Babayeva T.

 

Sənətçi üçün 30 illik fəaliyyət az müddət deyil"

Xuraman Qasımova: "Uşaqlıqda jurnalist olmaq arzusunda idim"



Tanınmış sənətçilərimiz, milli operamızın parlaq ulduzları Fidan və Xuraman Qasımova bacıları yaradıcılıqlarının 30 illiyinə qədəm qoyurlar.
Bu münasibətlə görkəmli vokal ustalarından biri, xalq artisti, professor Xuraman Qasımova ilə görüşdük. Söhbətimizi sənətçinin klassik üslubda bəzədilmiş evində apardıq. İlk sualımız isə sənətçilərin bu əlamətdar tarixə necə hazırlaşması ilə bağlı oldu.
- Sənətçi üçün 30 illik fəaliyyət az müddət deyil. Amma Fidan xanım və mən bu tarixi xüsusi təntənə ilə keçirməyi düşünməmişik. Biz yalnız konsertlərimizlə tamaşaçıların görüşünə gələcəyik. Yazda Filarmoniyanın səhnəsində, daha sonra isə H. Əliyev adına Sarayda konsert proqramı ilə çıxış etməyi planlaşdırırıq. Bundan əlavə, silsilə disklər buraxdıracağıq. Onlardan ikisi artıq hazırdır və satışdadır. Əlbəttə ki, bu tarixi daha təntənə ilə qeyd etmək olardı. Çünki 30 il sənətçi üçün gözəgörünən bir rəqəmdir. Əgər Mədəniyyət və Turizm Nazirliyi və ya hansısa müvafiq qurumlar tərəfindən bu gün yada salınarsa, təbii ki, daha maraqlı, geniş tədbir keçirmək olar. Düşünürəm ki, bizim bununla bağlı müraciətimiz düzgün çıxmaz. Amma bizə təklif edilərsə, dəstək olarsa, yüksək səviyyəli yubiley tədbiri keçirmək mümkündür. Biz Fidan xanımla buna həmişə hazırıq.
- Xuraman xanım, bir az əvvələ qayıdaq. Siz yaradıcılığa kinodan başlamısınız. Həmin dövrü necə xatırlayırsınız?
- Buna yaradıcılıqmı, yaxud mənim həyatımın kino ilə bağlı səhifələrimi deyək- bilmirəm. Filmə çəkilməyim təsadüfən alınsa da, həyatımın çox maraqlı səhifələrindəndir. "Liftçi qız" filmində çəkilmək təklifi alanda məktəbli idim, 13 yaşım vardı. Düşünməyin ki, bu mənə çox asan başa gəldi. Orada mənim çoxsaylı rəqiblərim vardı. Ciddi seçim prosesi gedirdi. Rola hərtərəfli uyğun gələn gənc qız axtarırdılar. Təbii ki, bacarıqlı aktrisa deyildim. Amma tanımış mütəxəssislərin etimadını qazana bildim. Bu məni sevindirməyə bilməzdi. Bilmirəm, deyirlər, uğurlu alınıb.
- Mən həmin filmdə sizin ifanızdan maraqlı anları çəkib mobil telefonunda saxlayan bir gənc tanıyıram...
- Doğrudan? Mən heç təsəvvürümə gətirməzdim ki, o ifamı bu dərəcədə bəyənənlər var. Necə olsa, üstündən çox illər keçib. Bəlkə də o vaxtlar gənc olduğumdan kinonun nə qədər gözəl sənət olduğunu dərindən dərk etmirdim. Ona görə də taleyimi kino ilə bağlamağı fikirləşmirdim. Amma böyük həvəslə çəkilirdim. Valideynlərim də məni dəstəkləyirdilər. Eyni zamanda, onlar çəkiliş qrupu qarşısında şərt qoymuşdular ki, çəkilişlər dərslərimə maneçilik etməməlidir. Bu mənim üçün çox vacib idi. Sonra "Mən ki, gözəl deyildim" filminə çəkildim. Böyük film idi və rolum cox ciddi olduğundan çətinliklərlə üzləşirdim. Onu da qeyd edim ki, Səidə roluna görə "Prometey-69" Ümumittifaq festivalında birinci dərəcəli diploma layiq görülmüşəm. Sonuncu dəfə "Həyat bizi sınayır" filmində çəkilmişəm. Sonralar təkliflər gəlirdi. Amma çəkiliş prosesi çox vaxtımı alırdı, yorulurdum. Həm də uşaqlıqda mənim digər sənətə-oxumağa da həvəsim vardı. Pionerlər Evinin xorunda, "Cücələrim" ansamblında solist idim. O dövrün çox gözəl xatirələri ilə yaşayıram. Həmin illərdə düşünə bilməzdim ki, gələcəkdə böyük səhnə ifaçısı olacağam. Çünki məktəbdə ədəbiyyata , tarixə üstünlük verirdim və jurnalistika fakültəsinə daxil olmaq istəyirdim. Görünür, təbii qabiliyyət üstün gəldi. Valideynlərim məni peşəkar musiqiçilərə dinlətmək qərarına gəldilər. Anam və o zaman artıq Konservatoriyanın tələbəsi olan bacım Fidanla görkəmli müğənnimiz Şövkət Məmmədovanın yanına getdik. O məni dinlədi, bəyəndi və mütləq Konservatoriyada təhsil almağımı məsələhət gördü. Üstəlik, qəbul olunanda məni öz sinfinə götürdü. Beləliklə də, bu sənətin sirlərini öyrənməyə başladım.
- İndi isə siz özünüz bu təhsil
ocağının "Solo oxuma və opera hazırlığı" kafedrasının müdirisiniz. Bu gün gənclərdə vokal sənətinə maraq nə dərəcədədir?
- Bu sənətə maraq həmişə var. Amma bizim dövrün gəncləri ilə indiki gənclər çox fərqlənir. O dövrün tələbələri dünyaya baxışları, musiqi görüşləri, biliyi, çalışqanlığı, ciddiliyi ilə seçilirdilər. Biz istər daxilən, istər zahirən tələbəyə bənzəyirdik. İndi küçədə gedən gəncin hansısa təhsil ocağının yetişdirməsi və ya sadəcə, gününü boşuna keçirən gənc olduğunu müəyyənləşdirə bilmirsən. Təəssüf ki, bugünkü tələbələr o qədər də geniş düşüncəli deyillər, səthi informasiya ilə inkişaf edirlər, dərin biliklərə yiyələnmək istəmirlər. Təkcə səsi inkişaf etdirmək kifayət etmir, musiqi tarixini bilmək, hər dövrün əsərlərini dərk etmək, bəstəkarların fikirlərini, həyat yolunu öyrənmək lazımdır. Əlbəttə, indi də fəxr edə biləcəyimiz mükəmməl gənclərimiz var. Amma onların sayı azdır. Bilirsiniz, kimsə müəyyən səbəblərə görə gələcəkdə səhnəyə çıxa bilməsə, pedaqoji fəaliyyət göstərə bilər. Bu isə böyük məsuliyyətdir və bunun üçün bilik lazımdır. Bizim alətimiz səsimizdir. Əgər özün ondan istifadə etməyi bacarmasan, başqası ilə də paylaşa bilməyəcəksən. Hər şey tələbənin çalışqanlığından, həvəsindən, hansı məqsədlə bu sənətə gəlməsindən asılıdır. Çoxu yalnız tez bir zamanda populyar olmaq, asan yolla səhnə üzü görmək istəyir. Amma elə tələbələrimiz də var ki, istəsələr, gələcəkdə opera sənətimizin layiqli davamçısı ola bilərlər. Əgər özlərini sənətdə yox, sənəti özlərində duysalar, hiss etsələr və sevsələr...
- Müasir opera sənətimiz barədə nə düşünürsünüz? Opera və Balet Teatrının repertuarı sizi qane edirmi?
- Mən oranın repertuarı ilə yaxşı tanışam. Ona görə bir qədər həyəcan keçirirəm. Bu gün Azərbaycanın dünyaya inteqrasiya etdiyini nəzərə alsaq, görərik ki, opera sənətimizdə hələ çox çatışmayan cəhətlər var. Teatrın əsas siyasəti onun repertuarından görünür. Nə qədər geniş, rəngarəng repertuar olarsa, teatr bir o qədər inkişaf etmiş sayılır. Dünya və milli operaların ən gözəl nümunləri oynanılmalı, repertuar heç olmasa üç ildən-bir yeniləşməlidir. Bunun üçün isə müasir rejissorlar, rəssamlar, müasir düşüncələr, mükəmməl xor, orkestr lazımdır. Bu yaxınlarda Prezidentimiz İlham Əliyevin sərəncamı ilə teatrlarımız təmir olunacaq. Bəlkə, Opera və Balet Teatrında da təmir bitəndən sonra daha maraqlı, müasir zamana uyğun tamaşalar qoyulacaq...
- Bunun üçün potensial var?
- Gənclərimiz arasında istedadlıları az deyil. Bakı Musiqi Akademiyası müxtəlif musiqi kollektivləri və ilk növbədə də Opera və Balet Teatrı üçün gənc kadrlar yetişdirir. Hazırda son 10-12 ildə orada çalışanların əksəriyyəti kafedramızın məzunlarıdır. Vaxtilə biz də gənc olaraq teatra gəlmişik. Böyük nəsil bizə örnək olub, sənətin incəliklərini onlardan öyrənmişik. Düşünürəm ki, indiki gənc nəsil də peşəkarları görə-görə inkişaf etməlidir.
- Onda belə çıxmırmı ki, siz teatrdan tez ayrılmısınız?
- Biz teatrdan tez ayrılmadıq, bizi ordan tez ayırdılar. Sənət aləmində inkişaf təcrübə ilə əldə olunur. Mən də bizim gənc tələbələrimizin uğurlarına sevinirəm. Özümüz yetişdirirk və fakültəmizin əsas məqsədi də bacarıqlı, istedadlı nəsil ortaya çıxarmaqdır. Amma bu nəslin özünü göstərməsi üçün zaman, təcrübə lazımdır. Gənclər üçün yol açırıq deyə, yaşlı nəsli müxtəlif bəhanələrlə səhnədən uzaqlaşdırmaq nə dərəcədə düzdür? Hər halda biz sənətə belə gəlməmişik. Heç bir sənətçi öz istəyi ilə səhnədən, sevdiyi ocaqdan ayrılmaz. Xatırlayırsınızsa, iki il öncə Bakıya dünya şöhrətli soprano Montserrat Kabalye gəlmişdi. İndi onun 75 yaşı var. Heç kimin ağlına belə gəlməz ki, onu səhnədən ayırsın.
- Bəs hansısa bir əsəri səhnələşdirmək barəsində düşünmüsünüz?
- Qeyd etdik ki, bizim artıq 30 illik sənət təcrübəmiz var. Dəfələrlə qastrollarda olduğumuzdan, xarici teatrların səhnələrində çıxış etdiyimizdən müasir teatr aləmindəki yenilikləri görürdük. Ona görə də bir neçə il öncə belə bir təkliflə teatr rəhbərliyinə müraciət etmişdik. Amma qəbul etmədilər. Biz də israr etmədik və tamaşanı bizə təklif olunan köhnə quruluşda oynadıq. Amma bəzi ölkələrdə, elə Rusiyanın özündə belə təcrübə var ki, müəyyən zaman teatrın solisti olmuş sənətçilərə sonradan rəhbərlik hansısa əsəri səhnələşdirməyi etimad edir. Hər halda bizim illərlə əldə etdiyimiz təcrübədən istifadə etmək olardı. Əgər Kabalye kimi sənətçi buranın yetişdirdiyi tələbələrin səviyyəsindən razıdırsa, demək, burada yaşayan insanlar nə isə etməyi bacarır. Madam ki, o cür sənətkarı təəccübləndirə bilmişiksə, niyə bundan öz səhnəmizdə istifadə etməyək? Bundan başqa, onu da deyim ki, bizim dövrümüzdə məşhurlaşan həmkarlarımız illərcə öz istedadını səhnədə inkişaf etdirdikdən sonra öz fəaliyyətlərini şəxsi məktəblərini, teatrlarını, akademiyalarını yaratmaqla davam etdirirlər. Məsələn, Yelena Obrassova, Mariya Biyeşu, Alibek Dnişev və digərləri. Bunu da onların xalqa göstərdikləri xidmətin davamı hesab etmək olar. Azərbaycan həmişə istedadlı ifaçıları, gözəl musiqi mədəniyyəti ilə Rusiya, xarici ölkə mütəxəssislərinin diqqətini çəkib. Çünki dünya səviyyəsinə çıxan ifaçılarmız olub. Və xatırlayıram ki, teatrın kollektivi bütövlüklə Rusiyanın bir neçə şəhərinə qastrol səfərlərinə də çıxıb. Şəxsən Fidan xanım və mən də həmin uğurlu qastrolların iştirakçısı olmuşuq. Düzdür, sovetlər birliyi dağıldıqdan sonra çox şeylər dəyişdi və bu bizim mədəniyyətimizin inkişafına öz təsirini göstərməyə bilməzdi. Çox təəssüf ki, indi gözəl mütəxəssislərimiz xaricə gedirlər. Və əfsuslar olsun ki, gedənlərin əksəriyyəti geri qayıtmaq istəmir. Ona görə ki, bazanı burada yaratmaq lazımdır. Mən bunları ona görə vurğulayıram ki, biz yüksək səviyyəni görmüşük. Və indi həmin səviyyəni necə qaytarmağın yollarını düşünməliyik.
- Siz vaxtilə gənc opera müğənnilərinin respublika müsabiqəsini keçirirdiniz...
- Bəli, gözəl ənənə yaranmışdı. Hər üç ildən bir respublika çərçivəsində gənc vokalçıların müsabiqəsini keçirirdik. İki dəfə təşkil etdik, amma üçüncü dəfə müəyyən səbəblər üzündən proses dayandı. Müsabiqəni davam etdirmək arzumuz var. Bu, maddi dəstək tələb edən bir işdir. Biz hər dəfə köməklik üçün kiməsə müraciət etməli oluruq. Baxın, estradada yüngül musiqi janrı üçün hamı maddi yardıma hazırdır. Bizim zəngin insanlarımız az deyil. Bu sənətin inkişafına da dəstək olmaq lazımdır. Çünki özünü bu sənətə həsr etmək istəyən gənclərimiz var. Mən gənc nəslə kömək etmək istəyirəm, amma belə yarışmaların keçirilməsi tək mənim istəyimdən asılı deyil.

 

Xəzər.-2007.-24 fevral.-S.18.