Xatun
“Üzeyir bəyin adı akademiyaya qaytarılmalıdır”
Bu ilin mayında Bakı Musiqi Akademiyasının
85 illik yubileyi dövlət səviyyəsində
qeyd olunacaq. Akademiyanın
rektoru, bəstəkar
Fərhad Bədəlbəyli
bununla bağlı nəzərdə tutulan tədbirlərin siyahısının
hazırlandığını söylədi:
"Bakı Musiqi Akademiyası böyük tarixi yol keçib.
Bu təhsil ocağının əsası
dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən qoyulub.
Biz yubiley tədbirinin akademiyanın
yarandığı gündə
keçirilməsini planlaşdırırıq".
F.Bədəlbəyli 85 illik
yubileylə bağlı
silsilə tədbirlərin
keçiriləcəyindən xəbər verdi. Eyni zamanda bildirdi
ki, yubiley təntənələrini bir
günə sığışdırmaq
mümkün deyil. F.Bdəlbəyli qeyd etdi ki, bütün
kollektiv diqqətini ilk növbədə Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adının
qaytarılmasına nail
olmağa yönəldib
və onlar buna nail olacaqlarına
əmindirlər. Akademiyanın
rektoru bu yaxınlarda Üzeyir bəyin "Arşın mal alan" operasının Almaniyada nümayiş olunacağını
deyib. Onun sözlərinə görə, tamaşanın
həmin ölkədə
nümayiş olunması
ideyası Azərbaycanın
Almaniyadakı səfirliyi
tərəfindən irəli
sürülüb:
"İndi sponsor məsələsini həll
etməyə çalışırıq.
Ümidvaram ki, tamaşaya diqqət böyük olacaq. Bu layihəni yaradıcı heyətlə
həyata keçirmək
üçün ciddi
vəsait tələb
olunur. 50 nəfərin
iştirakı ilə
hazırlanan tamaşa
Berlində, yaxud Frankfurtda göstəriləcək.
Xatırladım ki, tamaşa ötən il sentyabr ayında
Vyanada nümayiş olundu və böyük maraq doğurdu. Tamaşada Əsgər rolunu - İran, Gülçöhrəni
- Amerika, Tellini - Yaponiya, Asyanı isə Polşa sənətçiləri ifa
ediblər".
Qeyd edək ki, növbəti dəfə nümayiş etdiriləcək tamaşa
alman dilində nəzərdə tutulsa da, bəzi ariyalar
doğma dilimizdə səsləndiriləcək. Fərhad
Bədəlbəyli "Arşın
mal alan"a ABŞ-da da
böyük maraq olduğunu qeyd etdi: "Sözügedən
tamaşa ilə yanaşı, Üzeyir bəyin "O, olmasın,
bu olsun" və bir neçə
musiqili tamaşalarını
bir çox dünya səhnələrində
nümayiş etdirməyi
qarşımıza məqsəd
qoymuşuq. Çünki
vaxtilə dünyanı
dolaşan həmin tamaşalar haqqında bu günün gəncləri xəbərsizdirlər.
Yəqin ki, Almaniyadan sonra ünvanımız tezliklə
ABŞ olacaq".
Rektor bu il Bakı Musiqi
Akademiyasında gənc
pianoçuların müsabiqəsinin
keçiriləcəyini bildirdi.
Bu müsabiqə Kövkəb Səfərəliyevanın
100 illik yubileyinə həsr olunacaq. O bildirdi ki, Kövkəb
xanım Azərbaycanın
ilk peşəkar pianoçusudur və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin banilərindəndir.
Qeyd edək ki, aprelin
sonlarına nəzərdə
tutulan müsabiqənin
münsiflər heyətinin
sədri F.Bədəlbəyli
özü olacaq. İştirakçıların çıxışları və
müsabiqənin yekun
konserti Dövlət Filarmoniyasında gerçəkləşəcək.
Ən yaxşı ifaçı 3000 dollar məbləğində mükafat
alacaq. Fərhad Bədəlbəyli mayda Akademiyada Klassik Musiqi Festivalının da keçiriləcəyini
dedi. Musiqi Xadimləri İttifaqı
ilə birgə təşkil olunacaq festivalda həm Azərbaycan, həm də dünya musiqiçilərinin əsərləri
səsləndiriləcək:
"Festivala ABŞ, Rusiya,
Fransadan ifaçılar
dəvət alacaqlar. Onlar rayonlara səfər edərək,
oradakı musiqiçilərə
treninqlər keçəcəklər.
Həmin festivalda mən də tələbələrim qarşısında
çıxış edəcəm".
Ayna.-2007.-2 fevral.-S.8.