipli avadanlıqlar sırasında "KPT-7", "KN-20" markalı kinoproyektorlar da var

 

Ayna.-2007.-16 fevral.-S.8.