Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası üç dildə “XX əsrin faciəsı - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşr hazırlamışdır

 

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident kitabxanasından AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, XX yüzilliyin sonlarında bəşər tarixinin ən böyük faciələrindən biri — Xocalı soyqırımı törədildi. Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında azərbaycanlıları kütləvi surətdə məhv etmək, onları yurd-yuvalarından didərgin salmaq yolu ilə respublikamızın ərazisinin bir hissəsini işğal etmişdir. Bu təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının əsgər və zabitləri ilə birlikdə Xocalı soyqırımını törətmişlər.
Əhalisi 6 min nəfərdən çox olan Xocalı şəhəri topların və zirehli texnikanın köməyi ilə yerlə-yeksan edildi. Mühasirədə olan şəhərin bütün əhalisi — körpə uşaqdan tutmuş əlsiz-ayaqsız qocalaradək ucdantutma məhv edildi, bir qismi isə əsir alındı. Günahsız, əliyalın insanlar təqib edilərək çöllərdə və meşələrdə güllələndilər. Meyitlərin dərisini soydular, bədən üzvlərini doğradılar.
Xarici və yerli jurnalistlər faciədən dərhal sonra ermənilərin vəhşiliyini və qəddarlığını lentlərin yaddaşına köçürdülər. Dünya mətbuatı Xocalı adlı bir şəhərin erməni vandalları tərəfindən yer üzündən silinməsi, əhalisinin soyqırımına məruz qoyulması haqqında xəbərlər və hadisə yerindən reportajlar yaydı. Lakin çox təəssüf ki, sonradan yenə də Azərbaycan xalqının faciəsinə biganəlik göstərildi, fəryadımızı özümüzdən başqa kimsə eşitmək istəmədi.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il İşlər İdarəsinin Kitabxanasında olarkən orada yaradılmış elektron nəşrlərlə tanış olmuş, Azərbaycan tarixinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına aid tammətnli bazaların həm də ingilis və rus dillərində variantlarının hazırlanıb kitabxananın saytında yerləşdirilməsini tövsiyə etmişdi. Kitabxananın kollektivi Xocalı soyqırımının 15 illiyi ərəfəsində 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) “XX əsrin faciəsi — Xocalı soyqırımı” adlı tammətnli elektron nəşr hazırlayaraq kitabxananın www.preslib.az ttp://www.preslib.az/ saytında yerləşdirmişdir.
Elektron nəşrə daxil olan materiallar 3 bölmədə qruplaşdırılmışdır. “Ümumi məluma” adlanan bölmədə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası haqqında istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri və s. materiallar toplanmışdır. “Rəsmi materiallar” adlanan bölmədə Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində atılan addımlar, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara edilən müraciətlər, Xocalı faciəsinin beynəlxalq hüquq normaları baxımından soyqırımı kimi tövsif edilməsi haqqında rəsmi sənədlər toplanmışdır. “Xocalı soyqırımının əks-sədası” adlanan bölmədə isə bu günədək Xocalı soyqırımı ilə bağlı yerli və xarici mətbuatda dərc olunan, elektron kütləvi informasiya vasitələrində əksini tapan seçmə materiallar yerləşdirilmişdir.
“XX əsrin faciəsi — Xocalı soyqırımı” adlı tammətnli elektron nəşrə, həmçinin Xocalı soyqırımından bəhs edən bəzi kitabların elektron versiyası və “Xocalı soyqırımı saytlarda” bölmələri də əlavə edilmişdir. “XX əsrin faciəsi — Xocalı soyqırımı” elektron nəşri müntəzəm olaraq yeniləşdirilir. Prezident Kitabxanasının əməkdaşları “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” tammətnli elektron nəşrinin də ingilis və rus dillərində versiyalarını hazırlayırlar.

Xalq qəzeti.- 2007.- 24 fevral.- S. 4.