Zümrüd

“Ana” klipi təqdim olundu

 

Tədbiri giriş sözü ilə Muğam Teatrının direktoru, respublikanın xalq artisti Arif Qazıyev açdı. O, Azərbaycan şou-biznes aləmində kifayət qədər populyarlıq qazanmış Sərxan Kərimoğlunun "Ana" klipinin mövzu və ideyasına toxunub, onun orijinal bir şəkildə kiçik bir film yaratdığını bildirdi. Belə ki, müasir dövrümüzdə ardı-arası kəsilmədən, çəkilən kliplərin içində onun təqdim olunan kiçik filminin öz yeri olacağını vurğulayaraq, müğənninin peşəkarlığından söz açdı. Sonra təqdimat mərasimində söz müğənninin özünə verildi. Sərxan Kərəmoğlu iştirakçılara məlumat verərək bildirdi ki, artıq 25 ilə yaxındır ki, musiqi aləmində fəaliyyət göstərir. O, klip çəkdirməyi qərarlaşdırmış və ruhuna yaxın olan bir mövzu ətrafında istəyini gerçəkləşdirmişdir. Belə ki, həvəskar bəstəkar Xanım İsmayılqızı ilə birgə klipin yaradıcısına çevrilmişdir. Çox qısa bir müddət ərzində klip ərsəyə gəlmiş, hətta bəstəkarın "Ana" klipinin çəkilişlərindən belə xəbəri olmamışdır. Bu, Xanım İsmayılqızı üçün bir sürprizə çevrilmişdir. Klipin rejissoru Zöhrab Ağayevdir. Filmdə Sərxan Kərəmoğlunun oğlu Kənan Kərəmoğlu və respublikanın əməkdar artisti Mehriban Xanlarova çəkilmişdir. Ana və oğul obrazlarını klipdə canlandıran adlarını çəkdiyimiz şəxslər həyatı bir mənzərəni təcəssüm etdirməyə çalışmışlar. Belə ki, məktəbə qədəm basmış birinci sinif şagirdinə lövhədə yazdığı ana sözləri olduqca pis təsir bağışlayır. Bu balaca məktəblinin anası dünyasını vaxtsız dəyişdiyindən lövhədə yazılmış məfhum şagirdə çox pis təsir göstərir və o, çox uzaq bir aləmin xəyalən qonağı olur. Müğənni ifadə etdiyi sözlər vasitəsilə qeyd olunan fikirləri daha da canlandırır, ona dolğunluq və inandırıcılıq gətirirdi. Klipin təqdimatından sonra yeni çəkilmiş "Ana" haqqında tanınmış sənət nümayəndələri öz fikirlərini bildirdilər. O bildirdi ki, müasir dövrümüzdə müxtəlif məzmunda kliplər çəkilsə də, bu ideya altında çəkilərr film olduqca təsirlidir. Həyatın aparıcı qüvvəsi olan ana istənilən janrda çəkilən sənət nümunələrində öz böyüklüyü, əsrarəngizliyi ilə seçilmiş, böyük məhəbbətlə qarşılanmışdır. Odur ki, Sərxan Kərimlinin ifasında təqdim olunan "Ana" klipi təqdirəlayiqdir.

Təqdimat mərasimində Baloğlan Əşrəfov da klipə laqeyd qala bilməyib öz fikirlərini iştirakçılarla bölüşdü. O bildirdi ki, mahnının sözləri o qədər təsirləndiricidir ki, klipə baxdıqca tamaşaçıda qəribə hisslər baş qaldırır. Onun musiqisi ilə sözləri arasında bir ahəngdarlıq var ki, bu da klipin gözəl alınmasında əsas şərtləndirici amillərdən biridir. Baloğlan Əşrəfov bir müğənni kimi klipin lirikliyini də nəzərə alıb, kövrək notlar üzərində yazılmış mahnının müəlliflərini təbrik edib, onlara uğurlar arzuladı. Tədbirdə klip ətrafında müzakirələr sona yetdikdən sonra, sənət nümayəndələri lirik musiqi nömrələri ilə çıxış etdilər.

 

Səs.- 2007.- 23 fevral.- S.12.