Qədim Şərq ansamblı ingilislərə konsert verib

Azərbaycanın Şərq muğam ansamblının üzvləri Böyük Britaniyada uğurlu konsert proqramı ilə çıxış ediblər. YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə eksperti, sənətşünaslıq elmləri namizədi Sənubər Bağırovanının APA-ya verdiyi məlumata görə, səfər London Universitetinin dəvəti ilə gerçəkləşib. Qədim Şərq mugam ansamblının bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının müəllimi, tanınmış dəf ustası Mahmud Salah, Mədəniyyət İncəsənət Universitetinin müəllimi, tarzən Elman Sadıqov, Respublika Muğam Müsabiqəsinin diplomantı Qoçaq Əsgərov Londonda muğam sənətimizi uğurla təbliğ ediblər. S. Bağırova bildirib ki, London Universiteti Musiqi Departamenti SOAS-da (Şərq Afrika Tədqiqatları Studiyası) Azərbaycan muğamları ilk dəfə səslənib. Bundan başqa Şərq muğam ansamblının üzvləri BBC radiosunda da çıxış ediblər. Bu, adı çəkilən radiostansiyanın tarixində ilk muğam proqramı olub.

Yeni Azərbaycan.-2007.-27 fevral-S.8.