Qocayeva A.
Möcüzə
yaradan usta Balabəy
Onun milli musiqi alətlərimizə
düzdüyü sədəf işinin təkrarı yoxdur
"İnsan əli
möcüzələr yaradır" deyənlər
yanılmayıblar. Ona da bu istedad
irsən atasından keçib. Nadir
bacarığa, incə zövqə və həssas duyuma malik
bu insan milli musiqi alətlərimizi əsl sənət
səviyyəsinə qaldırmaq arzusuyla hər kəsi öz
gözəlliyi ilə mat qoya biləcək əvəzsiz
nümunələr yaradır. Böyük ustalıqla
düzəltdiyi və sədəflə bəzədiyi dahi
şəxsiyyətlərin portretləri, böyük
şairlərimizin nəsihətamiz beytləri, milli
sərvətlərimizi əks etdirən rəsm
əsərləri, "Dədə Qorqud" boylarından
parçalar, milli ornamentlər olan müxtəlif musiqi
alətləri dünyanın bir sıra ölkələrinin
muzeylərində, o cümlədən Türkiyə, Rusiya,
ABŞ, Hindistan, İngiltərə və digərlərində
saxlanılır, nümayiş olunur. Söhbət
Bakının Balaxanı qəsəbəsinin sakini, milli musiqi
alətlərimizin nadir ustası və onları
məharətlə bərpa edən Balabəy Balabəyovdan
gedir. Usta Balabəylə aramızdakı
tanışlıq körpüsünü onun sənətinin
vurğunu, məşhur tarzən, Xalq artisti, professor
Ramiz Quliyev yaratdı. Ustanın təkrarsız sənəti
ilə bağlı Ramiz müəllimin fikirləri ilə
yaxından
- Ramiz müəllim, usta
Balabəylə tanışlığınız və onun
sənəti ilə bağlı fikirlərinizi bilmək
istərdik.
- 1988-ci ildə Bakıdakı 16
saylı musiqi məktəbində konsert verirdim. "Çahargah" muğamını ifa edirdim.
Birdən tarım şaqqıltıyla ortadan
partladı. Bu tar mənə
bağışlandığı üçün çox
əziz idi. Rəhmətlik Bala həkim incəsənəti,
sənətkarı sevən, onlarla daim ünsiyyətdə
olan bir adam idi və o, bu əhvalatı
eşidərək məni Balaxanıya, usta Balabəyin
yanına apardı. İçəri daxil olarkən divarlardan
asılmış əsl sənət nümnələri
ilə üzləşdim və elə ilk andaca usta
Balabəyin sənəti haqqında məndə yüksək
təəssürat yarandı. Sınmış tarımı
böyük həssaslıqla düzəldib mənə
verəndə və sonralar tar düzəltməyi sifariş
edəndə onda bir sıra nadir keyfiyyətlər aşkar
etdim. Balabəy musiqi alətlərini düzəldərkən
onun bütün xüsusiyyətlərinə, yəni hansı
ağacdan düzəltmək lazım olduğuna, səsinin
gözəl çıxması üçün hansı
xırdalıqlar edəcəyinə, alətin ümumi
gözəlliyinə və ayrı-ayrı detallarının zərifliyinə,
eyni zamanda, onun solomu, orkestrin, yaxud ansamblın
tərkibindəmi səslənəcəyinə xüsusi fikir
verir.
Azərbaycanda milli musiqi
alətlərimizi düzəldən və bərpa edən
ustad sənətkarlar çox olub. Balakəndə Aydın,
Şuşada Rəcəb, Məzahir, İdris,
Göyçədə kimya elmləri doktoru, həm
də bacarıqlı usta Pənah Qurbanov, Füzulidə Musa,
Bakı Musiqi Akademiyasında Güləli, Təzə
bazarın yanında emalatxanası olan Rəşid və
başqaları öz zərif işləri ilə
sayılıb-seçiliblər. Bakı Musiqi
Akademiyasında Azərbaycanın qədim musiqi
alətlərinin bərpası və
təkmilləşdirilməsi laboratoriyası fəaliyyət
göstərir. Onun rəhbəri Məcnun Kərimov
unudulmuş, itib-batmış qədim milli musiqi
alətlərinin adını və quruluşunu yazılı
mənbələrdən tapıb bərpa etməklə tarixi
iş görür. Bu vaxta kimi 11 musiqi alətini
bərpa edərək Qədim Milli Musiqi alətləri
ansamblını yaradıb. O, bu alətlərin
konstruktorudur.
Ancaq Balabəyin sənətini
bu ustaların hamısı yüksək qiymətləndirir
və onun musiqi alətlərinə çox həssaslıqla
yanaşmasını xüsusi vurğulayırlar. Doğrudan da, usta
Balabəyin sənətinin təkrarı yoxdur.
Balabəyi digər ustalardan
fərqləndirən ən mühüm
cəhətlərindən biri budur ki, o, milli musiqi
alətlərimiz olan tar, kamança, qaval, saz, dəf və
digərlərini yüksək zövqlə həm təmir
edir, həm yenisini düzəldir, həm də
təkrarsız gözəlliklə sədəfə tuta bilir.
Onun musiqi alətlərinə düzdüyü
sədəf işinin təkrarı yoxdur.
- Ramiz müəllim, usta Balabəy
çox güman ki, musiqi alətlərini
düzəldərkən hansı ağac növündən
istifadə etməyin lazım olduğunu yaxşı bilir?
- Doğrudur, musiqi alətinin
gözəl səslənməsi üçün bu, əsas
şərtdir? Məsələn, tarı hər
ağacdan düzəltməzlər. Yəni tar qoz,
fısdıq, qovaq ağacından da düzəldilə
bilər. Ancaq əsl tarın çanaq
hissəsi yaxşı gün görmüş Qarabağ tut
ağacından, qol və kəllə hissələri qoz
və ya fısdıq ağacından, aşıqları
isə armud ağacından hazırlanmalıdır. Hətta tut ağacının hansı
hissəsindən, ustanın bacarığından və
mizrabın vurulmasından da çox şey
asılıdır. Bütün bunların
fövqündə isə onu səsləndirənin
ustalığı durur. Tar zaman-zaman ustad
tarzənlərin əlində, xüsusilə zəngin
muğamlarımızın öz sirlərini bəyan
etməsinə gözəl vasitəçi olub.
Balabəyin digər ustalardan
üstünlüyü həm də ondadır ki, o, klassik
ustalıq nümunələrini qoruyub saxlamaqla yanaşı,
özünəməxsus yeniliklər edən, axtarışlar
apararaq işə yaradıcı yanaşan bir
sənətkardır. Musiqi alətində ifaçıya mane
olan nəsə varsa, onu aradan götürməyi bacaran
peşəkar insandır.
2006-cı ildə Balabəy
mənə böyük ustalıqla düzəldilmiş
və üstü yüksək zövqlə
bəzənmiş bir tar göstərdi. Əsl
sənət əsəri kimi gözəlliyindən
heyrətə gəldim. Tarın
üzərində dahi Nizaminin portretini, onun
"Xəmsə"sindən şəkilləri və
nəsihətamiz beytləri sədəflə elə
işləyib ki, dünyada ikinci belə sənət
əsəri yoxdur. Dünya musiqi alətləri
içərisində bu tar mən deyərdim ki,
bəşəriyyətin şah əsəridir. Onun haraya
veriləcəyi isə başqa söhbətin mövzusudur...
Balabəydə
zərgərlik, rəssamlıq və ustalıq
sənətləri birləşib və bu bacarıqların
sayəsində təkrarsız musiqi alətləri
düzəldir, təmir edir və onları sədəflə
bəzəyir.
Balabəy Azərbaycanda
yeganə ustadır ki, onun düzəltdiyi sənət
nümunələri dünya arenasına çıxıb.
YUNESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın 2005-ci ildə milli sərvətimiz olan
muğamlarımızı bu mötəbər qurum
səviyyəsinə qaldırması və "Muğam
Mərkəzi"nin yaradılması
istiqamətində atdığı addımlar Balabəy kimi
sənətkarlarda böyük ruh yüksəkliyi yaratdı.
Balabəy nadir usta olmaqla
bərabər, həm də gözəl insan,
qayğıkeş ailə başçısı, 3 övlad
atasıdır. Övladlarında indidən atalarına
məxsus istedad hiss olunmaqdadır.
Balabəyin sənəti daim
yaşayacaq və dünya muzeylərini
bəzəyəcək.
Ramiz müəllimin usta Balabəy
haqqında bu dediklərindən sonra onunla
görüşmək marağımız daha da artdı.
Təbiətcə sadə, utancaq və özü haqqında
o qədər də danışmağı sevməyən usta
Balabəydən bir neçə sualımıza cavab ala bildik.
- Usta, bu sənətlə nə
vaxtdan məşğul olmağa başlamısınız?
- 1986-cı ildən bu işlə
məşğulam. Əvvəllər
şəhərin mərkəzində bir emalatxanam da vardı,
lakin sonralar Balaxanıda, öz evimdə
işləməyə üstünlük verdim.
- Sənətin, sənətkarın
xiridarı mərhum prezidentimiz Heydər Əliyevə iki tar bağışlamısınız.
Bəlkə onun tarixçəsini
danışasınız?
- 1993-cü ildə Heydər
Əliyev Fransaya getməmişdən bir gün əvvəl
mənim düzəltdiyim və üstündə milli
sərvətlərimiz əks olunan tarı ona göstərirlər.
O qədər xoşuna gəlir ki, götürüb Fransaya
aparır və dostluq rəmzi kimi prezident Mitterana
bağışlayır. Elə bu
Heydər Əliyevə ikinci
tarı isə 1994-cü ildə ad günündə Nizami
rayonunda zəhmətkeşlərlə görüşü
zamanı bağışlamışdım. Tarın
üzərində sədəflə Heydər Əliyevin
portretini işləmiş, çox zərif milli
naxışlarla bəzəmişdim. Prezident çox
heyranlıqla
- Usta,
tanınmış ifaçılardan kimlərə milli musiqi
alətləri düzəltmiş, onlara sədəf
düzmüş və ya təmir etmisiniz?
- Hal-hazırda
ekranda gördüyünüz və sədəfə
tutulmuş musiqi alətlərinin əksəriyyəti
mənim işimdir. Elə Ramiz müəllimin və oğlu
Əyyubun da tarlarını mən düzəltmiş və
sədəflə bəzəmişəm. Ramiz müəllimin
tarını düzəldəndən sonra çox
sənətkar yanıma gələrək deyir ki, bizə
də Ramiz müəllimin tarından düzəlt. Elə
bilirlər ki, tarı yaxşı düzəltməklədir,
daha demirlər ki, əsas şərt tarı yaxşı
çalmaqdadır.
2000-ci ildə
Bakıda keçirilən "Xalq
yaradıcılığı" müsabiqəsində
iştirak edərək 1-ci yeri tutmuş və "Diplom"a
layiq görülmüşəm. O müsabiqə
üçün saz düzəldərək
üzərində sədəflə "Dədə
Qorqud" boylarından parçalar işləmişdim.
Həmin saz hazırda Türkiyə muzeylərinin birində
saxlanılır.
- Hazırda
nə üzərində işləyirsiniz?
-
Üzərində dahi Nizaminin "Xəmsə"sindən
şəkillər və nəsihətamiz beytlər olan
kamança aləti üzərində işləyirəm.
Bunun da haraya veriləcəyi sonranın mövzusudur.
-
Qollarınız yorulmasın, usta.
Kaspi.- 2007.- 22 fevral.- S. 16.