Xəlilzadə F.

 

Xalq musiqisinə və klassikaya bağlılıq

 

Əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulan milli bəstəkarlıq məktəbinin inkişafında qadın sənətkarlarımız da böyük xidmət göstərmişlər. Vaxtilə Üzeyir bəydən dərs alan, Azərbaycan qadınları arasında ilk dəfə olaraq bəstəkarlıq sirlərinə yiyələnən və bu sahədə öz töhfələrini verən Ağabacı Rzayevadan üzü bəri qadın bəstəkarlarımızın sırası ardıcıl genişlənməkdədir. Dünyada opera yazan ilk qadın bəstəkarın da məhz Azərbaycanda yetişməsi böyük fəxarətdir. Şəfiqə Axundovanın bu sahədəki ilk şücaəti musiqi aləmində əsl hadisəyə çevrildi. "Gəlin qayası" operası ilə Şəfiqə Axundova sübut etdi ki, Azərbaycan qadın bəstəkarları böyük musiqi əsərləri də yazmağa qadirdir. Sonrakı illərdə Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Elmira Nəzirova, Elza İbrahimova və başqaları müasir düşüncə tərzi və milli köklərə bağlı gözəl musiqi əsərləri yaratdılar. Firəngiz Əlizadənin bir-birindən maraqlı və məzmunlu əsərləri bu gün də dünya musiqisevərlərini heyrətdə saxlamaqdadır.
Üzeyir Hacıbəyovdan sonra Azərbaycan bəstəkarlıq məktəbinin ləyaqətli davamçılarından biri də dünya şöhrətli Qara Qarayev idi. Onun bəstəkar kadrların hazırlanmasında böyük əməyi olmuşdur. Qara Qarayev son dərəcə tələbkar və istedadlı pedaqoq idi. O özünün gələcək tələbələrini çox ciddi şəkildə seçərdi. Onun sinfində oxumaq üçün nəinki keçmiş SSRİ-nin, dünyanın bir çox ölkələrindən gələrdilər. Qara Qarayevin sinfində oxumaq üçün mütləq istedadın olmalı idi. Bu gün gə nəsillərə nümunə olacaq, yaradıcılığı ilə seçilən istedadlı bəstəkarlarımız var ki, onlar məhz Qara Qarayevdən dərs alıblar. Arif Məlikov, Tofiq Bakıxanov, Polad Bülbüloğlu, Firəngiz Əlizadə, Elmira Dadaşova və bu sırada ləyaqətlə dayanan Sevda İbrahimova. Hələ tələbəlik illərində Qara Qarayev Sevda xanımın bəstəkarlıq sahəsindəki duyumunu yüksək dəyərləndirərək demişdir: "Sevdada bəstəkar üçün zəruri olan başlıca keyfiyyətlər var: incə zövq, musiqinin təsiredici gücünə inam. O, çox və səmərəli işləyir. Mən onun istedadına möhkəm inam bəsləyirəm". Musiqi nəzəriyyəçiləri yazırlar ki, Qara Qarayev hər musiqiçi haqqında belə səmimi rəy söyləməzdi.
İnsanın yaradıcı kimi mükəmməl püxtələşməsində bir sıra şərtlərin olması vacibdir. Ən başlıcası, böyüdüyün mühit, tərbiyə aldığın valideynlər, əhatəsində olduğun insanlar çox önəmlidir. Bu mənada Sevda İbrahimovada musiqiyə maraq çox kiçik yaşlarında yaranmışdı. Ulu babası Aşıq Valeh, babası tarzən Qurban Pirimov, atası yazıçı Mirzə İbrahimov və ən ümdəsi anası Sara xanım Azərbaycan mədəniyyətinə, musiqisinə böyük töhfələr vermişlər. Sara Pirimova Azərbaycan pianoçuları arasında ilk ali təhsil alan qadınlarımızdan biri idi. Xalq yazıçısı Mirzə İbrahimov dövrünün çox görkəmli mədəniyyət xadimləri ilə dostluq edərdi. Xüsusilə də Üzeyir Hacıbəyovla səmimi yaxınlıqları olmuşdu. Hətta Üzeyir bəy ömrünün son dəqiqələrində Mirzə İbrahimovla görüşməyi arzulamışdır.
Sevda İbrahimova əvvəlcə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik orta ixtisas musiqi məktəbində professor Zeydmanın sinfində dərs almış, sonra isə Konservatoriyaya daxil olmuşdur. Əvvəlcə fortepiano, sonra isə bəstəkarlıq fakültələrini (məhz professor Qara Qarayevin sinfini) bitirmişdir.
1968-ci ildən Konservatoriyada (indiki Musiqi Akademiyasında) müəllim kimi əmək fəaliyyətinə başlayan Sevda xanım indi həmin təhsil ocağının professorudur. 1998-ci ildən kafedra müdiridir. Əməkdar incəsənət xadimi Sevda İbrahimova müxtəlif musiqi pyesləri, poemalar, elegiyalar, romanslar, fortepiano üçün silsilə təranələr, lirik miniatürlər, balladalar, vokal əsərlər, mahnılar müəllifidir. O, həm də nəhəng musiqi əsərləri yazmaq hünərini də nümayiş etdirən istedadlı sənətkarımızdır. Dörd operanın müəllifi olan Sevda İbrahimovanın "Nənəmin nəğməli nağılları" operasının premyerası Səmərqənddə keçirilmişdir. Uşaqlar üçün yazdığı bu operada xeyir və şər mövzusu əsas yer tutur. Libretto mətni Hikmət Ziyaya məxsus olan bu əsərə Sevda İbrahimova parlaq və yaddaqalan, təsiredici musiqi yazmışdır. Səmərqənd teatrında səhnə təcəssümünü tapmış bu opera azərbaycanlı bəstəkara böyük rəğbət qazandırmışdır.
Sevda İbrahimovanın yaradıcılığını diqqətlə izləyərək onun əsərləri barəsində həmişə xoş sözlər söyləyən unudulmaz Tofiq Quliyev gənc həmkarının musiqisini yüksək qiymətləndirərdi. Sevdanın müəllif fəallığı Tofiq müəllimin nəzərindən heç vaxt yayınmazdı. Sevda İbrahimova haqqında qələmə aldığı "Səmimilik" məqaləsində Tofiq Quliyev yazırdı: "Sevda İbrahimovanın yaradıcılıq mövqeyinin əsasını xalq musiqisinə və klassikaya arxalanıb müasir musiqi dili, professionalizm və yeni yollar axtarışında olması təşkil edir. Xalq musiqisinə məhəbbət hələ uşaqlıq yaşlarından Sevdanın iliyinə-qanına hopmuşdur. Musiqi folkloruna dərindən bələdlik onun əsərlərinə milli xarakter verir. Digər tərəfdən, Sevda hansı janrda yazırsa-yazsın, o öz musiqisini müasirlərinin duyğu və düşüncəsi ilə zənginləşdirir. Ona görə də bu əsərlərin forma bitkinliyini məzmun keyfiyyəti tamamlayır".
Sevda İbrahimova çox məsuldar bəstəkardır. Onun musiqi həyatı verdiyi əsərlərin adlarını yazsaq, uzun bir siyahı yaranar. Unudulmaz şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş "Vətən şəhidlərinə", "Qəmginliklər", "Sənin üçün darıxıram, Şuşam", "Vətən düşüncələri" təsiredici gücünə və lirik məqamlarına görə fərqlənir. Bu əsərlərdə musiqinin yardımı ilə vətən sevgisi dil açıb danışır. Musiqi o qədər bitkin və məzmunlu işlənib ki, adamın gözləri qarşısında işğal olunmuş torpaqlarımızın ağrı-acıları canlanır. Yurd yerlərimizlə bağlı Sevda xanımın musiqiləri öz dərinliyi ilə seçilir. Babası tarzən Qurban Pirimova həsr etdiyi "Qurbansız qalan tarım" əsəri simli orkestr üçün yazılmış elegiya-xatirə janrının ən bitkin nümunələrindən biridir.
Sevda İbrahimovanın əsərləri bu gün dünyanı dolaşır. ABŞ, Fransa, İsveç, Almaniya, MDB ölkələri, Əlcəzair, Türkiyə... kimi ölkələrin möhtəşəm konsert salonlarında azərbaycanlı bəstəkarın əsərləri məharətlə ifa olunur. Onun musiqisinə beynəlxalq aləmdə böyük maraq var. Bir sıra müsabiqələrin, festivalların qalibi olan, müxtəlif plenum və qurultaylarda, mədəniyyət günlərində iştirak edən Sevda İbrahimova 2001-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin qadını" adına layiq görülmüşdür.
Mükəmməl yaradıcılıq yolu, özünəməxsus məziyyətləri, musiqisinin aydınlığı, sadəliyi, gözəlliyi ilə seçilən Sevda İbrahimova 1966-cı ildən Bəstəkarlar İttifaqının üzvüdür. Bu illər ərzində qazandığı uğurlar çox olub. Ən böyük xidməti isə əsərləri ilə bərabər yetirmələridir. Ötən əsrin ortalarından çalışdığı Bakı Musiqi Akademiyasının Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının müdiri Sevda İbrahimova 2005-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülmüşdür.
Təbiət etibarilə işıqlı insan, səmimi və sədaqətli dost, həssas qəlbə malik Sevda İbrahimova təkcə bəstəkar deyildir. O həm də ən gözəl ifaçıdır. Ötən illərin birində Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında görkəmli bəstəkarımızın yaradıcılıq gecəsi keçirilirdi. Bir neçə əsərinin fortepianoda xüsusi şövq və məharətli ifası ilə Sevda xanım yaradıcılıqda böyük hadisə sayılan ifaçılıqla bəstəkarlığın vəhdətini məharətlə nümayiş etdirdi. Özündən bu barədə soruşanda belə deyir: "Mən müəyyən səbəblərə görə fəaliyyətimin istiqamətini əsasən pedaqoji və yaradıcılıq sahəsinə yönəltmişəm. Amma elə əsərlərim var ki, onlar mənim mənəvi ehtiyacımdan, həsrətimdən, niskillərimdən doğulub. Bu səbəbdən də onları özüm ifa edəndə, sanıram ki, içimdəki yanğı daha dolğun əks olunur. Xususilə də anama həsr etdiyim "Əhvali-ruhiyyələr" adlı əsəri mən bu mənada özüm ifadə etməyə çalışmışam. Ən böyük arzum o olub ki, ustadım Qara Qarayevin bir tövsiyəsinə əməl edim. O, həmişə deyərdi ki, gərək hər birinizin musiqidə öz adınız olsun. Çalışmışam ki, mən bu çoxşaxəli, çətin sənət aləmində öz ünvanımı yarada bilim. Musiqi aləmi həm çox əfsunludur, həm də mürəkkəb. Dərin ümmana bənzəyir. Üzə bilməsən, mütləq batmaq təhlükəsi var. Gərək əsər üzərində işləyəndə kökünü, soyunu unutmayasan. Yaradılan əsər o zaman yaşayır və uğur qazanır ki, milli kökə bağlı olsun. Həyatım boyu çox alicənab və diqqətli sənətkarlarla işləmişəm. Bəlkə də buna görədir ki, indinin özündə də şirmayı dillərə toxunanda, not dəftərinə nəsə qeyd edəndə üzərimdə sanki onların baxışlarını duyuram. Hərdən ekrandan, efirdən qəribə musiqilər eşidirəm (əgər buna musiqi demək mümkünsə - F.X.), qalıram məəttəl. Sənətdən xəbərsizlər belə məsuliyyətsiz hərəkətlərə necə yol verirlər? Təkcə Azərbaycan musiqisindən deyil, Şərq, xüsusilə Hindistan musiqilərindən müəyyən parçalar sintez edərək qatmaqarışıq bir şou yaradırlar. Axı bizim çox zəngin musiqimiz, peşəkar bəstəkarlarımızın yaratdığı gözəl nümunələr ola-ola qondarma, dadsız-duzsuz, şit "mahnı"lara necə yer vermək olar? Əvvəllər də belə "yaradıcı" insanlar var idi. Amma onları kim idi ekrana, efirə buraxan?! Bu yaxınlarda telekanalların birində iki müğənninin bir-birinə göndərdiyi qeyri-etik mesajları eşidəndə sarsıldım. Azərbaycan ekranında müğənnilər arasında kimin birinci soyunması uğrunda dava gedir. Biz hansı əsrdə yaşayırıq? Bəlkə biri ağlını itirib? Onun səviyyəsiz danışığını tamaşaçıya təqdim etmək bu qədərmi zəruridir? Bütün bunlardan sonra mən özümə mənəvi ustad saydığım Üzeyir Hacıbəyovun, müəllimim Qara Qarayevin, böyük bəstəkarlarımızdan Tofiq Quliyevin, Emin Sabitoğlunun və onlarca başqalarının narahat ruhu qarşısında xəcalət çəkdim".
Yüzdən artıq romans və mahnının müəllifi olan, əsərləri görkəmli müğənnilər - Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Xuraman Qasımova, Flora Kərimova, Akif İslamzadə tərəfindən ifa edilmiş, 40 ilə yaxın zaman kəsiyində Bakı Musiqi Akademiyasında müəllim işləyən kafedra müdiri, professor, bəstəkar-pianoçu Sevda İbrahimovanın keçirdiyi bu pəjmürdəli hisslər bizə də təsir etdi. Yəqin ki, Mədəniyyət və Turizm Nazirliyinin telekanallarla birlikdə qəbul etdiyi bəyannamədəki şərtlər dəqiq yerinə yetirilmədiyi üçün müəyyən tədbirlərin görüləcəyi tezliklə reallaşacaq.
Ümid bunadır!

 

Azərbaycan.-2007.-7 fevral.-S.8.