Xatun

 

Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək

 

Bəstəkar: "Ən böyük arzum incəsənət tarixində uzun müddət  əsər bəstələməkdir "

 

Ötən ildən Şimali Kipr Türk Respublikasında pedaqoji fəaliyyətlə məşğul olan Cavanşir Quliyev Bakı səfərini başa vurub yenidən qonşu ölkəyə üz tutdu. Xatırladaq ki, bəstəkar ŞKTR-in Yaxın Doğu Universitetinin səhnə sənəti fakültəsinin professorudur.

Səfər öncəsi bəstəkarla söhbətimizdən öyrəndik ki, o, "Oğuznamə" adlı balet üzərindəki işini artıq yekunlaşdırıb. Hazırda isə baletin tamaşaya qoyulması mərhələsi başlayıb. Bəstəkar tamaşanın hansı teatrda və nə vaxt nümayiş etdiriləcəyi barədə qəti fikrə gəlmədiyini söylədi. Daha sonra bildirdi ki, bu dəfə o, "Şəhriyar" kantatası üzərində çalışır.

"Türkiyədə yaşayan cənublu soydaşlarımızdan birinin xahişi ilə dahi şairə musiqi əsəri həsr etmək istəyim üst-üstə düşdü. Həmyerlimiz Şəhriyarın əsərlərini mənə təqdim etməklə bu işə böyük köməklik etmiş oldu. Artıq kantatanın hazırlıq mərhələsinə başlamışam", - deyə bəstəkar qeyd etdi.

Cavanşir Quliyevin yaradıcılığının yeni mərhələsini "Tufan" adlı balet təşkil edəcək. Öyrəndik ki, akademik musiqi sahəsində onun meydana çıxarmaq istədiyi növbəti mövzu böyük tufan və Nuhun gəmisi ilə bağlı əfsanə və rəvayətlərdir: "Librettonun müəllifi vaxtilə Arma Axmatovanın Rusiyanın 5 ən yaxşı gənc şairi sırasında adını çəkdiyi Alla Axundovadır".

Cavanşir müəllim daha böyük planlarından və uzaq perspektivlərdən bəhs edərək dedi ki, ən böyük arzularından biri incəsənət tarixində çox uzun müddət yaşayacaq əsərlərdən birini bəstələməkdir. Bəstəkar qeyd etdi ki, 12 gün davam edəcək balct tamaşasının süjetini o, "Kitabi-Dədə Qorqud" dastanı üzərində qurmağı, yəni hər gün eposun bir boyıınun tamaşasının nümayişini nəzərdə tutub. "Ola bilər ki, bu baletin yazılmasına qalan ömrümün hamısı sərf olunsun. Amma ümid edirəm ki, arzuma çata biləcəyəm" deyən bəstəkar onu da qeyd etdi ki, son zamanlar Dədə Qorqudun şəxsiyyəti və onunla bağlı hadisələrə fərqli, daha doğrusu, hərtərəfli baxışlar yaranıb. Söhbət zamanı Cavanşir Quliyev vurğuladı ki, bu baletlə bağlı niyyətlərini gerçəkləşdirmək ona nəsib olsa, sırf dastandan doğan mətləbləri əsas tutaraq ordakı hadisələrin ardıcıllığını saxlamağa çalışacaq. Söhbətin sonunda bəstəkar kantata və baletlərinin Azərbaycan səhnəsində də ifa edilməsini çox istədiyini qeyd etdi. Eyni zamanda, təəssüfləndi ki, çox zaman istəklə imkan və şəraitin düz gəlməsi müşkülə çevrilir.

 

Ayna.- 2007.- 17 fevral. –S. 20.