İbrahimova S.

 

Efir savadsızlar üçün işləyir

 

Nadir Əzimov bir çox müğənnilərlə əməkdaşlığına son qoyub

 

Son illər yeni bəstələri az eşidilən Nadir Əzimov bunun səbəbsiz olmadığını deyir. Əməkdaşlığını məhdud sayda müğənnilərlə davam etdirən bəstəkar sənət meydanına çəkişmələrlə atılan gənclərin münasibətindən gileylidir. O düşünür ki, sənətə mübahisələrlə gələnlər elə bu cür meydanı tərk edirlər. Amma sənətə yüksək tələbat olduğundan onların daha betərləri əvəz edir. Şou-proqramların dəsti-xəttinin bu cür müğənnilərin meyarları üzərinə qurulduğunu deyən bəstəkar şou-biznesi alqı-satqı bazarı adlandırdı: "Efirdə dərəbəylikdir. Müğənnilər bir yana, indi hamı mahnı yazan olub. Şair , müğənni melodiya yazır.

Hamısı da məntiqsiz, mənasız, ömrü qısa olur. Belə mahnılar əslində, xarici estradadan oğurlanmış ifalardır. Elə bil ki, efir savadsızlar üçün işləyir. İstedadı olanlar imkansızlıq üzündən kənarda qaldığı halda, kompyuter vasitəsilə səslərini düzəldənlər hər gün reklam olunurlar. Bunun dəfələrlə şahidi olmuşam. İndiki müğənnilərə səsdən başqa hər şey lazımdır. Xarici görünüşlərinə bir az əl gəzdirib, üz tuturlar studiyalara. Körkəmli sənətkarın bir saata yazdırdığı mahnını bir aya can çəkə-çəkə yazdırıb bir il onu efir radioda fırladırlar. Onların səsini avaz üstündə deyil, dedi-qodu ətrafında eşidirik. Bir mahnıya, ən azından 10-15 çəkişməyə imza atırlar. Əslində, onların studiyada oxuduqları səs meydana çıxarılası deyil. Hər həftə efirlərdən saçyoldusuna çıxan həmin müğənnilərin səsini müasir texnologiya formalaşdırır. Adi notun tonallığını tuta bilmirlər. Amma yeri gələndə sənətdən ağızdolusu danışırlar. Son illər mədəniyyəti əhatə edən bir çox qanunlar qəbul edilir. Yeni qurumlar yaradılır. Amma müğənni ordusunun qarşısını alan, onları nizam-intizama salan bir şəxs görmürəm. Diqqət yetirin, canlı ifa tələb olunan konsert proqramlarında onların birinə rast gəlmək olmur. Həmin müğənniləri tədbirə çağıranda ilk soruşduqları bu olur - "fonoqram olacaq?"

Bədii şuranın yaradılmasının tərəfdarı olduğunu deyən bəstəkar qalmaqal vasitəsilə diqqəti sənətdən yayındıranların qarşısının alınmalı olduğunu diqqətə çatdırdı. Hazırda Rüfət Mehdiyev, İlqar Sail İzzət Bağırovla işləyən N.Əzimov əməkdaşlığını daha çox əcnəbi sənətçilər üzərində qurub. Bəstəkarın sözlərinə görə, tanınmış türk ifaçısı Ayda Pekkan N.Əzimovun bəstələrindən oxuduğu "Unutdun məni" "Alışdım artıq" mahnılarını yeni albomuna daxil edəcək. N.Əzimov bildirib ki, o, heç türk sənətçilərinə müraciət etmək niyyətində deyil. Ehtiyac olanda ifaçılar özləri ona müraciət edirlər.

 

Kaspi.-2007.-22 fevral.-S.17.